Amerikalı astronavt qadın orbitdə fasiləsiz qalma rekordunu yeniləyib.
ABŞ-ın astronavtı Kristina Koh qadınlar arasında Beynəlxalq Kosmik Stansiyada (BKS) fasiləsiz qalma müddəti üzrə rekord müəyyən edib.
Lent.az dünya mətbuatına istinadən xəbər verir ki, kosmonavtın BKS-də fasiləsiz qaldığı 289-cu gün tamam olub. Kristina Koh bu il martın 14-dən Beynəlxalq Kosmik Stansiyadadır.
İndiyədək həmin göstərici üzrə rekordu 2017-ci ilidə amerikalı Peqqi Uitson əldə edib. O, orbitdə fasiləsiz olaraq 288 gün qalmışdı.
Bir qədər əvvəl ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) Kristina Kohun BKS-də missiyasının 2020-ci ilin fevral ayına qədər uzadıldığı barədə məlumat yaymışdı. Beləliklə, onun orbitdə fasiləsiz qalma müddəti 328 gün təşkil edəcək.