649
11:50
30 Sentyabr 2019

Gözətçi ümidinə qalan mühafizəsiz məktəblər: TƏHLÜKƏ VARMI?

Heç kimə sirr deyil ki, ölkənin əksər orta ümumtəhsil məktəblərində, ali təhsil müəsissələrində mühafizə zəif təşkil olunur. Dərs vaxtı məktəbin xadimələri, bəzən müəllimlər qapıda dayanaraq şagirdlərin giriş-çıxışına nəzarət edir və vəssalam. Gecə isə həmin nəzarəti əsasən yaşlı və təqaüdçü kişilər məktəbin ətrafında dolanmaqla yerinə yetirir. Təbii ki, bu da həm şagirdlərin, həm də təhsil işçilərinin təhlükəsizliyinin təminatı üçün yetərli deyil. Elə bu səbəbdən də bəzən məktəblərdə xoşagəlməz hallara şahid oluruq. Bunlardan ən dəhşətlisi isə hələ 10 il bundan əvvəl Neft akademiyasındakı qətliam idi. Görəsən indi necə, təhsil ocaqlarımız yetərincə mühafizə olunurmu? Məktəblərin mühafizəsi necə təşkil olunur?
Lent.az -ın suallarını orta ümumtəhsil məktəblər üzrə təhsil eksperti Elşən Qafarov cavablandırıb. Ekspertin sözlərinə görə, əksər məktəblərin mühafizəsi valideynlərdən yığılan pullar hesabına başa gəlir:
“Nazirlər Kabinetinin 26 may 1996-cı il tarixli 59 nömrəli qərarına əsasən orta ümumtəhsil məktəblərində iki gözətçi ştatı var. Məsələnin əsas tərəfi bu gün məktəblərdə mühafizənin olmasıdır. Hansı məktəblərin ki, ayrıca hesabları var, nazirlik onlara pul ödəyir. Onlar da mühafizə idarəsi yaxud şirkətlərlə müqavilə bağlayaraq məktəbin mühafizəsini təşkil edə bilirlər. Ancaq digər məktəblərin öz hesabları və bank rekvizitləri olmadığı üçün mühafizəni təşkil edə bilmirlər. Həmin məktəblərin hansında mühafizə varsa bu da valideyn-məktəb assosiasiyasının səyi nəticəsində meydana gəlir. Belə ki, bu məktəblərdə mühafizənin təşkili valideynlərdən yığılan könüllü ianələr hesabına başa gəlir. Məktəb rəhbərliyi yığılan pullarla mühafizə şirkəti ilə müqavilə bağlayır və xidməti təşkil edir. Hansı məktəblərdə ki, valideyn assosiasiyası yoxdur, o məktəblər yalnız iki gözətçi ştatının ümidinə qalırlar”.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev Lent.az -a verdiyi açıqlamada, polisin məktəblərin mühafizəsinə nəzarət etdiyini bildirib:
“Paytaxtda fəaliyyət göstərən təhsil ocaqlarının təhlükəsizliyinə və mühafizəsinə tərəfimizdən nəzarət olunur, krimonogen durum fasiləsiz izlənililir. Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyinin müvafiq strukturları təhsil müəssisələrinin mühafizəsi istiqamətində birgə iş aparır. Təhsil müəsissələrinin daxili təhlükəsizliyinin təmin olunmasında polislə birgə mülki şəxslər, yaxud mühafizə şirkətləri ilə bağlanan müqavilə əsasında fəaliyyət təşkil olunur”.
Ekspertin açıqlamasından da göründüyü kimi, bəzi məktəblərdə mühafizə sistemi valideynlərin pulu hesabına təşkil olunur. Ancaq valideyn assosiasiyası olmayan məktəblərdə isə, mühafizədən ümumiyyətlə söhbət getmir. Əsasən də Bakıda bir məktəbdə 2000-ə yaxın şagirdin oxuduğunu nəzərə alsaq, mühafizənin vacib olduğunu demək olar. Əks halda ikinci Neft akademiyası faciəsini yaşamamaq üçün bu lazımdır.