Sahibkarlıqla necə məşğul ola bilərik? – <span style="color:red;">Hüquq guşəsi
28 oktyabr 2019 14:45 (UTC +04:00)

Sahibkarlıqla necə məşğul ola bilərik? – Hüquq guşəsi

İlk olaraq aydınlaşdırmaq kimlər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər?

 

Fiziki şəxs - sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər. 

 

Nəzərə almaq lazımdır ki, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan әcnәbilәr və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır, şəxsin doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir.

 

7 yaşınadək olan şəxslər azyaşlı sayılmaqla, fəaliyyət qabiliyyəti olmayan hesab edilir. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.

 

7 yaşından 14 yaşınadək olan şəxslərin xırda məişət əqdləri, hüquqların notariat qaydasında təsdiqlənməsi və ya dövlət qeydiyyatına alınması tələb olunmayan əvəzsiz olaraq fayda götürməyə yönələn əqdləri müstəqil bağlamaq ixtiyarı vardır:

 

Qanuna uyğun olaraq azyaşlı və 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın vurduqları ziyan üçün əmlak məsuliyyətini onun valideynləri, övladlığa götürənlər və ya qəyyum daşıyır.

 

16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan şəxslər valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər və bu halda tam fəaliyyət qabiliyyətli sayılırlar.

 

Belə razılıq olmadıqda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan tam fəaliyyət qabiliyyətli sayılır (emansipasiya).

 

Hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədi ilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti - fərdi sahibkarlıq adlanır.

 

Fiziki şəxslər yaşadıqları ərazi üzrə vergi orqanında uçota alınaraq, VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.

 

Fiziki şəxslərlə yanaşı, hüquqi şəxslər də sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar ki, hüquqi şəxs müvafiq qaydada dövlət qeydiyyatından keçməli, mülkiyyətində ayrıca əmlakı, müstəqil balansı olmalıdır.

Hüquqi şəxs öhdəlikləri üçün əmlakla cavabdehdir.

 

Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

 

Hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən və ya fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər.

 

Hüquqi şəxslər yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Qeydiyyata alınmadan fəaliyyət göstərmə isə məsuliyyətə səbəb olur.

 

Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
 

Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

 

Bəs sahibkarlıq məqsədi ilə yaradılan ən geniş yayılmış məhdud məsuliyyətli cəmiyyətlər nədir və necə yaradılır?

 

Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır.

 

Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.

 

MMC statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müvafiq ərizə-blank ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 

 

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

- təsis sənədləri, yəni 1 nüsxədə qərar və 2 nüsxədə nizamnamə;

- dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

- təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.

- təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;
- hüquqi şəxsin təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;

- qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti.

 

Qeydiyyat 2 iş günü ərzində həyata keçirilir və təsis sənədləri şəxsə təqdim edilir.

 

Xarici investisiyalı hüquqi şəxslərə təsis sənədlərinin əsli təqdim edilir. Yerli vətəndaşlar və hüquqi şəxslər tərəfindən yaradılmış hüquqi şəxslərə isə sənədlər elektron qaydada və elektron kabinet vasitəsilə təqdim edilir. Artıq banklar və notariuslar elektron qaydada bunu görə bilir və əməliyyatları həyata keçirə bilirlər.

 

Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin saytında yaradılmış elektron şəxsi hesab vasitəsilə həmin quruma müraciət edilə bilər. Dəyişiklik qanunvericiliyin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır.

 

Müraciət zamanı taxes.gov.az saytında  yerləşdirilmiş elektron ərizə forması doldurularaq, dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

 

Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün 220 manat, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün 3 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün 11 manat dövlət rüsumu ödənilir.

 

Qeyri-kommersiya təşkilatlarının (ictimai birliklər, fondlar, federasiya və assosiasiyalar, hüquqi şəxsin ittifaqları) dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə aşağıdakı sənədlərlə müraciət edilir:
 

- ərizə (təsisçilərin imzası notarial qaydada təsdiq edilir);
- təsisçilərin və qanuni təmsilçinin şəxsiyyət vəsiqələrinin surəti;
- qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 
- Təşkilatın yaradılması barədə Qərar;
- Nizamnamə - 2 nüsxədə;
- hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;
- Ünvan sahibinin notarial razılıq ərizəsi (əgər təsisçilərdən birinin hüquqi ünvanı deyilsə);
- təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 
- nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi. 
- fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
- Qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz.
 

Müraciətə 30 gün müddətində ya müraciətin qəbulu və ya ondan imtina şəklində cavab verilir. Müraciət qəbul edildikdən sonra hüquqi şəxsin təsis sənədləri - reyestrdən çıxarış, nizamnamə və hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi təqdim edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2170

Oxşar yazılar