“Qol allahı”nın sevgi məktubu: “Bir gün arvadım olacaqsan” - SİRLİ ULDUZLAR
12 noyabr 2019 17:45 (UTC +04:00)

“Qol allahı”nın sevgi məktubu: “Bir gün arvadım olacaqsan” - SİRLİ ULDUZLAR

Onlar ilk dəfə qarşılaşanda Antonellanın 4 yaşı var idi. Əmisigildə rastlaşmışdılar. Gülərüz, şıltaq Antonella uşaq vaxtı gününü daha çox əmisioğlu Lukasla keçirər, onunla oynayardı. Artıq sıralarına bir nəfər də qoşulmuşdu. Əmisioğlu qonşusu və dostu olan həmin oğlanla bütün günü məhəllədə top dalınca düşər, Antonella isə onları seyr edərdi. Aradabir onu da özlərinə qoşub, birlikdə futbol oynayardılar. Lukas topu dostundan almaqda çətinlik çəkər, Antonella isə buna ürəkdən gülərdi. Topla min hoqqadan çıxan həmin 5 yaşlı uşaq gələcəkdə dünyaya səs salacaq Lionel Messi idi...

Leo və Lukas kimi, ailələri də dostluq edir, tez-tez bir-birinə qonaq gedib-gəlirdi. Valideynləri Messini evə yığa bilmirdi, xüsusən Antonella əmisigildə olduğu vaxt. Bir müddət sonra Lioneli futbola, “Nyuells Old Boyz” klubuna yazdırırlar. Məşqlərə baxmayaraq, Leo dostlarını görməyə vaxt tapırdı...

11 yaşında Messiyə inkişaf hormonu çatışmazlığı diaqnozu qoyulur. Yerli klublardan "River Pleyt" onun müalicəsinə kömək etmək istəsə də, ayda 900 dollar məbləği ödəmək gücündə olmadığını bildirir. "Barselona"nın idman direktoru Karles Reksaç Messinin Kataloniyanın qərbində, Leyda əyalətində yaşayan qohumları sayəsində onun istedadından xəbərdar idi və 2 il sonra Leonu sınamaq üçün baxışa çağırır. Yekunda Reksaç Messiyə salfet kağızında yazılmış müqavilə təklif edir. Müqaviləyə görə, Leo İspaniyaya köçəcəyi halda, müalicə xərcini "Barselona" öz üzərinə götürəcəkdi. Elə də olur...

Ötən illər Lionel və Antonellanı bir-birinə daha da bağlamışdı. Utancaq Messi hisslərini Antonellaya açıqlamaqda çətinlik çəkirdi. Nəhayət, çıxış yolunu məktub yazmaqda görür və kağız parçasına sonda bu cümləni qeyd edir: "Bir gün həyat yoldaşım olacaqsan". Məktubu alan Antonella bunu təbəssümlə qarşılayır. Bir-birlərinə isinişdikləri vaxtda Leonun ailəsi ilə birlikdə İspaniyaya köçməsi Antonellanın heç də ürəyincə olmur...

“Barselona”ya keçən Messi uşaqlıq sevgisindən uzaq düşür. İllər sonra ulduz futbolçuya çevrilən Leonu daha Antonella ancaq televizorda görə bilirdi. Unudulduğunu düşünən gənc qız öz həyatını yaşamağa başlayır, stomatologiya üzrə təhsil alır. Lakin sonra fikrindən daşınır, dietoloq olmağa qərar verir.

“Barsa”nın aparıcı oyunçularından birinə çevrilmiş, titullar qazanmış Messi 2009-cu ildə tətil etmək üçün ailəsi ilə birlikdə doğma şəhəri Rosarioya yollanır. Köhnə dostlar yenidən yığışırlar, bu dəfə Messinin evində. Görüşə Antonella da gəlir. 8 il sonra uşaqlıq sevgisini görən Messi gözlərinə inana bilmir - əvvəlkindən də cazibədar olmuşdu Antonella. "Sən necə də dəyişmisən" deyən Leo ona yenidən aşiq olur. Bu qədər vaxtı boşa verdiyinə görə indinin özündə də heyfsilənir Messi.

Yenidən rastlaşan cütlük az sonra bir-birinə sevgi etirafı edir. Məhz həmin gün Lionel Messi-Antonella Rokkuzzo məhəbbətinin əsas mərhələsi başlayır. Tətil bitəndən sonra Messi İspaniyaya qayıdır. Amma budəfəki ayrılıqları çox qısa çəkir. Çünki Leonun istəyi ilə Antonella Barselonaya köçür və onunla birlikdə yaşamağa, üstəlik dietoloq təhsilini davam etdirməyə başlayır.

Oyunların birində Messi vurduğu qolu heç vaxt etmədiyi şəkildə qeyd edir: topu formasının altına qoyaraq sevgilisinin hamilə olduğunu açıqlayır. 2012-ci il, noyabrın 2-də isə cütlüyün ilk oğlu dünyaya gəlir, uşağa Tiaqo adını qoyurlar. Birlikdə yaşamaqlarına və ata olmağına baxmayaraq, Messi evlənməyə tələsmirdi. 2015-ci il sentyabrın 11-də Antonella Leo üçün ikinci oğlan övladını dünyaya gətirir, bu dəfə uşağa Mateo adını qoyurlar.

Artıq Messi dərk edirdi ki, münasibətləri rəsmiləşdirməyin vaxtı çatıb. Cütlüyün ailə üzvləri, dost-tanışları onların toyunu səbirsizliklə gözləyir, jurnalistlər bununla bağlı Leoya tez-tez sual ünvanlayırdılar. Nəhayət, toyun tarixi açıqlanır. Messi ən xoşbəxt gününü öncə 30 yaşını qeyd edəcəyi tarixə - iyunun 24-nə salsa da, sonra planda dəyişiklik edilir və toy 6 gün sonraya, iyunun 30-na təyin olunur. Toyu Rosarioda - sevgilərinin başladığı yerdə keçirməyə qərar verirlər.

