Moskva Prokurorluğunun əməkdaşı Qalina Matuseviçin işi üzrə şok detallar üzə çıxıb. O, bir müddət əvvəl əmisini gizlətməkdə ittiham edilərək həbs edilib. Belə ki, prokurorun əmisi nişanlısı olan azərbaycanlı musiqiçini öldürüb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, qadın prokurorun iddiasına görə, nişanlısı onu döyürmüş və o, əmisindən sadəcə onunla danışmağı xahiş edib. Danışıq alınmadığı üçün qohumun güc tətbiqi nəticəsində ölüm baş verib.
Lakin prokurorluq əməkdaşının hadisədə birbaşa iştirakı ilə bağlı şübhələr aradan qalxmamışdı. Son günlərdə ən ağır ehtimalların təsdiqləndiyi məlum olub.
Hüquq-mühafizə orqanları iş üzrə tərəflərin danışıqlarının yazılarını əldə edib. Məlum olub ki, qohumlar Qalina Matuseviçlə birlikdə zərərçəkmişi məqsədli şəkildə tələyə salıblarmış.
İstintaqa görə, hadisənin təşkilatçısı prokurorluq əməkdaşının anası Rozaliya Matuseviç olub. O, qızı ilə birlikdə nişanlını necə zərərsizləşdirmək barədə danışıb: elektroşoker və ya xüsusi dərman vasitəsindən istifadə müzakirə olunub. Nəticədə sonuncu variant seçilib. Musiqiçiyə kafedə yuxu gətirən maddə verildiyi və onun tənha ünvana aparıldığı bildirilir.
Məlumata görə, azərbaycanlı müğənni hadisədən sonra hələ sağ imiş. Daha sonra avtomobil yandırılıb, cinayətin baş verdiyi tərk edilmiş məkan isə izləri gizlətmək məqsədilə yenidən rənglənib.
İstintaqın versiyasına görə, motiv Matuseviçin nişanlısının onun barəsində kompromat materiallara malik olması olub.