Mavi gəlinlik, şəhid olan arzular, “Qəlbimdə qaldın”... REPORTAJ
09 dekabr 2019 12:03 (UTC +04:00)

Mavi gəlinlik, şəhid olan arzular, “Qəlbimdə qaldın”... REPORTAJ

Özündən əvvəl səhnəyə “Bülbüllər”i çıxmışdı. “Heyratı” üstündə maraqlı kompozisiya təqdim etdilər. Səhnə maviyə bülənd olmuşdu, rəngbərəng gül-çiçəklə bəzədilmişdi, amma mavisi daha çox. Həvəsləri istedadlarına, istedadları həyəcanlarına qarışmış yeniyetmələr – “öhdəsindən gəldik” rahatlığı ilə səhnədən çəkiləndə aparıcı Azər Süleymanlı göründü, həmin qəlbə işləyən möcüzəli təbəssümü ilə. Bu konsertin aparıcısı məhz o olmalıdır düşünürsən, başqası bu ahəngin axarına düşüb belə axa bilməzdi. Onun təqdimatı ilə zalın tamaşaçılar üçün giriş qapısından gözlənilən, təyin olunduğu vaxtdan bir saat da gec başladığından az qala, həsrətini çəkdiyimiz solist göründü. Aybəniz Haşımova Milli Dram Teatrının səhnəsində yetirmələri ilə birgə “Biri sənsən, biri mən” adlı hesabatını verirdi.

 

Mas-mavi paltarda, səhnə ilə həmahəng. Gözlərində işıq yanır, qaranlıq zalda geyiminin mavisi gözlərinin, simasının işığına qarışmışdı. Tamaşaçılarına baş əyə-əyə səhnəyə doğru gəlirdi... Elə bil, arzusunda olduğu gəlinliyi geyinmişdi, amma bəyaz deyil, mavi rəngdə - dənizin, səmanın, xoşbəxtliyin rəngində. O qədər xoşbəxt görünürdü ki, bu gün gözlərimə mavi xoşbəxtlik rəngi imiş kimi göründü... “Mən heç vaxt gəlinlik geyinmədim. Ailələrimiz izdivacımıza razı olmadığından, Xalidlə qoşulub qaçdım, evləndik. Toyumuz olmadı, gəlinlik geyinmək arzum gözümdə qaldı”. 

 

Həmin arzu idi bu gün onun gözlərində yanan. Xəyalım dolanıb 80-ci illərə getdi. İlk dəfə onu səhnədə gördüyüm 1986-cı ilə. “Dan ulduzu” ansamblının ən gənc solisti idi, Nəbi Xəzrinin sözlərinə Oqtay Kazımının “Qəlbimdə qaldın” mahnısını oxuyurdu.  

 

Hicran elə gəldi ayırdı bizi,

Sanki üfüqlərə uçan xəyaldın.

Hicran elə bildi ayırdı bizi

Bir idin, min olub qəlbimdə qaldın...

 

Hardasa gözümə baxır ulduzlar

Ulduz yox, həsrətli baxışlarındır...

 

O vaxt əynində ağ-qara məktəb forması vardı. Həmyaşıdlarının hamısı onun yerində olmaq istəyirdi. Hamımızın gözündə o arzu qığılcımı yanırdı. Çox gözəldi, istedadlıdır, səhnəyə çox yaraşırdı. 

 

Hələ orta məktəbi bitirməmşdi, bu mahnı ilə taleyini yazdığını da bilmirdi. Biz də bilmirdik.  80-ci illərin ortalarında kimin ağlına gələrdi ki, taleyimizə müharibə, qaçqınlıq, şəhidlik, şəhidin həyat yoldaşı olmaq yazılıb...

 

Evimizdən bir çıxardıq hər səhər

Yadlar baxıb deyərdi cüt bəxtəvər.

Eşqimizə o vaxt həsəd çəkənlər

Bəs, nə deyim məni sənsiz görəndə...

Deyimmi, yar əhdini, andını pozdu getdi

Əllərini əlimdən hirs ilə üzdü getdi...

 

“Yazıq görünməyi sevmirəm” - deyir. “Bir dərdim olanda baş alıb gedirəm, özümə çəkilirəm. Heç kim mənim o günlərimi görə bilməz, heç anam, bacım da” - deyirdi.

Bu gün şad günüdür. Hamını yığıb başına. “Bülbüllər”i ilə birgə hesabat verir. Zaldakılar hamısı onun əzizidir, hamının ona sevgisindən zal dolub. O da səhnədən sevgi səpir musiqiləri, səmimiyyəti ilə. Elə bil üzbəüz yaxın, munis adamı ilə sevincini bölür, paylayır o sevinci. O qədər səmimi idi ki, səhnədə. 

 

Əvvəlcə zaldan özü ilə çəkib apardığı Nisə Qasımova ilə bölüşdü səhnəni. Daha doğrusu, canı-dildən bağışladı ona öz aldığı səhnəni elə bil. Onun qiymətini verib, sonra tamaşaçılar arasında yerinə oturmağa izn verdi. Onun mahnısı ilə də çıxmışdı səhnəyə. Həyəcandan dil-dodağı topuq vururdu.

