275
11:58
15 Oktyabr 2019

Uşaqların 8 faizi intihar etmək istəyib - Sorğunun QORXUNC NƏTİCƏLƏRİ

"Azərbaycanda 2016-2018-ci illər üzrə aparılan sorğuya görə, uşaqların 1/4 nəfəri 2 həftə və daha çox müddətlə özünü kədərli və ümidsiz hiss edirlər".
APA xəbər verir ki ki, bunu "10 oktyabr Ümumdünya Psixi Sağlamlıq günü"nə həsr olunmuş "Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar" adlı Elmi Praktik Konfransda İctimai Səhiyyə və İsahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev deyib. Mərkəz tərəfindən məktəblilər arasında sorğu keçirildiyin deyən Q.Haqverdiyev bildirib ki, sorğuya görə, uşaqların təxminən 5 faizi mübahisələrin və zorakılığın şahidi olur:
"32 faizi son bir ildə ən azı bir dəfə həmyaşıdları ilə mübahisə yaşayır. 14 faiz respondentlər ay ərzində internetdən istifadə edərək digər şəxslərlə kobud davranır və alçaldıcı rəftar edirlər. Buna kiberbullinq deyilir. Tədqiqata görə, uşaqların 8 faizi həyatında intihar etməyi ağlından keçirib. Bu, digər ölkələrlə müqayisədə böyük rəqəm olmasa da bizi düşünməyə vadar edir. Ölkəmizdə ÜST-ün dəstəyi və İSİM-in mütəxəssislərinin iştirakı ilə aparılan tədqiqatda iştirak edən respondentlərin 2 faizi əvvəlki 12 ay ərzində intihar cəhdini ciddi şəkildə düşünüb".
Onun dediyinə görə, son 12 ayda intihar haqqında ciddi düşünən qadınların sayı əhəmiyyətli dərəcədə yüksək olub: "Şəhərlərdə yaşayanlar üstünlük təşkil edib".
Q.Haqverdiyev qeyd edib ki, respondentlərin təxminən 10 %-i intihara təşəbbüs göstərib:
"Bu faktlar göstərir ki, psixi saglamlığa qayğı insanın doğulduğu gündən başlamalıdır".