Üç il xərçəng xəstəsi ilə yaşayan, sevgilisi qollarında can verən ulduz – Həyat hekayəti
24 noyabr 2019 11:46 (UTC +04:00)

Üç il xərçəng xəstəsi ilə yaşayan, sevgilisi qollarında can verən ulduz – Həyat hekayəti

Hollivud ulduzu Merl Strip deyəndə gözlərim önündən onun baş rollarda çəkildiyi çox sevdiyim filmləri keçir. Bu aktrisa mənim aləmimdə, dünya kinosunda ən yaxşı qadın obrazlarının ifaçısıdır. Bəlkə də onun ifasında obrazlar belə möhtəşəm alınıb, ola bilər ki, həmin qadın obrazlarının müəllifləri də obrazı yaxşı cızıblar. Nə bilim, kino ki, var... hər halda göz önündə onu yaradan aktrisadır.

 

 

“Sofinin seçimi” filmində Merl Strip ana rolundadır – iki övladı arasında seçim qarşısında qalan ana rolunda. Həm də saniyələr var bu seçimi etməsi üçün... Dəhşətli kadrdır. Aktrisa onu necə yaradır – yalnız baxmaq lazımdır. Bundan təsirli ana obrazı xatırlamıram. Yaxud “Medison körpüsü” filmində sevgiyə möhtac qadının-ananın obrazını necə yaradıb. Övladları ilə özü arasında seçim qarşısında qalır burda. Qadınlıq ilə analıq arasında. Qadın sonda analığını seçir, özünü qurban verir. Bu seçim prosesində onun iztirabları Merl Stripin gözlərində yaşanır və adamın qəlbinə axır.  

 

 

Bu il yubileyidir. 21 nominasiyada 3 “Oskar” qazanıb. 9 “Qızıl qlobus”u var 31 nominasiyada.

 

Amerikanın kino və teatr aktrisasıdır. Başqa Hollivud aktyorları haqqında yazanda qonorarları barədə də yazırıq. Nə bilim, filan qədər qonorara çəkilir, ən bahalı aktyor-filan. Amma bu aktrisa qəpik-quruşa da çəkildiyi vaxtlar olur, özünü brendə çevirmir. Çünki ssenariyə qiymət verir,  qonorardan çox prosesin özü maraqlandırır onu.

 

 

Gəncliyində özünün gözəl olmadığını düşünüb çox fikir çəkərmiş, amma indi plastik cərrahların daimi pasiyentlərinə çevrilmiş həmkarlarına gülür. Qadın həyata qalib gəlib! 

 

 

Uşaqlığı və gəncliyi

 

Meri Luiz Strip 1949-cu il iyunun 22-də Nyu-Cersidə anadan olub. Damarlarında irland, İsveç və holland qanı axır.

 

 

İncəsənəti sevən və anlayan bir ailədə böyüyüb. Bu fikir, xüsusən də rəssam anasına aiddir. Qadın qızı Merli, oğlanları Deni və Harrini gözəlliyə məhəbbətlə böyüdüb tərbiyə edib.  Ata dərman firmasında çalışırdı və fikri-zikri ailənin maddi təminatı idi. 

 

 

Orta məktəbi bitirən Meri əvvəlcə kollecdə dramatik incəsənətdən dərs alır, sonra da ali məktəbdə. İlk mükafatını “İyirmi yeddi vaqon pambıq” adlı pyesin tamaşasında oynadığı rola görə alıb.

 

 

Filmləri

 

 

1977-ci ildə “Culiya” filmi ilə aktrisanın kino karyerası başlayır. Film 3 təqdimatda “Oskar” alır. Bu filmlə də rejissorların diqqəti Merl Stripə yönəlib.

 

 

Həmin filmdən sonrakı təklif  “Maral ovu”na olub. Merl Strip bu filmə yalnız ona görə razılıq verir ki, onunla sevgilisi, ölümcül xəstəliyi barədə yenicə xəbər tutmuş Con Kazale də çəkilirdi.

 

 

“Holokost” filmində yəhudi rəssama ərə getmiş alman qızı obrazını yaratdı. Həm də bu rola pula görə çəkildiyini də gizlətmədən. Rol özünü doğrultdu. Merl bu obraza görə “Emmi” mükafatı aldı.   

 

 

Sonra Vudi Allenin “Manxatten” komediyası, “Co Taynenin “Yoldançıxarma”sı, “Kramer Kramera qarşı” filmləri gəlir. Sonuncu filmə görə də aktrisa “Oskar”a layiq görülüb.

 

Nəhayət, “Fransız leytenantının qadını” və “Sofinin seçimi” filmləri. Nəticədə “Oskar” və “Qızıl qlobus”.

 

Şəxsi həyatı həm xoşbəxt, həm də faciəli anlarla zəngindir. Hələ karyerasının ilk illərində həmkarı Con Kazale ilə rastlaşmışdı. 1976-cı ildə nişanlanıblar. Amma xoşbəxtlikləri ani olub, tezliklə həkimlər onun nişanlısında xərçəng aşkarlayıblar. 3 il bir yerdə yaşayıblar, Kazale sevimli qadının qollarında dünyasını dəyişyib.

 

 

Strip ağır depressiyadan işinin sayəsində çıxa bilib. Taleyin zərbəsini dəf edib gənc memar Don Qammerlə tanış olub. Bu izdivacdan dörd uşağı gəlib dünyaya. Bir oğlan, üç qız. Böyük qızları Meri və Qreys anaları kimi  aktrisadır. Üçüncü qız Luiza modeldir. Xenk isə musiqiçidir. Bir sözlə, bütün ailə incəsənətlə məşğuldur.

 

 

Bu il Merl nənə olub. Qızının oğlu dünyaya gəlib.

 

 

Kinoçəkənlər artıq Merlin bəzi qəribəliklərinə vərdiş ediblər. Merl hər addımda - həyatının ən böyük rolu ərinə sədaqətli xanım, övladlarına yaxşı dost olmaqdır-deyir. On filmdən birini seçmək kimi üstünlüyü olduğu halda, yalnız uşaqlarının məktəb  tətili vaxtlarına düşən təklifləri dəyərləndirir. İl boyu iki həftədən artıq evdən uzaqda qalmır.

 

 

Qazancından xeyriyyə işlərinə xərcləməyi unutmur. Heç vaxt bahalı aksesuarlar almır – ona verilən pulu, xeyriyyə işlərinə xərcləyərəm-deyir.  

Bu da dünya şöhrətli aktrisanın həyatı –lap bizim qadınlara bənzəyir.

# 5079
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar