“Bolşoy Teatr”ın ağsulu solisti: <span style="color:red;">“Oteldən ora elə qaçdım ki...” - Eksklüziv
06 sentyabr 2019 19:52 (UTC +04:00)

“Bolşoy Teatr”ın ağsulu solisti: “Oteldən ora elə qaçdım ki...” - Eksklüziv

Atəş Qarayev. Əslində, bu ad sizə heç nə deməyəcək. Bəs, dünyaca məşhur “Bolşoy Teatr”? Hə, onun adını eşitməyən var ki? Bax, əslən Ağsunun Ləngəbiz kəndindən olan bu cavan oğlan bir qədər əvvəl həmin “Bolşoy Teatr”ın solisti seçilib bu yaxınlarda.

Bu xəbəri iə bizə dostlar verdilər. Elə ardınca da Atəşi axtarmağa başladıq. Xəbərin sevincindən hələ də həyəcanlydı.

Deyir, Bakı Musiqi Akademiyasında “Bolşoy Teat”rın gənclər truppasına dinləyiş olacağını eşidən kimi, ora yazılıb.

- İlk tur Bakıda oldu. “Bolşoy Teatr”ın gənclər truppasının truppa müdiri Dmitri Yuryeviç Vdovin və Makvala Kasrasşvili Moskvadan dinləyişə gəlmişdilər. Mən ilk dinləyişdən uğurla keçdim. Moskvaya, bu dəfə “Bolşoy Teatr”a, ikinci tura dəvət edildim. Dinləyiş teatrın “İstoriçeski” adlı səhnəsində keçirilirdi. Yatsam yuxuma da girməzdi ki,  o səhnəyə çıxaram nə vaxtsa. İkinci dinləyişdən sonra finala vəsiqə qazandım. Və final. Düzü çox həyəcanlıydım. Finalı “Bolşoy teatr”ın “Yeni səhnə”sinə salmışdılar. Son mərhələni də keçdim. Amma qalibləri həmin an elan etmədilər. Bizə dedilər ki, iki saat gözləyin. Mən qaldığım otelə getdim. Bu iki saat həyatımda ən həyəcanlı dəqiqələr oldu. Təxminən deyilən vaxt mənə zəng gəldi: “Tez teatra gəl”. Hələ də seçilməyimə inanmırdım. Tatra qaça-qaça getdim. Məni Dmitri Yuryevic özü qəbul elədi. Təkcə bunu dedi: “Sənə teatrımızın yeni mövsümündə uğurlar arzulayıram. İndi siz mənim halımı təsəvvür edin də…Hə, mən gənc solist kimi truppaya düşən ilk azərbaycanlıydım “Bolşoy Teatr”ın tarixində.

- Opera, klassik musiqi. Hardan idi səndə bu həvəs, meyl…

- Uşaq vaxtı bir dəfə televizorda üç tenor, Pavarotti, Dominqo və  Karerasın konsertinə baxdırdım. Məndə elə bir təəssürat yaratdı ki? Təsəvvür edin, konsert bitdi, amma mən televizorun qarşısından dura bilmirdim. Məhz onda qərar verdim ki, mütləq opera müğənnisi olacam. Bir söz də deyim. Yaxın zamanda repertuara salınacağıma əminəm. Çünki indidən repertuarda olan tamaşaları mənə öyrətməyə veriblər. Hazırda çoxlu konsertlər və qastrol gözlənilir. “Bolşoy Teatr”da böyük perspektivim var. Əvvəldən danışmağı sevmirəm, amma bircə onu deyim ki, çox böyük məqsədlər qoymuşam qarşıma. İnşallah onlara çatanda, ilk olaraq sizinlə bölüşəcəm sevincimi.

- Bəs ilk musiqi təhsilini harada almısan?

- Mən 10 avqust 1993-cü ildə anadan olmuşam. Musiqiyə marağımı görən valideynlərim məni Süleyman Ələsgərov adına musiqi məktəbinə qoydular. Həm muğam, həm də fortepiano kursunda təhsil alırdım. 2008-ci ildə Şuşa Musiqi Kollecinin fortepiano şöbəsinə daxil oldum və 2012-ci ildə oranı bitirdim. Daha sonra hərbi xidmətə yollandım. Hərbi xidmətdən qayıdan kimi Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera oxuma” kafedrasına, professor, Azərbaycanın Əməkdar artisti Hüseyn Əliyevin sinfinə daxil oldum. Universitetin 1-ci kursundan Azərbaycan Dövlət Opera Balet Teatrının dəvətiylə solist kimi işləməyə başladım. 2019-cu ildə Azərbaycan Dövlət Akademik musiqili teatrının solisti oldum. Ta “Bolşoy teatr”a qəbul olunana qədər. “Bolşoy Teatr” mənim xəyallarım idi. Bu xəyalların gerçəkləşməsinə görə, başda Hüseyn Əliyev olmaqla bütün müəllimlərimə, valideynlərimə və Allahıma borcluyam.

.

 

# 1822
avatar

Səbuhi Sədəf

Oxşar yazılar