APA tv-də bir iş günü - BAYRAM REPORTAJI
07 noyabr 2019 09:16 (UTC +04:00)

APA tv-də bir iş günü - BAYRAM REPORTAJI

Teleradio işçiləri arasında belə bir cümlə işlədilir: “Teleradio sözün yaxşı mənasında bataqlıqdır, burda işə başladınsa, sevdinsə, buranı özünə “ikinci ev” hesab etdinsə, çətin burdan ayrılasan”.

Noyabrın 6-sı bu sahədə çalışan insanların günüdür. Amma biz - yəni televiziya sahəsində çalışanlar üçün peşə bayramımız da adi iş günlərindən biridir. 

APA TV-də illərini bu sahəyə həsr edən əməkdaşlarımız çalışır. Onları siz də çox yaxından tanıyırsınız. Evinizin daimi qonaqları da adlandıra bilərsiniz onları.

Son 7 dəqiqə qalıb efir vaxtının başlanmasına. “APAralel” verilişinin növbəti yayımı başlayacaq. Aparıcı şux görünüşlü, illərin təcrübəsi - jurnalisti İlqar Əlfioğlu, qonaqları isə ondan az tanınmayan - jurnalist İradə Tuncay və Etibar Babayevdir. Vaxtlarından bir neçə dəqiqəni oğurlayıb bu günlə bağlı fikirlərini öyrəndik. Operatorum Xəyal Şükürlü 3-ə qədər sayır və budur - söz İlqar Əlfioğlunundur: “Bütün televiziya işçilərini təbrik edirəm. Ömrünüzü çox çətin, amma lazımlı bir işə bağlamısınız, həsr etmisiniz. Siz elə bir yerdə işləyirsiniz ki, azərbaycanlı ailələrinin çağırılmamış qonağısınız. Heç kəs sizi seçmir, evə girən kimi televizorun düyməsini basır və siz onların süfrələrinin başında oturursunuz. Bunun məsuliyyətini dərk edin işiniz avand olsun!” 

Qocaman teleradio işçisinin sözləri də elə illəri kimi zəngindir. Keçək qonaqlarımıza. “Buyurun İradə xanım siz bu gün haqda nə deyə bilərsiniz?” sualını verib, onun da fikirlərini öyrənirik: “Bütün həmkarlarımızı təbrik edirəm. Çox ağır zəhmətlə nəyisə ərsəyə gətirirlər. O zəhmətin müqabilində təşəkkür edən də yoxdur. Əksinə tamaşaçıların da narazılığı ilə üzbəüz gəlirlər. Amma hər halda hər kəs öz sevdiyi işlə məşğul olursa, bu çox gözəldir. 

Teleradionu XX əsrin möcüzəsi adlandıran telejurnalist Etibar Babayev deyir ki, həmin möcüzə sayəsində insanlar sərhədləri aşaraq dünyanın hər yerində baş verən hadisələrdən xəbərdar olurlar: “Təbii ki, bu sahədə işləyən insanların həm məsuliyyəti, həm də əziyyəti böyükdür. Amma hərdən haqq etdiklərini də qazanmırlar. Çünki birbaşa olaraq tamaşaçı ilə ünsiyyətdə deyillər. Kiminin xoşuna gələ və yaxud gəlməyə bilərsən. Əsas odur bu sahədə işləyənlər öz vəzifəsini şərəflə yerinə yetirsin”.

Studiyadan çıxıb efir otağına keçirik. Burada veriliş redaktoru, efir rejissoru və səs rejissorunun birgə əməyi nəticəsində verilişə son hazırlıq işləri görülür. Budur, veriliş başladı. Təbii ki, görünən efirin kadrarxası “qəhrəmanlar” var. Onlar olmasa efir də olmaz: “Sevinirəm ki, ilk gündən bir işlə - bacardığım işlə məşğulam. Artıq 19 ildir ki, televiziya sahəsindəyəm. Çətin və maraqlı işlər də olub. Əsas olan müxtəlif televiziyalardan insana qalan yaxşı dostlardır ki, televiziyalar mənə onları bəxş edib”.

“Mən də hər kəsin bayramını təbrik edirəm. İnşallah, neçə belə bayramları qeyd edək. Rejissorumuz Emil nə lazımdırsa dedi, mən də onun sözlərinə qoşuluram”. 

Maraqlı fikirlərdən birini mikrofonumuza “APAralel” verilişinin redaktoru Aytən Yusifova səsləndirir. Özü də tez və lakonik: “Hazırda canlı efirdəyik və dəqiqələr bizim üçün önəmlidir. Televiziya komanda işidir. Mən bütün komandanı, həmkarlarımızı bu gün münasibətilə təbrik edir, uğurlar arzulayıram”. 

Və kollektivin sevimlisi - Hacı Elnar... Danışmağı çox xoşlamayan Elnar Şıxməmmədovun bu gün ürəyi dolu idi: “Televiziyada çalışan bütün həmkarlarımı təbrik edirəm. Hər bir kəsə uğurlar arzu edirəm”.

Teleradionun döyünən ürəyi, əsas sütunu “Xəbərlər” departamentidir. Kameramızı həmin departament tərəfə yönləndirib, xəbər müdirimiz, əməkdar jurnalist Nəsimi Nəbizadənin və “Sosium” verilişinin aparıcısı Sevinc Vaqifqızının yanına gəldik: “Televiziyanın 63, radionun 93 yaşı olur. Mən də 1996-cı ildən bu tərəfə, ömrümün 23 ilini televiziyaya həsr etmişəm. Gənc həmkarlara - APA TV-də bir yerdə çalışdığımız dostlara da arzu edirəm ki, televiziyada ən azı mənim qədər illər keçirsinlər, təcrübə toplasınlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1353

Oxşar yazılar