<span style="color:red;">"SUSMAYIN!"  - Deputat ailədaxili zorakılıqdan danışdı
08 oktyabr 2019 13:11 (UTC +04:00)

"SUSMAYIN!" - Deputat ailədaxili zorakılıqdan danışdı

 
 
“Son vaxtlar ailədaxili zorakılıqların sayı artıb”.
 
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin iclasında millət vəkili Aytən Mustafayeva bildirib. 
 
A. Mustafayeva deyib ki, iki gün əvvəl Biləcəri qəsəbəsində, Avtovağzal metrostansiyası yaxınlığında kişi uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb: “Kişilər bunu telefonla çəkiblər, hadisə uşaqların gözü qarşısında baş verib. Bir adam çıxmayıb ki, ona bir yumruq vursun, qadını əlindən alsın”. 
 
Millət vəkili qeyd edib ki, başqa hadisə isə metroda olub: “Heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlasın. Bu sahədə qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir. Bununla bağlı Milli Məclisin komitələrində müzakirə aparılmasına ehtiyac var. Yeri gəlmişkən, bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin ki, qadının nəsə günahı olub. Bu, necə müğənnidir?”
 
Millət vəkili Məlahət İbrahimqızı həmkarını dəstəkləyib, bu kimi məsələlərə ziyalıların həssas münasibət ortaya qoymasını zəruri sayıb. 
 
Deputat Sona Əliyeva da Biləcəri qəsəbəsində törədilən qətldən danışıb. 
 
“Bir neçə ay qabaq Türkiyədə də məhz belə bir hadisə olmuşdu. 12 yaşlı qızının gözünün qarşısında anası atası tərəfindən qətlə yetirilmişdi. Bu kadrları da Azərbaycanda kiçikdən böyüyə bəlkə hamı izləmişdi, hətta instaqramda həştəqlər paylaşmışdılar. #EmineBulutiçinsusma deyə...Eminə Bulutun o kadrlarda dayanmadan təkrarladığı söz vardı: “Ölmə anne...” 
Türkiyə mediası, vətəndaş cəmiyyəti, ictimai xadimlər və məşhurlar bu məsələyə ciddi reaksiya verdi, hətta qadına qarşı şiddətə diqqət çəkmək üçün Eminə Bulut adına konsertlər verdilər, reabilitasiyasını üzərlrinə götürdülər və s. Bəs biz nə etdik? Niyə susuruq? Doğrudanmı qadınların ikinci sort insan kimi qəbul edirik? Həqiqətənmi, biz qadınların da "günah öləndədir" düşüncəsi beynimizin ən alt qatlarına çöküb? İnanmıram, bu, biz deyilik, ya da olmamalıyıq...
 
Axı bizim qadınımız həmişə baş tacı, namus qeyrət daşıyıcısı olub, qan barışdırıb, sülh, əmin-amanlıq yaradıb, hörmətli, dəyərli olub. Mən daha susmaq, qadınların övladlarının gözü qarşısında öldürülməsini və uşaqların atalarına nifrətlə kimsəsiz yaşamasını istəmirəm. Siz də susmayın, qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın, Leyla və onun timsalında qadınların insanlığa sığmayan vəhşiliklərin qurbanı olmasına yol verməyin. Heç bir arqument, fakt ya da bəhanə insan ölümünə səbəb ola və ya haqq qazandıra bilməz!”, - deyə deputat bildirib.
 
# 1028
avatar

Oxşar yazılar