 

“40 ildən çoxdur səhnədəyəm, sənətdəyəm, heç zaman da özümə görə həyəcan keçirməmişəm. Ancaq istedadlı “Sənət Akademiyası”nın tələbələri oxuyanda, səhnəyə çıxanda çox həyəcanlanıram, ürəyim döyüntüdən az qalır yerindən çıxa… Onlarla fəxr edirəm, qürur duyuram”.

 

Anlaşıldı, özündən əvvəl tələbələri çıxış etdi axı, onlara görə həyəcan keçirib, ardınca da hələ həyəcanı keçməmiş özü çıxıb səhnəyə, ona görə təngnəfəsdir.

 

Sənət yoldaşlarını bir an belə diqqətdən qoymadı. Bir mahnı oxuyub, sonra səhnəni yetirmələrinə verirdi. Onlar da üzünü ağardırdılar, maşallah.

 

Yenə səhnəyə qayıdıb, daha bir sənət yoldaşının adını çəkir, bu gün onunla olduğu üçün minnətdarlıq edirdi. Mələkxanım Əyyubova, Firuzə İbadova, Nuriyyə Hüseynova qabaq sırada əyləşmişdilər.

 

Qızı Aynişan, “Dan ulduzu” ansamblının rəhbəri Gülarə Əliyevanın qızı da Aybəniz xanımın tamaşaçıları arasında idilər. Arada Aynişanla “Bir şarkısın sən” adlı türk bəstəsini ifa etdilər. Aybəniz xanım dedi ki, evdə razılığını ala bilməmişdim oxuması üçün. “İndi tamaşaçıların qarşısında məni qırmadı, amma dişi bağırsağını kəsir yəqin hirsindən”.

Hirsliyə oxşamırdı Aynişan qızımız, anası ilə birgə çox böyük sevgi və istedadla ifa etdi.

Repertuar da zəngin idi. Türk, ərəb mahnıları. Özünün illər əvvəl oxuduğu mahnılar, yeni bəstələr. Bacısı, ustadı hesab etdiyi Şahnaz Haşımovanı da çıxartdı səhnəyə. Şahnaz xanım da səhnədən, özü dediyi kimi, ilk dəfə Aybənizi sənətkar adlandırdı.

Firuzə İbadova ilə səhnədə birgə çıxışları yenə onların gəncliyini, “Dan ulduzu” ansamblındakı ifalarını xatırlatdı.  

Aybəniz xanımın konserti həm də insanda vətənpərvərlik duyğularını coşdurur. Mahnı seçimi də, kompozisiya da bir şəhid xanımı olan sənətkarın seçimidir.

Yetirmələri sonda əsgərlərlə birgə Azərbaycanımızın himnini ifa etdilər. Bir anlıq xəyalən qələbə günün yaşadım, ürəyim sinəmdən çıxacaqdı elə bil.

Arada Aybəniz xanım sənət yolunda onu müşayiət edən bütün insanların adını çəkirdi.  Şövkət Ələkbərovanın, Arif Babayevin, həmişəki kimi minnətdarlıqla adlarını çəkdi. Bir də onun Gəncədən Bakıya oxumağa gəlməsinə səbəb olan şəxsi.

“Bildiyiniz kimi, mən Gəncədənəm. İlk vaxtlar, Bülbül adına orta ixtisas Musiqi Məktəbində oxuyarkən çox darıxırdım, Gəncəyə, ailəmin yanına qayıtmaq istəyirdim. Bakıda qala bilmirdim. Bunu eşidən kimi Ulu Öndər göstəriş və tapşırıq vermişdi ki, mütləq qalıb Bakıda təhsilini, sənətini davam etdirsin.

Bu gün sənətdəyəmsə, səhnədəyəmsə, öz sözümü deyə bilirəmsə, buna görə Ulu Öndərimizə borcluyam. Onun üzərimdəki əməyini, zəhmətini, qayğısını heç zaman unutmaram”.

Konsert dörd saat çəkdi, Aybəniz Haşımova həm söhbət edir, həm də oxuyurdu. Heç kim yerindən tərpənmədi axıra qədər. Konsertin bu qədər uzun çəkdiyini, sabah minnətdarlıq üçün ona zəng edəndə eşitdim. Özü dedi ki, sağ ol, səbirlə dinlədiyin üçün. Amma mənə uzun gəlməmişdi.

Mən onu mavi “gəlinliyində” arzularına çatdığı üçün sevinclə, zövqlə dinləyirdim.

Və konsertdən keçəndə onun çatmaq istədiyi iki arzusuna da tezliklə çatmasını arzulayırdım. Biri qızının xoşbəxtliyi, biri isə şəhid yoldaşının Xalidin doğulduğu Qubadlıda konsert verməsini. Elə istəyirəm ki, bu iki arzuya birlikdə qovuşaq. Uğurlar sizə, gözəl qadın, insan, sənətkar...

 

# 7057
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar