1222
12:04
26 Sentyabr 2019

Azərbaycanlılar ən çox bu xəstəlikdən əziyyət çəkir - Səbəblər açıqlandı

2018-ci ildə ölkə üzrə 1 895 897 xəstənin 762 809 nəfəri tənəffüs orqanlarının, 164 531 nəfəri həzm sisteminin, 144 719 nəfəri qan dövranı sisteminin xəstəlikləri, 119 954 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydiyyata alınıb.
Statistikaya görə əvvəllər də xəstələnənlər sırasında tənəffüs orqanları ilk yerdə olub.
Tənəffüs orqanlarının xəstələnməsində havanın hansı təsiri var?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Lent.az -a bildirib ki, ətraf mühit insan orqanizminə təsir edən əsas faktorlardan biridir: “Ekoloji faktorların xəstəliyin inkişafında mühüm təsiri var. İqlim faktorlarından başlamış, sənaye məhsulları tullantılarına, havanın çirkliliyi, nəqliyyatın havanın çirkləndirməsi kimi amillər orqanizmə mənfi təsir göstərir. İmmun sisteminin zəifləməsinə səbəb olur. İnfeksiyalara, müxtəlif xəstəliklərə qarşı dayanıqlığı azaldır. Xəstəliyə yoluxma və ağır keçirmə ehtimalını artırır”.
AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri Ənvər Əliyevin sözlərinə görə, tənəffüs yolları xəstəliklərinin əsas səbəbkarı soyuq hava ilə yanaşı, atmosfer havasının təmizliyi problemidir. Onun fikrincə, ağciyər xəstəlikləri, tənəffüs yollarının bir sıra xəstəliklərinin yaranmasında atmosfer havasının çirkliliyi mühüm rol oynayır: “Daxili yanma mühərriklərindən atmosferə 260-dan çox müxtəlif növ tullantı atılır. Onların əksəriyyəti zəhərlidir. Ağır qazlarla zəngin olan maddələr isə daha çoxdur. Bu maddələr atmosferə yüksəlməklə qeyri-müəyyən formada hərəkət edirlər və nəfəs aldığımız hava ilə ağciyərlərimizə dolurlar. Bakıda olan iri maşınlar daha çox yanacaq yandırır və havanı çirkləndirir”.
Azərbaycan əhalisinin 40 faizinin Bakıda və Abşeron yarımadasında məskunlaşdığını xatırladan şöbə müdiri havanın çirklənməsində şadlıq evlərinin, müxtəlif istehsal müəssisələrinin də rolu olduğunu vurğulayıb: “Bakı şəhərində havanı çirkləndirən qeyri-istehsal mənbələri ilə bərabər stasionar mənbələr - zavodlar, fabriklər var. Sumqayıt da bura əlavə olunmalıdır. Çünki Sumqayıtın havası Bakıya gələn şimal hava kütləsi ilə Bakıya daxil olur”.
Nə etməli?
Ə.Əliyev bildirib ki, Bakı şəhərində yaşıllıq azdır. Onun sözlərinə görə, vaxtilə Bakıda əhali bundan 3-4 dəfə az olsa da, yaşıllıqlar indikindən da çox idi: “Yaşıllıqlar artırılmalıdır. Bakı və Abşeron yarımadasında hər adama bir ağac əkilməlidir. Məhəllə arasındakı yaşıllıqlara əhali özü məşğul olur. Amma ağacların qırılması ilə bağlı problemlərlə üzləşirlər”.
Qeyd edək ki, Azərbaycanda 2000-ci ildə atmosfer havasına çirkləndirici maddələr atan stasionar mənbələrin sayı 9839 olub. Stasionar mənbələrdən ayrılan və tutulan (zərərsizləşdirilən) maddələrin miqdarı 111 min ton olub ki, bu da tullantıların cəmi 18 faizini təşkil edib. Hazırda Bakıda və digər iri şəhərlərdə avtomobil nəqliyyatının havanı çirkləndirməsi kifayət qədərdir.
Avtomobillərdən Bakı şəhərinin atmosferinə atılan zəhərli maddələrin orta illik miqdarı 300 min tona çatıb. Avtomobil nəqliyyatı tullantılarının tərkibində olan qurğuşun insan orqanizminə təhlükəli təsir göstərir və yüksək zəhərləyici xüsusiyyətlərə malikdir. Tullantılar atmosferin aşağı qatlarında küləksiz günlərdə zəif yayılır. Belə havada şəhərin mərkəzi küçələrində güclü şəkildə qalxan hava kütlələri hakim olur və zəhərli tullantılar çox da uzaq məsafəyə yayıla bilmir. Ən çox tullantıların yığılması hündür binaların aralarında və şəhərin ən alçaqda yerləşən məhəllələrində müşahidə olunur. Qeyd edək ki, hazırda avtomobil parklarında olan maşınların 75-80 faizini yüngül, 20-25 faizini isə avtobus və yük maşınları təşkil edir.