Azərbaycanda ət istehsalı azalmayıb  - <span style="color:red;">RƏSMİ
16 avqust 2019 13:43 (UTC +04:00)

Azərbaycanda ət istehsalı azalmayıb - RƏSMİ

Son günlər, ölkəyə ət idxalının artımı, yerli ət istehsalının azalması və ətin qiymətinin qalxacağı ilə bağlı mətbuatda əsassız şərhlərə rast gəlinir.

Bunu Lent.az-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə  bildirib.

Bu məsələ ilə bağlı bir neçə dəfə açıqlamalar verdiklərini xatırladan direktor, bir sıra məqamlara toxunub: “Bu ilin 7 ayı ərzində ölkəyə 20,6 min ton quş əti, 5,2 min ton dondurulmuş mal əti idxal olunub. Ancaq bu mətbuatda daha çox mal ətinin idxalının artımı kimi təqdim olunur. İkincisi, quş əti idxalının artımı yanlış olaraq ümumi ət idxalının artımı kimi təqdim olundğuna görə “ekspertlər” buna izah da tapıblar ki, bəs demiyəsən pambıq sahələri genişləndirildiyinə görə ət istehsalı azalıb. Əvvəla, pambıq sahələrinin genişlənməsi 2018-ci ilə qədər gedib (bu il 30 min ha azalıb), həmin ildə də mal əti idxalı 9,2 min tondan 8,3 min tona düşüb. Digər tərəfdən, dediyimiz kimi, idxal olunan daha çox sənaye üsulu ilə quş ətidir ki, bunun da pambıqla heç bir əlaqəsi yoxdur. Üçüncüsü, Comtrade beynəlxalq ticarət məlumatları bazasına əsasən, ölkəyə idxal olunan ət məhsullarının həcmi 2014-cü ildə 110 milyon dollar, 2015-ci ildə 63, 2016-cı ildə 39, 2017-ci ildə 62, 2018-ci ildə isə 67 milyon dollar olub”.

Direktor qeyd edib ki, ortamüddətli dövr üzrə ölkəyə ət idxalında real olaraq azalma trendinin olduğunu demək daha doğrudur. Onun sözlərinə görə, ölkəyə idxal olunan quş ətinin və dondurulmuş mal ətinin istehlak təyinatında böyük xüsusi çəki emal və turizm sənayesinə məxsusdur: “Kim son illərdə mağazadan hardansa idxal olunmuş quş əti alıb? Bizə idxal olunan quş əti əsasən emal təyinatlı bud və filedən ibarətdir. Bu sənaye sahələrinin inkişaf tələbatına uyğun olaraq ölkəyə quş ətinin və dondurulmuş mal ətinin idxalı da davam edəcək. Yeri gəlmişkən, ABŞ-a 5 milyard dollarlıq, Almaniyaya 8 milyard dollarlıq, Hollandiyaya 4,6 milyard dollarlıq, Fransaya 5,8 milyard dollarlıq ət idxalının da əsas istehlak təyinatı emal və turizm sənayesinin tələbatına əsaslanır”.

 

 

 

 

# 1344
avatar

Aygün İbrahimli

Oxşar yazılar