10:39
23 Dekabr 2019

"Millimiz çox zəifdir, çünki futbolçu tapılmır" - Saşa Yunisoğlu

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlunun apasport.az saytına müsabibəsi

- Azərbaycan yığması müəyyən müddətdir baş məşqçisizdir. Komandamızın çalışdırıcısı Nikola Yurçeviçin postundan göndərilməsini necə dəyərləndirərdiz?
- Onun istefaya göndərilməsi düzgün qərar idi. Yurçeviçin qarşısına millimizi AVRO-2020-ə çıxarmaq məqsədi qoyulmuşdu. Təəssüflər olsun ki, hələ dünyada heç bir komandaya 1 xala görə mərhələ adlamaq şansı verilmir (gülür).

- Xorvatiyalı mütəxəssisin millidəki fəaliyyəti ilə bağlı nə deyə bilərsiz? Tsikldə bir xaldan artıq yığmaq olardı, yoxsa Yurçeviç deyil, başqa məşqçi olsaydı da bu cür alınacaqdı?
- Onun fəaliyyətini necə dəyərləndirək ki? Cəmi bir xalla kifayətlənməyimiz, dünya reytinqində ən zəiflər arasında yer almağımız, komandada oyunçular arasında gərginlik və bunun nəticəsində millinin matçları mübarizəsiz, əzmsiz, istəksiz, həvəssiz keçirməsi bütün Azərbaycanı məyus etdi. Ona görə də Yurçeviçin işini çox pis qiymətləndirirəm. Onun yerində başqası olsaydı necə edərdi, nə olardı, onu da bilmirəm. Əslində bu haqda səhərə kimi fikirləşə bilərik, amma nə mənası var ki?

- Azərbaycan millisi hazırda çox pis dönəmini yaşayır. Əsas problem nədədir, niyə yığma komandamız bu qədər zəif təsir bağışlayır? Hərdən adama elə gəlir ki, milli sanki Malta və San-Marinonu da uda bilməz...
- San-Marino və Maltanı udmasaq, onda gərək Azərbaycanda futbolu birdəfəlik “bağlayaq” və gedək başqa işlə məşğul olaq. Bu barədə ən pis halda fikirləşmək istəmirəm. Nəticələr göstərir ki, millimiz çox zəifdir. Buna təəssüflənirəm. Məncə, əsas səbəb oyunçular arasında rəqabətin olmamasıdır. Çünki futbolçu tapılmır. Millidə oynayan bilir ki, formasından asılı olmayaraq həmişə milliyə dəvət ediləcək. Ona görə də görüşlərdə gücünün 100 faizini sərf etmirlər. Millidəki legionerlərimiz haqda ümumiyyətlə danışmaq istəmirəm. Onlar sadəcə pula görə komandamıza gəlir və oyunları yola verirlər.

- Robert Prosineçkinin adı yenidən yığma ilə hallanır. Onun yenidən əsas komandaya qaytarılması millimizə xeyir verə bilər?
- Xarici məşqçi olacaqsa, məncə, elə ən yaxşı variant Robert Prosineçkidir. Çünki o, artıq Azərbaycan futbolunu bilir. Nəticə üçün 2-3 il əlavə vaxt istəməyəcək. Ancaq yığmada yerli məşqçi işləsə yaxşı olar. Ən azından burada yaşayır, oyunçuların işlərindən yaxından maraqlana bilir, mentalitetə bələddir.

- Yerli mütəxəssislərdən daha çox Samir Abasov və Tərlan Əhmədovun adı önə çəkilir, onlar namizəd göstərilir. Onların milli perspektivini necə qiymətləndirərdiz?
- Hər ikisi millidə işləmək gücündədir. Hətta bu iki məşqçidən başqa millidə işləyə biləcək azərbaycanlı görmürəm. Onlar çox həvəslidir, xarizmatik, impulsiv və istəklidir. Məncə, hazırda millimizdə məhz həvəs və istək çatışmır. Həm Tərlan, həm də Samir komandaya müsbət impuls verə biləcək məşqçilərdir.

