340
11:58
01 Oktyabr 2019

Bakıdakı bu peşə məktəbi Koreya təhsil standartları əsasında fəaliyyət göstərir

Son illər Azərbaycanda peşə təhsili sahəsinə maraq artıb. Əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasında peşə təhsilinin mühüm rolu var.

Builki tədris ilində istifadəyə verilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ölkədə ehtiyac olan sahələr üçün peşəkar kadrların hazırlanması məqsədini daşıyır.

Lent.az xəbər verir ki, Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılan yeni Peşə Təhsil Mərkəzi müasir maddi-texniki avadanlıqlarla təchiz olunub. Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılıb.

Mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə kadrların hazırlanması nəzərdə tutulur. Tələbələrin bu ixtisaslar üzrə 1 və 3 illik təhsil alması üçün bütün lazımi imkanlar yaradılıb. Məşğulluğun artırılması məqsədilə qısa müddətli ixtisasartırma kurslarının da təşkil olunması gözlənilir.

Peşə Təhsil Mərkəzində Koreya ekspertləri tərəfindən hazırlanan və milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Proqramda 60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb.

"Təhsil" televiziyasının Mərkəzlə bağlı hazırladığı xüsusi reportajı təqdim edirik.