16:38
28 Dekabr 2019

Ölkəyə qanunsuz şəkildə qızıl məmulatları keçirmək istədilər

Qızıldan hazırlanan pul sikkələri və külli miqdarda zərgərlik məmumatlarının ölkəyə keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Lent.az -a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıldan hazırlanan pul sikkələrinin və külli miqdarda zərgərlik məmulatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Belə ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı aparatdan keçərkən, üzərində gömrüyə bəyan olunası əşyaların olması barədə gömrük əməkdaşında şübhə yaranıb və ona ayaq nahiyəsində olan əşyanı təqdim etməsi təklif edilib. Bu zaman hər iki ayağında olan corabın içərisindəki 2 ədəd bükümdə ön tərəfində "Elizabeth II Australia 100 dollars" sözləri, arxa tərəfində isə "Australian Kangaroo 2019 1oz 9999 gold" sözləri həkk olunan, gömrük nəzarətindən gizlədilən, 20 ədəd ümumi çəkisi 622,15 qram olan qızıl sikkələr aşkarlanıb.

İstanbul-Bakı aviareysi ilə gələn digər Azərbaycan Respublikası vətəndaşı isə “Yaşıl Kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyəndə gömrükçülər tərəfindən saxlanılıb və “Qırmızı Kanal”a yönləndirilib.

Vətəndaşa məxsus əşyalar rentgen aparatından keçən zaman monitorda şübhəli əşyaların təsviri görünüb. Yoxlama zamanı xanım vətəndaşa məxsus çantanın içərisindən və üzərindən əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, elektron və yazılı şəkildə bəyan etmədiyi, ümumi çəkisi 87 qram olan zərgərik məmulatları - 5 cüt sırqa, 5 ədəd qolbaq, 1 ədəd sırğa-üzük-kulonlu boyunbağı, 3 ədəd qızıl boyunbağı, 2 ədəd üzük, 3 ədəd kulon aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər