Uşaqları kitablarla hansı yaşda tanış edək? - "Yanlış seçim onlara zərər verir"
17 noyabr 2019 10:10 (UTC +04:00)

Uşaqları kitablarla hansı yaşda tanış edək? - "Yanlış seçim onlara zərər verir"

Kitab oxumaq, mütaliə etmək hər bir yaşda olan insan üçün faydalıdır. Bu vərdişə yiyələnmələri üçün isə uşaqlar kitablarla aşağı yaşlarından tanış olmalıdır. Əslində uşaqları neçə yaşından kitablarla tanış etmək lazımdır və onlara daha çox nə cür kitablar təqdim olunmalıdır?   

Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov Lent.az-a bildirib ki, hazırkı fikrə görə,  uşaq hələ ana bətnində olanda onunla ünsiyyət yaratmaq, danışmaq lazımdır: “Ananın yaşadığı hiss və emosiyaları uşaq hiss edir.  Prenetal dövrdə körpə bütün duyğuları ana ilə birgə yaşayır. Buna görə də psixoloqlar hamiləlikdə qadınların müsbət emosiyaların yaşamasını, gözəl əsərlər oxumasını və dinləməsini, eyni zamanda müsbət psixoloji şəraitdə olmasını məsləhət görürlər.

Uşağın kitabla və ya kağızla, karandaşla tanışlığı adətən onun oturmağa başladığı və bir qədər hərəkət sərbəstliyi qazandığı dövrdən başlayır və bu əşyalarla manipulyasiya edir. Kitabla uşağı tanış etməyi bir qədər daha tez başlamaq olar. Belə ki, uşaq qığıldamağa başladığı və ilk diftonqlu səslər çıxarmağa başladığı zamandan onunla ünsiyyəti daha intensiv yaratmaqdan ötrü ona kiçik şəkilli, kartondan olan kitablar oxumağa başlamağı məsləhət görürəm. Onun sizin kitab oxuduğunuz müddətdə səslər çıxardığının şahidi olacaqsız. O bu zaman qığıldayır, ilk hecalarını səsləndirərək ünsiyyətə cəhd edir”.

Psixoloq bildirib ki,  6 aydan başlayaraq rəngli şəkilləri olan, bir neçə cümlədən ibarət kitabları alaraq körpəyə oxumaq və sonradan kitabı onun ixtiyarına vermək lazımdır ki, kitabla tanışlığını daha intensiv həyata keçirsin: “O, kitabdakı şəkillərə baxır, rənglərə, şəkillərə barmağı ilə toxunur, kitabı fırladır, ağzına salır. Buna görə də kitabın kartondan və keyfiyyətli olmasına diqqət yetirilməlidir. 6 aydan bir yaşa qədər uşaq kitabına verilən tələblərdən onun möhkəm kartondan olması, çəkisinin və ölçüsünün uşağın götürə bilməsinə şərait yaratması, qara və ağ rəngdən başqa göy, sarı, qırmızı və yaşıl rənglərdən ibarət şəkillərin və bunların realist olması, orda təsvir olunan predmetlərin öz rənginə uyğun verilməsini, uşağı maraqlandıracaq və onun ətraf mühitində oxşar predmet və hadisələrə uyğun olmasını qeyd etmək lazımdır”.

Uşaqların hansı yaş dövründə nə cür kitablar oxumalarına izn verilməsinə gəlincə isə, psixoloq qeyd edib ki, kitabın mövzusuna fikir verin: 

"Məsələn, onun oyuncaqları, ana, ata, onun mühitinə uyğun olan heyvanlarla bağlı təsvirləri əhatə edə bilən kiçik şerlər, mətnlər ola bilər. Bu mətnlər sadəcə olaraq valideynin oxuması üçündür və valideyn uşağa bu sözləri ifadə etdikdə şəkillərlə assosasiya yaratmağa çalışmalıdır.

1 yaşdan 3 yaşa qədər olan dövlərdə artıq kitabın mövzusu zənginləşir. Mövzu predmetlər, o cümlədən onun həmyaşıdı olan uşaqlar və heyvanlarla bağlı kiçik şer və mətnləri, nağılları əhatə edir. Bura eyni zamanda düzgün davranış,  yaxşı və pis nədir-mövzusunun sadə bəsit formalarını özündə əhatə etməlidir.

3 yaşdan başlayaraq nağıl və fantaziya dünyasını əhatə edən kitablar və artıq ilk təhsillə bağlı olan maraqlı oyun, şəkillərlə qeyd olunmuş  məntiqi məsələlər, o cümlədən rəngləmələr olan kitablar uşağa təqdim edilə bilər.

