Rus nazirin Saatlıda ölən atası, gürcü qızıyla eşq, “Sənsiz yaşaya bilmirəm”... – <span style="color:red;">Səbuhi Sədəf yazır
23 sentyabr 2019 18:14 (UTC +04:00)

Rus nazirin Saatlıda ölən atası, gürcü qızıyla eşq, “Sənsiz yaşaya bilmirəm”... – Səbuhi Sədəf yazır

...Can verəndə ən son xahişini edib yaxınlarından. Yaxınları deyəndə ki, arvadı Mariya Qriqoryevnadan. Deyib, qonşulara de, onlar mütləq bir klarnet çalan tapsınlar. Tez-tələsik yerli mədəniyyət evinə gedib qonşulardan biri. Mədəniyyət evinin ansamblındakı klarnetçalanın evinin tapıblar, yalvar-yaxar gətiriblər. Gözlərini açıb, beləcə də deyib: “Zeynəb Xanlarovanın “Mən sənsiz yaşaya bilmirəm” mahnısını çal. Özü də zümzümə edib. Elə son sözləri oxuyub qurtaran kimi də keçinib. Mənzilindən rayondakı xristian qəbiristanlığına qədər elə həmin klarnetçalan “Sənsiz yaşaya bilmirəm”i ifa edib bütün küçə boyu. Qəbiristanlığın önündə isə onu orkestr qarşılayıb. Beləcə, təntənəli şəkildə dəfn ediblər.
 
Bəs kim idi bu adam? Saatlıya hardan gəlib çıxmışdı? Və biz bu adamdan niyə bəhs edirik? 
 
İvanov Sergey Yemelyanoviç. 1904-cü ildə anadan olub. Peşəkar hərbçi idi. Polkovnik rütbəsinəcən qalxmışdı. Sovetlər onu haralara göndərməmişdi? Çindən tutmuş, Avropa sərhədlərinə qədər. 1946-cı ildə isə onu Azərbaycana göndərirlər. Dəmiryolu mühəndisi kimi. O dövrlər dəmiryolu hərbiləşdirilmişdi. Mühəndislər isə zabit rütbəsi daşıyırdı. Mayor İvanov əvvəlcə Bakıya yerləşmişdi. Bu həmin vaxt idi ki, mərkəzi Tiflisdə yerləşən Zaqafqaziya Dəmiryolları İdarəsi artıq üç yerə bölünmüşdü. Azərbaycan, Gürcüstan və Ermənistan dəmiryolları, necə deyərlər, “müstəqillik” əldə etmişdi. 
 
İvanov olduqca bacarıqlı kadr sayılırdı. Dəmir yolunda böyük təcrübəsi vardı. 
1948-ci ildə İvanovu Azərbaycan SSR Dəmiryolları İdarəsinə çağırırlar. Onu Saatlıya göndərirlər. Elə ömrünün axırınadək də Saatlıda çalışır.
 
Saatlı yeni rayon idi, 5 ildi yaradılmışdı. Rayonun adı əvvəlcə Cəfərxan olmalıymış. İndi rayon ərazisində kənddir Cəfərxan. Amma həmin ərəfədə bu yerlərə gələn Mircəfər Bağırov nədənsə Saatlı kəndindən rayon mərkəzi formalaşdırır. Əslində bunun bir səbəbi də Saatlı dəmiryolu stansiyası idi. Saatlı stansiyası strateji bir yer sayılırdı onda. İranla sərhədin demək olar ki, 100 kilometrliyində olan bu ərazidən cənuba doğru gedən yük və sərnişin qatarlarına ciddi nəzarət var idi. Sergey İvanova isə Ələtdən ta Horadizə qədər məsafəni həvalə etmişdilər.
 
Vaxtıyla onun qonşusu olmuş Lidiya Urum danışır:
 
- O, peşəkar hərbçi, istedadlı mühəndis idi. Dəmiryolunda elə bir sahə yox idi ki, bilməsin. Ələt stansiyasından Horadizə qədər sahənin təmirindən tutmuş, siqnalizasiya sisteminə, yol boyu stansiyalara, onların fəaliyyətinə Sergey Yemelyanoviç nəzarət edirdi. Çox intizamlı, dəmir kimi bir adam idi.
 
Hə, bu intizamlı, dəmir kimi adam Saatlıda tək deyildi. O, xanımı Mariya Qriqoryevna və övladları Nikolay və Yelenayla birgə gəlmişdi Saatlıya. Həmin vaxt onlar məhz dəmiryolçular üçün tikilmiş ikimərtəbəli binada məskunlaşmışdılar. Yeri gəlmişkən, həmin binanın az qala yüz yaşı var. Və indi İvanovların evində başqa adamlar yaşayır. Elə uşaqları da Saatlıda rus məktəbinə getmişdilər. Burda rus məktəblərinin olması sizə təəccüblü gəlməsin. 19-cu əsrin sonlarında çarizmin köçürmə siyasəti nəticəsində Muğan düzündə xeyli rus koloniyaları yaranmışdı. İndiki Saatlı ərazisində Severskoye, Petropavlovka, Nikolayevski və sairə kəndlər salınmışdı. 
 
Lidiya xanım deyir ki, Sergey Yemelyanoviçin arvadı Mariya xanım uşaq bağçasında çalışırdı.
 
- Zənnim məni aldatmayıbsa, bağçada aşpaz idi. Biz bir binada yaşayırdıq. Hətta bir mərtəbədə. Uşaqları ilə dost idik. Bir yerdə oxuyur, oynayırdıq. Yelena mənimlə yaşıd idi, Nikolay isə iki yaş kiçik. Hə, Yelena da sonra dəmiryolçu oldu. Dəmiryolu texnikumuna daxil oldu. Oranı bitirdi 57-ci ildə. Onu təyinatla Ukraynaya göndərdilər. Daha dəqiqi, Donetskə. Nikolay isə əsgərliyə gedəndən sonra Bakıda qaldı. Yaxın vaxtlaracan dəqiq Bakıdaydı. Amma eşitdiyimə görə, indi Rusiyadadır. 
 
Hə, Saatlıda hamı elə bilirdi ki, Sergey İvanovun elə iki övladı var. Amma…
 
…Onlar Moskvada tanış olmuşdular. Gənc Yelena Saqiraşvili və Sergey. Eliko - onu ata və anası belə çağırırdı - Pankisi dərəsində, Axmetidə anadan olmuşdu. Yaxşı oxuduğuna görə Moskvaya göndərmişdilər. Orda Ali Milis məktəbinə daxil olmuşdu. Oranı uğurla başa vurmuşdu. Mayor rütbəsinə qədər irəliləmişdi. Pensiyaya çıxanda Moskva şəhər Sovet rayonunun Dövlət Avtomobil İnspeksiyasının rəisi idi. Sergeylə ailə həyatı qurandan sonra onların İqor və Nina adlı övladları dünyaya gəlir.
 
“Biz beş uşaq idik. Eliko ən böyüyümüz. Mən ən kiçiyi. Sergeylə Elikonun izdivacına atam və anam etiraz etmədi. Çox mehriban idilər, bir-birini çox sevirdilər. Onların övladları İqorla Nina hər yay tətilinə Axmetiyə gəlirdilər. Ta böyük uşaq olanadək. Yadımdadı, Sergey Yemelyanoviç İqorun hərbçi olmasını istəyirdi. Elə bacım da. Ona görə də İqoru Moskva Suvorov hərbi məktəbinə qoymaq istəyirdi. Amma tibbi yoxlanışdan keçə bilməmişdi İqor”.
 
Bunu isə Levan Davidoviç Saqiraşvili deyir. Və onu da əlavə edir ki, İqor Suvorov məktəbinə daxil olmaq ərəfəsində ataları Sergey İvanov Elikodan çoxdan ayrılmışdı. İqor isə sonradan Moris Tores adına Moskva Xarici Dillər İnstitutunun ispan dili fakültəsinə daxil olmuşdu. Sonradan elə o ali məktəbi bitirəcək, İspaniyadakı sovet səfirliyində birinci katib vəzifəsini tutacaqdı. Daha sonra səfir təyin ediləcəkdi. Həmin ərəfədə isə Sergey Yemelyanoviç artıq yaşlaşacaq, təqaüdə çıxacaq və gününü həyətdəki uşaqlarla keçirəcəkdi.
 
Qonşusu Olqa Fyodorovanın dediklərindən:
 
- Mən uşaq idim. Amma hələ də yadımdadır. Uzun, ağ saqqalı vardı. Hardasa şaxta babanı xatırladırdı. Uşaqları çox sevirdi, lap çox. Harada uşaq gördü, konfet verirdi, başını sığallayırdı. Cibindən konfet əksik olmazdı. Elə biz uşaqlar da yeri düşəndə onu nəyəsə qonaq edirdik. Ya nar verərdik, ya da nə isə onun bunun bağından oğurladıqlarımızdan. (Gülür) Onun uşaqları məndən çox böyük idi, yəni rəfiqə olacaq yaşda deyildik. Bircə o yadımdadı ki, Sergey Yemelyanoviç vəfat edəndən sonra qızı Yelena Ukraynadan gəlib Mariya xalanı apardı. Elə oradaca vəfat etdi. Yelenanın isə indi harda olduğunu bilmirəm. Hə, bir də onu bilirəm ki, onun birinci yoldaşından da iki övladı vardı. 
 
Saatlı rayon tarix diyarşünaslıq muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Sürəyya Muğanlı (Zeynalova) da maraqlı açıqlama verir.
 
- Həddən artıq dünyagörüşü olan, savadlı bir insan idi. Saatlının evlərini bir-bir tanıyırdı. Heç “JEK”-in özü belə bu sahədə onun qədər informasiyalı deyildi. Onda elə topoqrafik xəritələr vardı ki, qiymətə gəlməz. Çoxlu çertyojları vardı. Qiymətli kitabları. Onlar hara yoxa çıxdı, bilinmədi. İndi onun evində başqa adamlar yaşayır. Tamam başqa adamlar. 
 
...Həmin ünvana gedirik. Qapını cavan bir oğlan açır. Heç bir sualımıza cavab vermək istəmir. Bizim “Bilirsənmi, bu ünvanda vaxtıyla kim yaşayıb?” sualımıza isə başını bulayıb “yox” cavabını verir.
 
Tofiq dayı isə əksinə, bizi qonaqpərvərliklə qarşılayır. Unikal adamdı. Keçmiş dənizçi Tofiq kişi. 
 
- Çox gözəl insan olub. Oğlu bilirəm ki, İspaniyada səfir idi. Sonra ona daha böyük vəzifə verdilər. Deyəsən, Rusiyanın Qəhrəmanıdır həm də. Yaddaşım bunları deyə bilir ancaq. 
 
Hə, yaddaş məsələsini düz deyir Tofiq dayı. Zarafat deyil, ölümündən 44 il keçib Sergey Yemelyanoviçin. Az deyil axı.
 
...Ölümündən bir neçə il əvvəl Sergey İvanovu Bakıya çağırırlar. Azərbaycan SSR-in Dəmiryolları İdarəsinə. Və onu da tapşırırlar ki, rəsmi geyinsin, bütün orden və medallarını taxsın. Deyilən kimi də edir. Deyilən vaxtda da idarədə olur. Oradan isə onu Azərbaycan SSR Xarici İşlər Nazirliyinə aparırlar. Bura niyə? Heç nə başa düşmür. Ağlına bircə o gəlir ki, yəqin əmək veteranı kimi xaricə göndərəcəklər. Nazirin otağında girəndə isə duruxub qalır. Nə edəcəyini bilmir. Qarşısında ucaboylu bir nəfər durmuşdu. Kiçik İvanov. Onları baş-başa buraxırlar. Və həmin vaxt onların nədən söhbət etdiyini heç kim bilmir. Bəlkə heç vaxt bilməyəcək də.
 
Lidiya Urumun dediklərindən:
 
- Həmin ərəfədə o, SSRİ xarici işlər nazirliyində tərcüməçi işləyirdi. Bakıya niyə gəldiyini deyə bilmərəm. Bir dövlətdə yaşayırdıq, əlbəttə, rəsmi səfər deyildi. Böyük ehtimalla atasını görmək üçün gəlmişdi. Elə Bakıdanca geri qayıtmışdı, Moskvaya. Sonradan isə İspaniyada SSRİ-nin səfirliyinə göndərmişdilər. Əvvəl birinci katib, sonra isə səfir olmuşdu. Amma nə dəfninə, nə də ondan sonra gəlməmişdi. Ögey qardaş və bacısıyla isə əlaqəsi yox idi.
 
***
 
Zaman: 1999-cu il, 2 sentyabr.
Məkan: Bakı, Prezident Sarayı 
 
Əvvəlcə prezident Heydər Əliyev rəsmi qonağı salamlayır. Sonra qonaq çıxışa başlayır. Rusiya prezidenti Boris Yeltsinin salamlarını çatdırır. Və çıxışına belə davam edir:
 
- Mən ünvanıma “buraya çoxdan gəlmək lazım idi” iradını tam olaraq qəbul edirəm. Bunun niyə baş vermədiyini izah edən səbəblər axtarmayacağam.
 
İndi, üstündən 20 il keçəndən sonra bu sözlərlə ali qonağın Bakıda hansı mesajın verdiyini təxmin edə bilmərəm. Amma aşağıda yazacaqlarım təxmin deyil: bayaqdan haqqında söhbət açdığımız şəxs – ömrünün 27 ilini Saatlıda yaşayan, orada vəfat edib orada da dəfn olunan Sergey Yemelyanoviç... 6 il Rusiyanın xarici işlər naziri olmuş İqor Sergeyeviç İvanovun atası idi...
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7523

Oxşar yazılar