7209
15:18
20 Sentyabr 2019

Hadi Rəcəbli bu yaşadək uşaqlara veriləcək puldan DANIŞDI

Əhalini ciddi maraqlandıran və daim müzakirəyə səbəb olan məsələlərdən biri bütün uşaqlara 18 yaşına qədər uşaqlara sosial müavinətin verilməsidir.
18 yaşadək uşaqlara sosial müavinətin verilməsi hələ ki gündəmdə olmasa da, gələn ildən 3 yaşınadək uşaqlara bu imkan tətbiq oluna bilər.
Məsələ ilə bağlı Lent.az -a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Azərbaycanda 3 yaşına qədər bütün uşaqlara sosial müavinətin təyin olunması ilə bağlı müzakirələrin aparıldığını bildirib: “Mən də istəyirəm ki, ölkədə 18 yaşına kimi bütün uşaqlara sosial müavinət təyin olunsun. Amma bugünkü maliyyə imkanına görə 3 yaşına qədər bütün uşaqların müavinətlə təmin olunmasını istəyək. Bundan başqa, istəyirik ki, doğuşa görə verilən məbləğ 200 manatdan 300 manata qədər artırılsın, 4-dən çox övladı olanlar çoxuşaqlı hesab olunsun. Bunun da maliyyə tutumu öyrənilir”.
Komitə sədri bu günə qədər dövlətin uşaqlarla bağlı həyata keçirdiyi sosial islahatları bir daha xatırladıb: “Hazırda sağlamlıq imkanları məhdud olan 18 yaşına kimi uşaqlara sosial müavinətin məbləği 150 manata çatdırılıb. Ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 80 manata, valideynlərini itirmiş uşaqların müavinəti 100, müddətli hərbi xidmət qulluqçularının övladlarına verilən məbləğ 100 manata çatdırılıb. 5-dən çox övladı olan ailələrə hər uşağa görə verilən sosial müavinət 55 manatdır. Uşağın anadan olmasına görə verilən sosial müavinətin məbləği 200 manat olub. 18 yaşa qədər birinci qrup əlil uşaqlara qulluğa görə verilən vəsait isə hazırda 50 manatdər”.
Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Bayramov bildirib ki, Azərbaycanda uşaqpulu ilə bağlı İtaliya modelinin tətbiqi daha məqsədəuyğundur: “Biz müxtəlif ölkələrin modeli ilə bağlı araşdırma apardıq və İtaliya modelinin Azərbaycan üçün daha uyğun olduğunu düşünürük. Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlirlilik səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11 422 avroyadək olan ailələrə hər uşağa görə ayda 250 avro ödənilir. Ailənin gəliri artdıqca, uşaq pulu məbləği dəyişir. İtaliyada qanunla müəyyənləşdirilmiş həddən az gəliri olanlara uşaq pulu verilir ki, bu da onların sosial təminatının gücləndirilməsi baxımından vacibdir”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda 4 min manat aylıq gəliri olan üçün 100 manat uşaq pulu ciddi rəqəm hesab olunmaya bilər, amma 400 manat qazanan ailə üçün bu əhəmiyyətli dəstəkdir: “Yəni, imkanlı ailənin uşaq puluna ciddi ehtiyacının olmaması gəliri az olanların bu imkandan faydalanmasına əngəl olmamalıdır. Bu baxımdan, İtaliya modelindəki kimi, az gəlirli ailələrin uşaqların sayına görə uşaq pulu alması daha məqsədəuyğun hesab oluna bilər.
Bunun üçün Azərbaycanda “Gəlirlərin bəyannaməsi haqqında” qanunun qəbuluna ehtiyac var. Kimin varlı, kimin kasıb olduğunu müəyyənləşdirmək üçün dövlət qulluqçuları daxil olmaqla hamının gəlirlərini bəyan etməsi vacibdir. Bu həm də şəffaflığın gücləndirilməsi baxımdan da çox vacibdir. Bu zaman artıq sosial qayğıya və ya uşaq puluna ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi mümkündür. İkinci mərhələdə isə az gəliri olan ailələrə uşaqların sayına uyğun uşaq pulu formasında birbaşa ödəniş mümkündür. Bu həmin ailələrin sosial müdafiəsinin gücləndirilməsi baxımından vacib hesab oluna bilər. Bu baxımdan, uşaq pulunun bərpasında İtaliya modelinin tətbiq edilməsi həm ailələrin gəlirlərinin müəyyənləşdirilməsinə, həm da gəliri az olan ailələrin uşaq pulundan faydalanmasına imkan verəcək”.
V. Bayramov bildirib ki, bu mexanizm ünvanlı sosial yardım ilə eyni deyil və birbaşa uşaq sayına hesablanmış modeldir: “Bu modelin tətbiq edilməsi ildə 800 milyon manata yaxın xərc tələb edəcək. Bu büdcə üçün ciddi maliyyə yükü yaratmamaqla, istehlak bazarında qiymət tarazlığını da pozmayacaq”.
Qeyd edək ki, Azərbaycanda 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Yaşı tamam olmayan uşaqların sayı 144 min, 1 yaşda olanlar 157,8 min, 2 yaşda olanlar 164.4 min və 3 yaşı tamam olanlar 168,2 min nəfərdir.