İrlandiya qanunvericiləri 2030-cu ildən ölkə ərazisində dizel və benzinlə işləyən avtomobillərin satışına qadağa nəzərdə tutan sənəd üzərində fəal iş aparır.
Lent.az bildirir ki, xarici mətbuatın yazdığına görə, bu təşəbbüs karbon qazı tullantılarının atmosferi çirkləndirməsini azaltmaq hesabına ekoloji vəziyyəti yaxşılaşdırmaq cəhdi ilə bağlıdır.
İrlandiyada elektriklə işləyən və hibrid avtomobillərə keçid etmək planlaşdırılır ki, bu da ətraf mühit üçün daha təhlükəsiz varian hesab olunur.
Qanun qüvvəyə minəndə, əgər maşınlar yeni tələblərə cavab verməyəcəksə, sahibləri onları qeydiyyatdan keçirə bilməyəcəklər.
İrlandiya hökuməti ölkədəki ekoloji vəziyyətlə bağlı ciddi narahat olub. Dizel və benzinlə işləyən avtomobillərə qadağadan əlavə, kütləvi şəkildə (təxminən 70 faiz) bərpa olunan enerji mənbələrinə keçid planlaşdırılır. Ən uyğun variantlar günəş panelləri və külək generatorlarıdır.
Yeri gəlmişkən, oxşar tendensiya digər ölkələrdə də müşahidə olunur: Böyük Britaniya hökuməti dizel yanacağı və benzinlə işləyən nəqliyyatdan 2040-cı ildə imtina etmək qərarına gəlib. Niderland qanunvericiləri isə bu yanacaq növləri ilə işləyən avtomobillərdən 2030-cu ildə imtinanı nəzərdə tutan layihəni təsdiqləyiblər.