Toya əməlli-başlı hazırlıq görülür. Messi və Rokkuzzo ən xoşbəxt günlərinə 260 qonaq dəvət edirlər. "Casino Hotel"də düzənlənən parti münasibətilə əraziyə 450 polis, eyni zamanda, özəl mühafizə firmalarının əməkdaşları cəlb edilir. 157 yerli və xarici jurnalistin akkreditə olunduğu mərasimə Neymar, Luis Suares, Jerar Pike, Karles Puyol, Serxio Aquero, Qonsalo İquain, Sesk Fabreqas, Andres İnyesta və Xavi Ernandes kimi tanınmış futbol simaları öz xanımları ilə qatılırlar. Qonaqlara hədiyyə əvəzinə Messinin uşaqlara yardım fonduna dəstək olmaq təklif edilir, onlar da bununla razılaşırlar. Beləliklə, "Əsrin toyu" adlandırılan mərasimdə Messi 5 yaşından sevdiyi, 8 il qeyri-rəsmi nikahda yaşadığı, 2 övladının anası Antonella Rokkuzzo ilə evlənir. Bununla da uşaq vaxtı məktubda yazdığı sözlər həyata keçmiş olur. Rosarionun mərkəzində qurulmuş böyük ekran vasitəsilə bütün şəhər əhalisi Messinin toyunu seyr edir.

Toy zamanı insident və qalmaqallar da baş verir. "PepsiCo" fabrikinin işdən çıxarılmış 600 əməkdaşı şəhərə xeyli jurnalistin gəlməsindən istifadə edərək, toyun keçirildiyi məkanın qarşısında etiraz aksiyası keçirirlər. Həmin gün Messinin braziliyalı oxşarı, Aleks adlı şəxs də Rosarioya gələrək toy edir. Bundan əlavə, Messinin anası Sesiliyanın toya doğma bacılarını dəvət etməməsi səs-küyə səbəb olur. Toydan bir gün əvvəl Argentinadakı "TV America" telekanalındakı proqramlardan birində Messinin xalasına zəng vurulur. Qadın canlı yayımda ağlayaraq, bunları deyir: "Sesiliya məni, doğma bacılarını toya çağırmadı". Maraqlıdır ki, Leonun ata tərəfi - əmiləri və bibiləri də narazı qalırlar. Onlar isə toya Messinin daha çox ana tərəfdən olan qohumlarının çağırıldığını bildirirlər.

2018-ci ilin martında Messi 3-cü dəfə ata olur və yenə oğlu dünyaya gəlir. Cütlük 3-cü övladına Çiro adını seçir.

Ailəsinə çox bağlıdır Lionel Messi. Yaşıl meydanlarda olduğu kimi, evində də nümunəvi olmağa çalışır. O, sadiq həyat yoldaşı və yaxşı atadır. Bununla belə, Leonun fikrincə, xoşbəxt ailəyə sahib olmasında əsas səbəbkar Antonelladır: “Həyat yoldaşımın bütün xüsusiyyətlərini bəyənirəm. Ona heyranam. Həmişə əla əhval-ruhiyyədədir, bütün ailə-məişət problemlərinin öhdəsindən gəlir, çox ağıllıdır. Hər zaman mənə dəstək olur, yaxşı motivasiya verir".

Ortaq cəhətləri çoxdur Leo və Antonellanın. İlk növbədə, hər ikisi Rosariodandır. Hər ikisi çoxuşaqlı və kasıb ailədə böyüyüb. Xasiyyətləri də bənzərdir: heç biri emosional, şübhəçi, təkəbbürlü deyil. "Ad günündə Antonellaya yaxta hədiyyə edəndə mənə nə desə yaxşıdır? Qayıtdı ki, bunun qiyməti çox bahadır, belə böyük hədiyyə nəyə lazım idi? Məhz bu cür xüsusiyyətlərinə görə onu sevirəm", - deyə Messi bildirir.

Messinin sol ayağında böyük oğlu Tiaqonun şərəfinə tatu və onun balaca əl izləri var. İkinci oğlu Mateonun adını isə çiyninə yazdırıb: "Ailə qurandan sonra həyata başqa gözlə baxmağa başlayırsan. Həqiqət budur ki, ata olmaq həyatımın ən gözəl hadisəsi idi. Uşaqların tərbiyəsi ilə Antonella məşğul olur. Ümumiyyətlə, evdə futboldan az danışırıq. Klub və milli komandada elə ciddi bir şey baş verməlidir ki, ailədə bu barədə söhbət edək. Ailəcanlı olmağa çalışan adi insanam. Arada heç kəsin mənə baxmadığı və diqqət mərkəzindən uzaq olan həyat istəyirəm".

Messi evdə olanda oğulları ondan ayrılmırlar: "Böyük oğlum Tiaqo artıq məni tənqid edir. "Barselona"nın həm La Liqa, həm də Çempionlar Liqasındakı oyunlarını izləyir. Çox sual verir və nəsə düz getməyəndə deyir. Həmişə məğlubiyyət və pis oyunu həzm etmək çətindir. Amma Tiaqo məni yaşananlara şərh verməyə məcbur edir. Mən də niyə qalib gəlmədiyimizi izah edirəm. Tiaqo "Barsa"nın uşaq komandasında oynayır".

"Barselona"nın oyunları zamanı ailəsi Messini tək qoymur, onu stadiondan dəstəkləyir. Leo da vurduğu qolu bayram edərkən onları unutmur.

Rizvan Babayev

# 5519
avatar

Oxşar yazılar