Uşaq və qocalar evləri ilə bağlı YENİ TƏKLİF
13 noyabr 2019 11:07 (UTC +04:00)

Uşaq və qocalar evləri ilə bağlı YENİ TƏKLİF

İnsanlar qocalanda sanki uşaqlaşır. Tez küsən, inciyən, həm də kövrək olurlar.

Uşaqlar kimi, yaşlıların da daha çox qayğıya, sevgiyə ehtiyacı yaranır. Uşaqlara ayrılan diqqətlə müqayisədə qocalara cəmiyyətdə göstərilən qayğı kifayət etmir. Digər tərəfdən, bəzən uşaqlar valideyn, qocalar övlad sevgisindən məhrum olur, qocalar, uşaqlar evi yaranır. Hazırda dünyanın müxtəlif ölkələrində qocalar evləri ilə uşaq evləri arasında əlaqələri reallaşdıran layihələr həyata keçirilir. Maraqlıdır, Azərbaycanda bu cür layihələrin həyata keçirilməsi üçün hansı işlər aparılmalıdır. Ümumiyyətlə, bu cür layihələr nə qədər effektivdir?

Sosioloq Əhməd Qəşəmoğlu Lent.az-a bildirib ki,  uşaq evləri ilə qocalar evlərinin arasında əlaqə yaradılmasına ehtiyac var: “Xarici ölkələrdə bu istiqamətdə kifayət qədər təcrübə var. Bu olduqca vacibdir. Əvvala, qocalar evinin indiki statusunu dəyişməliyik. Qocaların yaşadığı yerin indiki statusu ayıb sayılır. Məsələn, ABŞ-da yaşayan professor tanışım  yoldaşını qocalar evinə qoyduğunu deyir. Orada bu iş bizdəki kimi ayıb sayılmır. Həmin yerdə qocaların müalicəsi, istirahəti ilə məşğul olurlar. Azərbaycanda da qocalar evinin müasir tipdə olmasına çox böyük ehtiyac var. Əvvələr Azərbaycan ailəsində adət-ənənə vardı.  Evdə ağbirçək və ağsaqqalın böyük statusu var idi və hamı onlara hörmətlə yanaşırdı. Amma hazırda ailələrdə münasibətlər dəyişib, qocalara qarşı münasibət soyuyub. Həmin qocalar evdə özlərini çox pis hiss edir. Psixoloji, iqtisadi cəhətdən çətinlik çəkirlər. Ona görə də təcili olaraq çoxlu qocalar evi yaratmalıyıq”.

Qocalar arasında çox yaxşı mütəxəssislər də olduğunu xatırladan sosioloq onların müxtəlif sahələrlə bağlı yaxşı məsləhətlər verə biləcəklərini vurğulayıb: “Əgər qocalarla uşaqlar arasında münasibət formlaşdırılarsa, körpələr evində böyüyən uşaqların çatışmayan sevgi ehtiyacları qarşılanar. Yaşlı insanlarla təməsda olmağa, onun nağıllarına qulaq asmağa, onlardan nəyisə öyrənməyə uşaqların da böyük ehtiyacı var. Bu əlaqə yaradılarsa, qocalar da özlərini artıq adam hiss etməyəcəklər. Körpələrmiz həm də ağsaqqal və ağbircəklərin sevgi və faydalı məsləhətlərini alacaqlar. Təbii ki, həmin qocalar tibbi nəzarətdə olduğundan xəstəliyi olanlar körpələrin yanına buraxılmayacaq”.

Bu cür əlaqələrin qurulmasının müasir dövrün tələbi olduğunu deyən Ə.Qəşəmoğlu bu addımın qısa zamanda atılmasını vacib sayır: “Bu məsələ ilə bağlı araşdırmalar aparmaq, layihələr hazırlamaq və işləri həyata keçirmək lazımdır. Bu cür layihələr insanların gələcəyə daha inamla baxmasına səbəb olur. Amerikada, Avropa və Skandinaviya ölkələrində olduğu kimi insanlar qocalanda sahibsiz qalma ehtimalını fikirləşməyəcək. İnsanların davranışına təsir edən ən önəmli məsələlərdən biri sabaha inam məsələsidir. İnsan gələcəkdə çətin vəziyyətdə qalmayacağına inanmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Müdafiə Fondu əhalinin sosial müdafiəsi ilə bağlı xeyli vəsait sərf edirlər. Bu istiqmətdə də layihələr təşkil etməlidirlər. Eyni zamanda çalışmalıyıq ki, bu istiqamətdə xeyriyyəçilik məsələsinə də önə çəkək. İnsanlar bilsin ki, bu sahədə vəsait xərcləmək savabdır. Dövlət qurumu, ictimai təşkilatlar bununla bağlı maarifləndirmə işi apara bilər. Layihələrin işlənməsində, beynəlxaql əlaqələrin qurulmasında başqa ölkələrin təcrübəsindən istifadə olunmasında rol oynaya bilərlər. Biz bu sahədə layihə hazırlaya bilərik. Hətta vaxtilə mən bu sahədə Nideralnddan olan həmyerlimizlə birlikdə layihə hazırlamışdım. Amma həmyerlimiz vəfat etdiyi üçün işimiz yarımçıq qaldı. Yəni ortada ciddi təşəbbüs göstərən, insanların etibar etdiyi təşkilat olmalıdır. Etibar olsa, hamı bu işə kömək edəcək”.

Sosioloq bildirib ki, təşəbbüs qrupu yaratmaqla bu istiqamətədə fəaliyyətə başqlamaq olar.

 

 

 

# 2852
avatar

Aygün İbrahimli

Oxşar yazılar