19:48
15 Yanvar 2020

“Şah” plovunun hazırlanması: Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla ”Şah” plovunun necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

500 qram uzun düyü, 600 qram yağlı quzu əti, 80 qram aş turşusu, 120 qram ərik qurusu, 50 qram kişmiş, 180 qram şabalıd, 7 ədəd böyük lavaş, 1 stəkan ərinmiş kərə yağı, zəfəran, 1 çimdik duz, qara istiot, sarıkök zövqə görə.

Hazırlanması:

Əvvəlcə düyünün üzərinə 1 xörək qaşığı duz və su əlavə edib kənarda 2 saat saxlayırıq. Zəfəranın üzərinə su alıb kənarda dəmləməyə qoyuruq. Soğanı təmizləyib, doğrayıb qovururuq. Soğanlar qovurulana yaxın duz və sarıkök əlavə edib qarışdırıb, boşqaba yığırıq. Soğanı qovurduğumuz tavaya əti doğrayıb əlavə edirik. Ət də bir az qovurulduqdan sora duz və qara istiot vurub qapağını örtüb 15-20 dəqiqə bişiririk.

Əti tavadan yığıb, kişmişi, şabalıdı, turşunu və ərik qurusunu töküb birlikdə qovururuq. Ocağa su qoyub qaynadırıq. Qaynayan suya duz və islatdığımız düyünü töküb bişiririk. Düyü bişdikdən sonra süzüb hazırlayırıq. Bunun üçün qazanın dibini yağlayırıq, sonra lavaşları yağlayıb tavanın alt və kənar hissələrinə düzürük. Üzərinə düyünün yarısını əlavə edib dəmlədiyimiz zəfərandan tökürük. Qovurduğumuz əti, soğanı, turşunu, ərik qurusunu, kişmişi, şabalıdı və zəfərandan töküb düyünün qalan hissəsini əlavə edirik. Lavaşları qatlayıb üzərinə yağ çəkib, 180 dərəcəli sobada 2 saat dəmə qoyuruq. Plov hazır olduqda sobadan çıxarıb süfrəyə veririk.

Nuş olsun!

Dİgər xəbərlər