Qan içində qalan "poz qazan"  satıcısı onu bağışladı: “Qoca adamdı...”
27 noyabr 2025 10:54 (UTC +04:00)

Qan içində qalan "poz qazan" satıcısı onu bağışladı: “Qoca adamdı...”

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda tanışını bıçaqlayan Əbdüləli Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, zərərçəkmiş İlkin Ələsgərov təqsirləndirilən şəxsi tanıdığını bildirdi:

"Mən lotereya satıcısıyam. Əbdüləlinin 89 manat  borcu olduğuna görə onu  yaxınlaşmağa qoymadım. Dedim ki, borcunu ödəsin, ondan sonra onu "poz qazan"a yaxın qoyum. Telefonunu qoydu ki, gedib  gətirirəm. Amma şüşədən müşahidə elədim ki, getməyib, oturub qıraqda. Dedi ki, qapını açım, borclu olduğu pulu gətirib. Qapını açan kimi dedi ki, ağıllı ol. Sonra bıçaqla üstümə cumdu. Bıçaq qarın nahiyəmə dəydi, bunu itələyəndə bu dəfə bıçaq böyrəyimə gəldi. Elə bu zaman tanımadığım cavan uşaq Əbdüləlini arxadan qucaqlayıb çəkdi qırağa. Dostum Əvəz yaxınlıqda işləyirdi, getdim yanına, Əbdüləlinin məni bıçaqladığını deyib qanı saxlamaq üçün ondan parça, salfetka istədim. Ondan sonrasını xatırlamıram, gözümü xəstəxanada açdım. Qoca, yaşlı adamdır, bağışlayıram getsin".

Şahid Zeynalov Əvəz hadisəni görmədiyini, lakin həmin gün İ.Ələsgərovu qan içində görərək, ona kömək etdiyini  bildirib.

Dövlət ittihamçısı çıxış edərək Ə.Həsənovun 8 il müddətinə həbs olunmasını, məhkəmə zalında onun həbs olunmasını istəyib.

Təqsirləndirilən şəxs bağışlanılmasını istəyib.

Daha sonra məhkəmə 11 dekabr saat 09:30-a təyin edilib.

Xatırladaq ki, hadisə iyun ayında  paytaxtın Binəqədi rayonunda baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Əbdüləli Həsənov mübahisə zamanı üzərində olan bıçaqla tanışı 1979-cu il təvəllüdlü İlkin Ələsgərovu bıçaqlayıb. Əbdüləli Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və Əbdüləli Həsənov Cinayət Məcəlləsinin 126.2.4, 221.3 maddələri ilə ittiham elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 438

Oxşar yazılar