- Ölkənin ən güclü mütəxəssisi hesab edilən Qurban Qurbanov millidə uğurlu nəticə qazana bilmədi. Yəni onun edə bilmədiyini Tərlan Əhmədov və ya Samir Abasov bacaracaqmı?
- Bəli, nəticələrə görə Qurban Qurbanov son illərdə Azərbaycanın ən yaxşı məşqçisi sayılır. Ancaq ölkəmizdə ən səviyyəli legionerlər də məhz “Qarabağ”dadır. Komandadakı azərbaycanlı futbolçular da ən yaxşılardır. “Qarabağ”ın transfer bazarında işləri çox uğurludur. Bunun nəticəsində də uğur gəlir. Milli isə “Qarabağ” deyil. Ona görə bəlkə də Qurban Qurbanovun işləri istədiyi kimi getmədi. Ancaq ona vaxt verilsəydi, bəlkə də nəsə edə bilərdi. Yenə də nə olardı, nə olmazdı müzakirəsini etmək yersizdir. Digər mütəxəssis nə edə biləcək, bunu yalnız ona şans veriləcəyi təqdirdə görə bilərik. Məncə, Tərlan Əhmədova ya da Samir Abasova bu şansı verməyə dəyər.

- Əsas məsələlərdən biri də futbolçularımızın legioner həyatına üstünlük verməməsidir. Nəyə görə onlar xaricə yollanmaq istəmirlər?
- Azərbaycan futbolunun reytinqi çox aşağıdır. Səviyyəli, bahalı çempionatlarda bizim futbolçulara maraq yoxdur. Onlar gedib Afrika ölkələrindən, Cənubi Amerikadan oyunçu gətirirlər, Azərbaycandan dəvət etmirlər. Bizim futbolçuları yalnız ortabab, ucuz çempionatlara dəvət edə bilərlər. Rumıniya, Bolqarıstan, Xorvatiya, Çexiya və Polşa kimi ölkələrə getmək şansları var. Ancaq bunun üçün orada özünü hər məşqdə, hər oyunda 100 faiz yox, 200 faiz doğrultmalısan. Bizimkilər məhz buna hazır deyillər. Niyə xaricə getsinlər ki? Burada istədiyin qədər pul verirlər, hamı səni tanıyır, rəqabət elə də güclü deyil, məşqlərdə heç 80 faiz çalışmaq lazım gəlmir, evinin içində oynayırsan. Elə bax bunlara görə heç bir futbolçumuz xaricə getmir və getməyəcək də. Hərdən kimsə çaşıb gedəcək və oralarda çox qalmayaraq geri dönəcək.

- Vaxtilə Polşada legioner həyatı yaşamısız. İndiki futbolçuların xaricə yollanması üçün hansı məsləhəti verərdiz?
- Mən Polşaya gedəndə 21 yaşım var idi. UEFA kubokunda “MKT-Araz”da oynayarkən kapitan sarğısı daşıyırdım. Polşanın “Qrotslin” klubu ilə gücümüzü yoxladıq. İki matçın nəticəsinə görə 0:1 hesabı ilə uduzmuşduq. Həmin qarşılaşmalarda çox yaxşı oynamışdım. Elə məhz həmin görüşlərdən sonra rəqib məni istədi. İki ilə yaxın Polşada oynadım, daha sonra “Bakı”nın prezidenti Hafiz Məmmədov məni bu komandaya dəvət etdi. Onlara “yox” deyə bilmədim və Azərbaycana qayıtdım. Mən Ekstraklasa klubunda olanda Robert Levandovski birinci liqada oynayırdı. Amma iki ilə yüksək liqaya qalxdı və oradan da “Borussiya”(Dortmund) klubuna yollandı. Belə çempionatlar futbolçular üçün çox yaxşı təkandır. Lakin sən özünü hər gün doğrultmalısan. Məşqlərdə və oyunlarda çox işləməlisən. Çünki orada səni heç kim tanımır, hər gün oynamağa layiq olduğunu hamıya sübut etməlisən. Bu isə çox çətindir. Xaricə gedən uşaqlar buna hazır olmalıdır.

Dİgər xəbərlər