İlham Əliyev: “Yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək”
06 dekabr 2019 02:14 (UTC +04:00)

İlham Əliyev: “Yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək”

“Korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir. Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır”. 

APA-nın məlumatına görə, bunu dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirib.

O qeyd edib ki, dövrümüzdə də pozuntular, çatışmazlıqlar var, amma məsələ ondadır ki, biz bunlarla necə mübarizə aparırıq: “Biz bu mübarizədə təkcə inzibati, yaxud da ki, cəza tədbirləri ilə məqsədə müvəffəq ola bilmərik. Bütün bu tədbirlərlə yanaşı, institusional, sistem xarakterli islahatlar aparılmalıdır. İslahatların yeni dövrü keçən il prezident seçkilərindən sonra başlamışdır. Mən andiçmə mərasimindəki çıxışımda bizim əsas strateji inkişaf parametrlərini xalqın diqqətinə çatdırdım və hazırda biz ardıcıllıqla bu yolla gedirik”. 

Dövlət başçısı son vaxtlarda həyata keçirilən məqsədyönlü islahatlar çərçivəsində gənclərə daha çox imkanlar yaradıldığını vurğulayıb: “Baxın, Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunubdur. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır. Ona görə biz bunu başa düşməliyik. Nəsillər arasındakı anlaşılmazlıq hər bir cəmiyyətdə var. Amma bizim cəmiyyət mühafizəkar cəmiyyətdir, konservativ cəmiyyətdir və ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətdir. Biz, əlbəttə, imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin. Ona görə, mən demişəm və mən gəncləri işə fəal cəlb etməyə başlayanda, gördüm ki, yaşlı nəslə qarşı elə bil hansısa bir kampaniya aparılır. Onu da mən dayandırdım”. 

Preziden İlham Əliyev əlavə edib ki, yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək: “Siz və “ASAN xidmət”də çalışanların mütləq əksəriyyəti cavanlardır. Amma yaslı nəslə xidmət edirsiniz. Çünki bu xidməti almaq üçün daha çox yaşlı nəslin nümayəndələri gəlirlər. Bax, bu nəzakətli davranış, bu mehribanlıq, xoş sözlər bizim cəmiyyətimizi də saflaşdırır və irəliyə aparır”.

# 725
avatar

Oxşar yazılar