236
13:29
14 Oktyabr 2019

Prezident İlham Əliyev Ermənistan dövlətinin siyasətini ifşa etdi - Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının qərargahında "Qarabağ Azərbaycandır!" mövzusunda konfrans keçirilib.

APA xəbər verir ki, tədbirdə YAP-ın icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin deputatları, rəsmi şəxslər və partiya üzvləri iştirak ediblər.

Konfransı açıq elan edən Əli Əhmədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı və MDB dövlət başçılarının Aşqabadda keçirilən görüşündə çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi: "Bu çıxışı ilə Prezident İlham Əliyev Ermənistan hökumətinin və dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi. Bütün dünya birmənalı şəkildə faşizmə və faşist ideologiyasına qarşı olduğu halda, Ermənistan hökumətinin faşist ideologiyasına əsaslanan bir siyasət apardığını Prezident İlham Əliyev sübuta yetirdi. Belə k,i faşist siyasəti nəticəsində dünyada 10 milyonlarla insan həlak olub. Ermənistan faşizmə əsaslanan siyasət aparmaqla əslində bütün dünyaya xəyanət etmiş olur. Prezident İlham Əliyev bunu bir daha isbat etdi”.

Ə. Əhmədov vurğulayıb ki, ölkə Prezidenti "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı səsləndirməklə Qarabağ münaqişəsi ilə əlaqədar məsələlərdə yeni bir yanaşmanı ortaya qoyub: “Qarabağ Azərbaycan üçün olum ya ölüm məsələsini ifadə edir. Prezident bu bəyanatla Azərbaycanın qətiyyətli mövqeyini bir daha nümayiş etdirib”.

Ə. Əhmədov əlavə edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin bu bəyanatını birmənalı şəkildə dəstəkləyir: “Lakin təəssüflər olsun ki, azsaylı müxalifət az qala Ermənistanın mövqeyini müdafiə edən yanaşma ortaya qoyur. Bu, onların milli sifətlərini tamamilə itirmələrindən xəbər verir”.