“Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz, hesab edirəm ki, çox uğurludur”.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı Prezident kimi ilk dəfə Naftalana səfərini xatırladıb: “Mən Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı, çünki gördüm, demək olar ki, şəhər dağılmış vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su yox, yollar bərbad. Sovet vaxtında tikilmiş sanatoriyalar dağılmış və şəhərdə minlərlə köçkün məskunlaşmışdı, onların da vəziyyəti çox ağır idi. Ona görə göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə, biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdirdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq, Naftalan şəhərindəki bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu, yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası, beşulduzlu üç otel – “Çinar”, “Qarabağ” və “Qaşaltı” açıldı. Bütün açılışlarda mən şəxsən iştirak etmişəm. Hazırda dördulduzlu və üçulduzlu otellərin tikintisi davam etdirilir. Sovet vaxtında Naftalana hər il müalicə üçün 70 min adam gəlmişdi. Biz indi bu hədəfə doğru gedirik. Artıq təqribən 30-40 min insan gəlir dincəlməyə və müalicə almağa. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca vəzifəmizdir. Şəhər İcra Hakimiyyəti bu işlərə böyük diqqət verməlidir”.