“Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-ci ildən imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edir”.
Mərkəzin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Lent.az-a bildirib ki, bu texnologiya imtahana giriş zamanı iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir:
“Xatırladım ki, ötən il pilot layihə kimi “Face Recognition” texnologiyasından paytaxtın bir neçə məktəbində və bəzi regionlarda baş tutub. Bununla da sözügedən yerlərdə abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsinin qarşısı tam alınıb və layihə uğurla həyata keçirilib”.
X.Xanlarzadə qeyd edib ki, hazırda həmin texnologiyanın məktəblərdə daha geniş tətbiq edilməsi ilə bağlı müzakirələr gedir:
“Respublikanın bütün imtahan binalarında bunun tətbiqi üçün əlavə qurğular alınmalı, quraşdırılmalı, eyni zamanda insan resursları da cəlb edilməlidir. Bu isə DİM-in vəziyyətini çətinləşdirir və maliyyə itkilərinə səbəb olur. Buna baxmayaraq, çalışacağıq ki, bu mövzuda gələn ildən texnologiyanın tətbiqinin genişlənməsi istiqamətində addımlar atılsın”.
Xatırladaq ki, DİM dünən mövzu ilə əlaqədar abituriyentlərə müraciət edərək, xəbərdarlıq etmişdi.