268
03:50
14 Sentyabr 2019

ABŞ və Braziliya Amazon meşələrinin qorunmasına 100 mln. dollar ayıracaq

ABŞ və Braziliya Amazon meşələrinin qorunmasına 100 milyon dollar sərmayə ayıracaq, əsas vəsaitlər isə özəl kapital hesabına ödənəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Morqan Ortaqus açıqlamasında bildirib.

“Dövlət katibi Mayk Pompeo bu gün Vaşinqtonda ABŞ-Braziliya strateji ortaqlığı mövzusunda dialoqa başlamaq üçün Braziliyanın xarici işlər naziri Ernesto Araujo ilə görüşüb. Dövlət katibi Pompeo və nazir Araujo 11 il ərzində özəl sektorun rəhbərliyi ilə 100 milyon dollarlıq investisiya fondunun yaradılmasını təsdiqləyib. Fondun məqsədi Amazoniyanın bioloji müxtəlifliyinin qorunması olacaq”, - məlumatda belə deyilir.

Qeyd edək ki, Amazon meşələrində güclü yanğınlar bir aydan çoxdur davam edir və beynəlxalq ictimaiyyətin yüksək reaksiyasına səbəb olub. Ötən həftə Kolumbiya, Peru, Ekvador, Braziliya, Boliviya və Surinamın liderləri bölgənin taleyi ilə bağlı bir zirvə toplantısı keçiriblər və Amazon meşələrini qorumaqda dövlətlərin gələcək qarşılıqlı fəaliyyətini təyin edəcək sənəd - Letisiya Paktı imzalanıb.