5037
10:20
08 Fevral 2020

Havanın kəskin dəyişəcəyi ilə bağlı daha bir XƏBƏRDARLIQ

Bakı şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərin qonaqlarına müraciət edib.

İcra hakimiyyətindən Lent.az -a bildirilib ki, gecədən başlayaraq hava kəskin dəyişəcək, fevralın 9-dan 10-u gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, bəzi yerlərdə qarın intensiv yağacağı gözlənilir. Havanın temperaturu aşağı enəcək, yolların buz bağlayacağı ehtimal olunur.

Bununla əlaqədar əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə edilir.

Bakı şəhər İcra Hakimiyyəti paytaxtın bütün idarə və təşkilatlarına hava şəraiti ilə bağlı xəbərdarlıqlar edib, şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamentinin və digər qurumların xüsusi texnikası, qar təmizləyən nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib. Həmin günlərdə paytaxtın bütün kommunal və texniki xidmətləri gücləndirilmiş iş rejimində çalışacaqlar.