191
10:06
13 Sentyabr 2019

Səbail rayonunda ali məktəblərə qəbul olunanlarla görüş keçirilib

Sentyabrın 12-də Səbail rayon İcra Hakimiyyətində 2018-2019-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirilib.
Lent.az -ın məlumatına görə, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məktəb direktorları və 600-dən yüksək bal toplayan tələbələlər və onların valideynləri iştirak ediblər.
Tələbə adını qazananları təbrik edən Səbail RİH başçısı Vuqar Zeynalov ölkədə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib: “Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ümummilli lider Heydər Əliyev tərəfindən aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. Ulu Öndər müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşmış, təhsil Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə inkişafa qədəm qoyub. Həmin siyasət bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə respublikamızın təhsil sahəsində “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri uğurla həyata keçirilir. Bütün bu qeyd olunanları nəzərə alaraq, siz, əziz gənclərimiz, vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin əsl sahibinə çevrilməlisiniz. Mən tələbə adını qazanmış hər bir gəncimizə Ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbindən öyrənməyi, azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərimizə bağlı, yeni fikirli, müasir gənclər kimi müstəqil Azərbaycan naminə fəaliyyət göstərməyi arzulayıram. Bir daha ali təhsil müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunlarımızı, onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini təbrik edirəm”.
Diqqətə çatdırılıb ki, bu il ölkəmizin ali məktəblərinə qəbul olmuş səbailli məzunların 54 nəfəri 600 və 600-dən yuxarı bal toplayıb.
Tədbir zamanı Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev və 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova çıxış edərək ötən tədris ilində əldə olunan uğurlardan danışıblar.
Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə hədiyyələr təqdim olunub, daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdiriblər.