Paytaxtda 4 mərtəbəli binanın damı uçdu - VİDEO
13 noyabr 2019 09:30 (UTC +04:00)

Paytaxtda 4 mərtəbəli binanın damı uçdu - VİDEO

Paytaxtda 4 mərtəbəli binanın dam örtüyü çöküb.

APA TV-nin xəbərinə görə, hadisə Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxanada baş verib.

Gecə saatlarında binanın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi tamamilə çökərək, sakinlərin mənzillərinin içərisinə tökülüb. Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb.

Cəbrayıl rayonundan olan ev sahibi Həbib İbayev deyir ki, 90-cı illərdə bu mənzil illərlə çalışdığı Səttarxan adına zavoddan ona yaşamaq üçün verilib. Vaxtilə bina zavodun qızlar yataqxanası olsa da, sonralar profilini dəyişərək fərdi mənzillərə çevrilib. O da ailəsi ilə bərabər burada yaşayıb. Ta ki mənzildə yaşayış mümkünsüz hala çevrilənə kimi: “Burada illərdir yaşayırıq. Amma bu aralarda gördüm ki, yaşanılası vəziyyət deyil ailəmi buradan çıxartdım kirayəyə. Dünən gecə tavan uçdu evin içinə. Baxın, belə yerdə necə yaşaya bilərik biz?”

Bina sakinlərindən öyrəndik ki, hazırda burada 107 ailə yaşayır. Onlardan 17 ailə məcburi köçkün ailəsidir: “Yuxarı evin tavanı uçub, bütün su tökülür mənim evimə. Burada biz üç nəfər yaşayırıq. İki oğlumla. Oğlumun biri hərbi xidmətdədir. O biri də əlildir. Bu evdə necə yaşayaq? Bütün günü, bax, gözüm qalır bu tavanda ki, bu saat uçub töküləcək üstümüzə. Gərək uçsun altında qalaq, ondan sonra gəlib düzəltsinlər? Burda gecə bir tappıltı gəldi ki, qorxdum. Neçə gündür evim damır, baxın, burada yatıram qapının ağzında. Bilmirəm bu evdə necə qalım”.

Sakinlər deyir ki, bina qəzalı vəziyyətdə olduğundan, burada tez-tez elektrik naqillərində qısaqapanmalar olur. Hətta bir neçə dəfə burada yanğın da baş verib. Bununla yanaşı, siçan, siçovul, həşəratların əlindən binada yaşamaq əzaba çevrilib. 

Binanın mətbəxi və sanitar qovşağının vəziyyəti ilə də maraqlandıq. Sakinlər deyir görünən dağa nə bələdçi.

Sakinlərlə söhbətləşdikdən sonra yollandıq Nərimanov Rayon İcra Hakimiyyətinə. İcra hakimiyyətinin şöbə müdiri Hüseyn Cəfərov deyir ki, sözügedən bina tamamilə yaşayışa yararsızdır. Bu barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi də var. Binanın ümumi vəziyyəti ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və Nazirlər Kabinetinə müraciət olunub: “Hazırda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq işlər görülür. Orada 20-yə yaxın ailə qaçqın ailəsidir. Və onların binadan köçürülüb yerləşdirilməsi işləri aparılır. Bu işlər başa çatdıqdan sonra yaxın vaxtlarda həmin bina tamamilə sökülüb, yerində yeni müasir standartlara cavab verən bina tikiləcək. Və sakinlər də müvəqqəti kirayəyə mənzillərə köçürüləcəklər. Sonra həmin binalarda standart mənzillərlə təmin ediləcəklər”.

Şöbə müdiri onu da bildirdi ki, hazırda sakinlərin yaşadığı mənzillərin 17-25 kv. metr sahəsi var. Gələcəkdə yeni tikiləcək binadan sakinlərə 30-40 kv. metrlik tam təmirli mənzillərin verilməsi nəzərdə tutulur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, hazırda sözügedən yataqxanada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparılıb. Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır.

# 888
avatar

Oxşar yazılar