Alkoqolsuz içkilər istehsal edən sexin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLENT
05 dekabr 2019 17:19 (UTC +04:00)

Alkoqolsuz içkilər istehsal edən sexin fəaliyyəti məhdudlaşdırıldı - FOTOLENT

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında agentliyin əməkdaşları Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı şossesində fəaliyyət göstərən alkoqolsuz içkilərin istehsalı ilə məşğul olan “DMC KOMPANİ” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus sexdə yoxlama keçiriblər.

Lent.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı antisanitar vəziyyətdə fəaliyyət göstərən sexdə sanitariya norma və qaydalarının kobud pozulduğu, qida təhlükəsizliyi sahəsində texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Məlum olub ki, müəssisənin istifadə etdiyi xammalların, suyun və hazır məhsulların təhlükəsizlik göstəriciləri müayinə olunmadan satışa verilir.

Eyni zamanda, küçələrdən, şadlıq evlərindən digər istehsalçılara məxsus, istifadə edilmiş şüşə butulkalar yığılaraq texnoloji prosesə, sanitar norma və qaydalara uyğun olmayan şəkildə yuyularaq, dezinfeksiya olunmadan təkrar istifadə edilir. Müəyyən edilib ki, müəssisədə dezinfeksiya, deratizasiya işləri aparılmır. Məhsul istehsalında istifadə olunan xammal və köməkçi materiallar düzgün şəraitdə saxlanılmır.

Qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan (“Vita friut” nişanlı düses alkoqolsuz içki, “Vita fruit” nişanlı şaftalı nektarı, “Aqua Light” nişanlı qazsız su) götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

# 937
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar