4386
11:50
07 Yanvar 2020

Sosial kirayə mənzillərə müraciətlər nə üçün başlamadı? - RƏSMİ CAVAB

2019-cu il dekabr ayının ikinci yarısından sosial kirayə mənzillərin əldə edilməsi üçün vətəndaşların müraciətlərinə başlanılacağı barədə yerli KİV-də geniş məlumatlar yayılsa da, proses baş tutmadı.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə Lent.az -a bildirib ki, prosesin nə vaxt başlayacağı hələ ki məlum deyil:

“Kirayə mənzillərin satış prosesinə dekabr ayında başlanılması planlaşdırılsa da, müəyyən işlər yekunlaşmadığına görə baş tutmadı.

Müraciətlərin nə vaxt başlayacağı barədə isə rəsmi heç bir məlumat yoxdur. Bununla bağlı yenilik olanda ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2019-cu il yanvarın 25-dəki fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydası” təsdiq edilib.

Fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.