“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.3.6-cı yarımbəndində sağlam qidalanmanın təşviq edilməsi nəzərdə tutulub.
Bu barədə Lent.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin yarımbəndin icrasının təmin edilməsi məqsədilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin, təhsil, kənd təsərrüfatı, səhiyyə və iqtisadiyyat nazirlikləri nümayəndələrindən ibarət işçi qrup yaradılıb və həmin işçi qrup “Məktəblilər üçün süd” pilot layihəsi hazırlayıb. Layihənin əsas hədəf dairəsi ibtidai siniflərdə təhsil alan şagirdlər nəzərdə tutulub. Layihənin həyata keçirilməsi üçün pilot ərazi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 305 nömrəli məktəb, Qaradağ rayonu, Qobu-1 yaşayış massivində yerləşən məcburi köçkünlər üçün tikilmiş 29 və 32 nömrəli məktəblər nəzərdə tutulub.
Şagirdlərə Azərbaycanda qüvvədə olan texniki normativ hüquqi aktların tələblərinə cavab verən, ölkə daxilində istehsal edilən çiy süddən termiki emal edilərək hazırlanmış süd verilməsi nəzərədə tutulub.
Südə qarşı həssaslığı olan şagirdlərin layihədən kənar tutulması məqsədilə sorğu anketləri hazırlanmış və doldurulması məqsədilə valideynlərə təqdim edilib. Sorğu anketlərinin nəticələrinə əsasən valideynlər tərəfindən razılıq verilən şagirdlərə süd paylanılıb.