783
16:12
28 Noyabr 2019

Xalq rəssamı Tahir Salahovun doğum günü qeyd edilib

SSRİ-nin və Azərbaycanın Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı Tahir Salahovun doğum günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən rəssamın ev-muzeyində tədbir təşkil olunub.

Lent.az xəbər verir ki, muzeyin direktoru Səadət Mirzəyeva sənətkarın ömür yolundan, yaratdığı dəyərli sənət incilərindən söz açaraq bildirib ki, 1928-ci il noyabrın 29-da anadan olan Tahir Salahov V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib. Sənətkar 20 il Azərbaycan Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının rəhbəri olub.

Sənətinə dövlət qayğısı göstərilən bu böyük sənətkar saysız–hesabsız mükafatlar alıb.

Ev-muzeyin yaradılmasından və qarşıda duran vəzifələrdən danışan Səadət Mirzəyeva bildirib ki, muzeydə Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərlərindən və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunub. Yeddi il əvvəl Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən yaradılmış Tahir Salahovun ev-muzeyi öz qapılarını ictimaiyyət üçün açaraq İçərişəhərin əsas incəsənət və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Bir sıra ölkələrdən turistlər məhz dahi sənətkarın ev-muzeyini ziyarət etmək üçün İçərişəhərə gəlir.

Sonra Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova dünya şöhrətli sənətkar Tahir Salahovun doğum günü münasibətilə bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirib. Şagirdlərin bu konsertə çox böyük həvəslə hazırlaşdığını deyən A.Əhmədova tədbirdə milli musiqilərimizlə yanaşı, dünya bəstəkarlarının da əsərlərinin səsləndiriləcəyini söyləyib.