595
12:58
26 Noyabr 2019

Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - PROQNOZ

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-13, Bakıda gecə 6-8, gündüz 11-13 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə, noyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq yarada bilər.