6-9 yaşdan başlayaraq sehrli  nağıl dünyası insan münasibətlərini də özünü kitablarda əks etdirməlidir. Bura həm heyvanlar haqqında nağıllar və eyni zamanda ağıllı, igidlik, qəhrəmanlıq, düzgünlük və s. xüsusiyyətləri özündə birləşdirən obrazları olan nağıllar aiddir. O cümlədən onların həmyaşıdları ilə bağlı məcara və gündəlik hadisələrdə onların davranışı mövzusunda kiçik hekayələr də belə kitablara aiddir”.

A.Kərimovun sözlərinə görə, yeniyetmə yaşdan başlayaraq isə uşaqlar dostluq, sevgi və daha dərin insan münasibətlərini özündə əks etdirən əsərlərə, o cümlədən uşaq macəra və fantastika əks etdirən kitablarla tanış olmalıdırlar: “Məsələn, “Qaracaq qız”, “Nurəddin” (S. S. Axundov), “Kaptan Qrantın uşaqları” (Jül Vern), “Robinzon Kruzo” (D. Defo), “Başsız atlı” (Mayn Rid) və s.”.

Uşaq ədəbiyyatı yazıçısı Sevinc Nuruqızı öz növbəsində bildirib ki, uşaq anadan olduğu vaxtdan kitabla təmasda olmalıdır: “Uşaq ilk mərhələdə tamaşaçıdır. Bu zaman ona kitabın şəkillərini göstərmək lazımdır. İkinci mərhələdə dinləyici olar. Bu zaman ona şəkilləri göstərməklə yanaşı, həm də kitabı oxumaq lazımdır. Üçüncü mərhələdə isə artıq uşaq oxucu mərhələsinə keçir. Bu üç mərhələnin hamısında uşaqların evdə kiçik bir kitabxanası olmalıdır. Bu məhələlərdə valideynlər uşaqlar üçün kitabı özü seçir. Zamanla valideyinin köməyi ilə uşaqlarda kitab sevgisi formalaşır. Kitablara sevgisinin formalaşaması üşün uşaq evdə kitab rəfi və onun içində kitablar görməlidir. Buna görə də valideynlərin borcudur ki, evdə uşaqlar üçün balaca bir kitabxana yaratsınlar”.

S.Nuruqızı onu da vurğulayıb ki, kitab mağazalarında müxtəlif cür kitablar olduğu üçün düzgün olmayan seçim uşaq mütaliəsinə zərər də verə bilər:

“Valideynlər uşağın kitab seçməsində  mütləq iştirak etməlidir. Düzgün seçim edə bilmək üçün isə ata-ana öz zövqünü formalaşdırmalıdır. Yaxşı uşaq kitabxanalarımız var. Gözəl kitablarla təchiz olunmuş Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası var ki, uşaqlarla yaxşı münasibət quran, ona məsləhət verə bilən çox yaxşı əməkdaşları var.  Uşaqları mütləq kitabxanalarla tanış etmək lazımdır. Kitabdan gələn ətri, xeyirxahlığı hiss etmək üçün kitabların içinə aparmaq lazımdır”.

S.Nuruqızı bildirib ki, bu gün uşaqlara kitab sevgisini aşılamaq üçün  valideynlər sadalanan məsələlərə o qədər diqqət etmirlər: 

“Bu o demək deyil ki, uşaqlar kitab oxumur. Ailələr var ki, bu işdə övladlarına çox yardımçı olurlar. Amma təssüf ki, elə ailələrimiz var ki, uşaqları mütaliədən kənar böyüyür. Cəmiyyət olaraq bunu aradan qaldırmalıyıq. Uşaqları kitabdan ayrı salan bir çox amillər var. Məsələn, texnologiyaların inkişafı. Biz valideyn, yazıçı, müəllim, nənə-baba olaraq çalışmalıyıq ki, uşağın kitabla ünsiyyətini yaradaq. Uşağın kitabla ünsiyyəti dərsliklə ünsiyyəti demək deyil. Uşaqların asudə vaxtında kitab oxumalarına şərait yaratmaq lazımdır. 18 yaşın altında ölkədə iki milyondan artıq uşaq var. Bu statistikaya baxsaq, uşaq yazıçımız da, kitabların tirajları da dəhşətli dərəcədə azdır. Kitabın tirajı 1000 ədəddirsə, demək olar ki, kitab çıxmır.  Amma oxumaq istəyən, axtaran yaxşı kitablar tapa bilər”.

# 1662
avatar

Aygün İbrahimli

Oxşar yazılar