Nəsimi ilində dərisi soyulan uşaqlar
23 dekabr 2019 16:06 (UTC +04:00)

Nəsimi ilində dərisi soyulan uşaqlar

 

Sizi bilmirəm, mənim üçün Hələb şəhəri Nəsimi ilə assosiasiya olunub həmişə. Çünki bu şəhərin adını ilk dəfə “Nəsimi” filmində, İmadəddin Nəsiminin edam edildiyi yer olaraq eşitmişəm. O vaxt mənim... beş, altı, yeddi, bəlkə də on yaşım var imiş. Bunu indi dəqiq deyə bilmirəm, dəqiq bildiyim ikicə məqam var. Birincisi, “Nəsimi” filminin mənimlə yaşıd olması, ikinci bildiyim isə mənim o filmə ilk baxdığım və Hələb adını ilk dəfə eşitdiyim yaşdadırlar indi Suriyadakı əsir düşərgələrində saxlanılan uşaqlar.

Azərbaycanlı uşaqlar!

Mənim dəqiq yadımdadır, Nəsiminin dərisi soyulan səhnəni izləyərkən cəlladın ilk bıçaq çəkməsi, yerə sıçrayan ilk qan damcıları gözlərimə dolan anda mən də həmin səhnədəki bütün adamlar kimi içimi çəkib bir addım geriyə çəkilmişdim televizorun ekranından.

Mənim dəqiq yadımdadır, nənəm məni zorla ovutmuşdu, o məkanın da, o zamanın da bizdən çox, çox, lap çox uzaqda olduğunu demişdi.

Mən də əzbərləmişdim “Hələb” kəlməsini. Adamların edam olunduğu, dərisi soyulduğu bir yer kimi hopmuşdu yaddaşıma. Nəsiminin şair olduğuna görə edam edildiyini biləndə isə atamın da şeir yazdığını düşünüb dəhşətə gəlmişdim. Amma həm də sevinmişdim ki, atam bunu gizlində edir, yazdıqlarını kimsəyə göstərmir.

***

- Axı niyə öldürdülər onu?

- Şair imiş də, deyirmiş ki, “Mən Allaham”,  - demişdi atam.

- Yalan deyirmiş?

- Əlbəttə! Adam da Allah ola bilər? – deyinmişdi nənəm.

- Allah olmaq nədir ki? Məktəbdə oxumaq?

- Yox, şeir yazmaq, - gözlərinin içindən gülmüşdü atam.

- Allahu Əkbər! – demişdi nənəm, - şeir yazanlar adam olub adamlara qoşuldular, qaldı Allah olmaqları!

O qədər cəlbedici idi ki Nəsimi!

Şeir yazırmış, şair imiş, Allah olduğunu deyirmiş.

Şair olmaq nədirsə, adam olmaq deyilmiş, Allah olmaq da olmazmış.

Dərisini soyarmışlar yoxsa!

Özü də Hələbdə... Suriya adlı bir ölkədə. Bizdən çox, çox, lap çox uzaqda...

***

Çox qorxurdum müharibələrdən.

Sovet məktəblisi kimi daim izlədiyim dava filmləri nə qədər pozitiv notlarla bitsəydi belə, yenə də dindar nənəmin daim axır-zaman və su basqını, ateist atamın isə qaçılmaz olan nüvə müharibəsi söhbətləri beynimi cızıq-cızıq edirdi. Bəlkə də hər gecə ya su basqını, ya nüvə partlayışı görürdüm yuxularımda. Nə üçünsə su basqınları dağlar tərəfdən, nüvə alovu dəniz tərəfdən görünərdi hər dəfə. Mən isə qorxardım... Bapbalacaydım axı. Beş, altı, yeddi, bəlkə də on yaşımda... İndi Suriyadakı əsir düşərgələrində saxlanılar uşaqların yaşında yəni. Azərbaycanlı uşaqların...

Sonralar dindar nənəmlə ateist atam arasında formalaşmaqda olan yeniyetməlik psixikama daha bir travma yaşatmışdı “Nəsimi” filminin ssenari müəllifi olan Muğanna - İsa Hüseynov.

“İDEAL” adlı bir əsər yazmışdı və mən o əsərdə yenə də o şəhərin adını oxumuşdum – Hələb.

“Nəsiminin dərisi soyulan vaxt Hələbin səkkiz darvazasının səkkizindən də dipdiri Nəsimi görünüb itmişdi. Cünglər, təzkirələr doludur bu məlumatla...” yazmışdı Muğanna.

Bu sözlərdən sonra Hələbə nifrətim, Hələbdən qorxum Hələbə maraqla əvəzlənmişdi. Görmək istəmişdim o sirli-sehrli şəhəri, o şəhərdəki Nəsimi məqbərəsini.

Mən həmin vaxt artıq on beşinci yaşımın içində idim və hardansa ürəyimə, ürəyimdən də vərəqlərə hər gün su kimi axan şeirlər yazırdım.

“...burdan çox-çox uzaqlarda bir şəhər var,

O şəhərdə mənim yaşda bir qız yaşar,

Saçları mənimki tək,

Gözlərimiz də birdi,

Əkiz tayımdı sanki,

İlahi, bu nə sirdi?

Mən hər səhər oyananda şən quşların nəğməsiylə

O oyanır güllə, mərmi, top səsiylə...”

Atam deyirdi ki, Hələb dünyanın sakit, gözəl şəhərlərindən biridir, Nəsiminin məqbərəsini də gedib görən, çəkən sovet adamları var. Məşhur şairlər, müğənnilər, elm adamları görüblər oranı. Məhz bu zaman ilk dəfə acığım tutmuşdu atama, şeirlərini gizli saxladığı üçün, şairliyini rədd etdiyi üçün. Belə etməsəydi, indi o da məşhur şairlər kimi Hələbə gedə biləcəkdi, məni də aparacaqdı özü ilə, mən də Hələbin məşhur meydanında dayanıb gözlərimi yumardım, səkkiz darvazanın hər birinə eyni anda yumulu gözlərimlə baxıb hər birindən dipdiri Nəsiminin görünüb yoxa çıxdığını izləyərdim...

Su kimi axardı misralar Hələbin qanla boyanmış meydan döşəməsinə:

“Haqq səsi var hər şeirdə,

Nə qəm, duyulmasam Yerdə?

Soyulmuşam bir yol,

Bir də soyulmağa dərim yoxdu...

Mən göylərin uşağıyam,

Yerdə mənim yerim yoxdu...”

Ağlayacaqdım sonra...

Məşhur şair olub dərisi soyulan şairin uyuduğu yeri görmək istəmişdim artıq.

Və SSRİ dağılmışdı. Artıq mən məşhur sovet şairi ola bilməyəcəkdim. Bunu istəməyə də imkanım olmayacaqdı. Artıq mənim öz vətənimdə öz yaşıdım olan qızlar hər səhər oyanırdılar güllə, mərmi, top səsiylə... Şuşadakı qızlar, Xocalıdakı qızlar, Ağdamdakı, Ağdərədəki, Zəngilandakı, Ağcabədidəki... İlahi, bu nə sirr idi?

***

İndi nə dindar nənəm var, nə ateist atam, nə də sovet məktəblilərinin baxdığı dava filmləri. Daha yuxu da görmürəm. Ya da nə vaxtsa yatıb oyanmamışam, hələ də yuxudayam elə...

İndi hər gün hər tərəfdə canlı-canlı, dirigözlü izləyirik bizimlə eyni zamanda yaşanan müharibələri. Atamın yaşıdı olan ateist nənələri mənim yaşıdım olan dindar atalar əvəz etdikcə məkanlar da çox, çox, lap çox uzaq görünməyəcəkmiş sən demə. Sən demə, aparacaqlarmış o atalar o nənələrin gözəl-gözəl qızlarını, şirin-şirin nəvələrini uzaq-uzaq ölkələrin dava dolu şəhərlərinə, aparıb da öləcəklərmiş orada, saxlayacaqlarmış taleyin, güllə, mərmi, top səsli səhərlərin, qanla suvarılmış şəhərlərin ümidinə onları. Əl-Holl düşərgəsində, Roj düşərgəsində və sair və ilaxır...

İndi atamın təsvir edib mənə sevdirə bildiyi Hələb yoxdur artıq. Bombalardan darmadağın olub, xarabalığa dönən qan qoxulu, ölüm yuxulu, kabus kimi bir şəhər var. İndi nənəmin mənə “bizdən çox, çox, lap çox uzaq” deyib məni ovutduğu “oralar”da mənim o vaxtkı yaşımda olan bapbalaca uşaqlar var, İlahi... beş, altı, yeddi, bəlkə də on yaşında... Azərbaycanlı uşaqlar!

İndi mən sovet məktəbliləri üçün olan kənd kinoteatrının nəhəng ekranından deyil, ovcumun içindəki xarici telefonun cıqqılı ekranından izləyirəm müharibələri, onların fəsadlarını. Dünya ovcumun içindədir indi, İlahi və ovcumun içindən qan damır, çarmıxdakı İsanın ovcunun içindən axan kimi, İlahi, edamdakı Nəsiminin topuğundan axan kimi...

İndi mən quru, soyuq, rəqəmsal xəbər sətirlərindən oxuyuram bu dəhşətli rəqəmləri, İlahi! Təkcə Əl-Holl əsir düşərgəsində 250 azərbaycanlı azyaşlı uşaq var, onların 38-i tamamilə yetim, tamamilə kimsəsizdir, İlahi... hər gün gözləri yolda, qulaqları səsdə, hər səhər güllə, mərmi, top səsiylə oyanırlar, bizdən çox, çox, lap çox...mu uzaqda???

İndi mən beş, altı, yeddi, bəlkə də on yaşlarındakı özümü görürəm onların arasında, ora qaçır, bura qaçır, sağ qalmaq, xilas olunmaq, ondan çox, çox, lap çox da uzaq olmayan insanların himayəsinə qısılmaq, yaşamaq, yaşamaq, yaşamaq istəyir.

İndi mən hər gün hər yerdə keçirilən Nəsimi tədbirlərinin nə üçün soyuq və Nəsimiyə xas olmayan ruhsuzluqla keçdiyinin səbəbini anlamağa başlayıram, İlahi...

O ruh rahat deyil çünki, şad deyil, azad deyil...

Əsirdir mənim “kömür gözlü, kəhrəba üzlü” Nəsimimin ruhu Suriyada. 650 ildən sonra yenə də hər gün edamını gözləyir, hər gün... güllə, mərmi, top səsiylə.

Hələb ətrafında dərisi soyulan uşaqların hər gün xilaslarını gözlədikləri kimi.

İlahi, o ruhu şad et...

İlahi, Nəsiminin ruhunu azad et...

Hələb, mənim ölkəmin insanları sənin deyil, sənin deyil, sənin deyil, qorxulu şəhər...

Cavi Dan

# 1813
avatar

Oxşar yazılar