
Azərbaycan tankçılarının yarımfinala yüksəldiyi “Beynəlxalq Ordu Oyunları"ndan REPORTAJ
Rusiyada keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarının 5-ci günü arxada qalıb. Rusiya Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu yarışlarda Azərbaycan hərbçiləri də iştirak edirlər. Yarışlar çərçivəsində müxtəlif müsabiqələrə qatılan hərbçilərimiz artıq bir sıra uğurlara imza atıblar.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya da daxil olmaqla, 10 ölkədə keçirilən “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında iştirak edən Azərbaycan hərbçiləri “Dəniz Kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi” və digər müsabiqələrdə iştirak edirlər.
Alabino poliqonu - Rusiyanın ən böyük hərbi obyektlərindən biri
Vaxtı ilə Sovet İttifaqının, daha sonra isə Rusiyanın ən məşhur hərbi hissələrindən biri olan Moskva vilayətinin Kubinka rayonunda yerləşən Alabino poliqonunda keçirilən yarışlara maraq böyükdür. Yarışların keçirildiyi hərbi hissə ərazisinə görə Rusiyanın ən böyük hərbi obyektlərindən sayılır.
Burada yerləşən “Patriot-Ekspo” Konqres Sərgi Mərkəzində yarışlarda iştirak edən ölkələrin stendləri quraşdırılıb. Sərgi mərkəzində ən maraqlı stendlərindən biri məhz Azərbaycana məxsusdur. Azərbaycanın hərb tarixi, mədəniyyəti, adət-ənənələri barədə ətraflı məlumatların yerləşdirildiyi stend yerli və xarici qonaqların marağına səbəb olub.
Azərbaycan Müdafiə Nazirliyi Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisi, general-mayor Ənvər Əfəndiyev APA-ya açıqlamasında yarışların təsis olunduğu ilk gündən Azərbaycan hərbçilərinin “Beynəlxalq Ordu Oyunları”na qatıldığını bildirib: “Artıq beşinci dəfədir ki, bu yarışlarda iştirak edirik. “Tank biatlonu”, “Artileriya atəşinin ustaları”, “Səhra mətbəxi”, “Hərbi-tibbi estafet”, “Snayper həddi”, “Dəniz kuboku” kimi müsabiqələrdə hərbçilərimizin iştirakı uğurla davam edir. Artıq hərbçilərimiz bır sıra müsabiqələrdə növbəti mərhələyə adlayıblar”.
“Beynəlxalq Ordu Oyunları”nın ən aparıcı müsabiqələrindən biri “Tank biatlonu”dur. Onlarla ölkənin iştirak etdiyi bu müsabiqədə Azərbaycan tankçıları da özlərini sınayırlar. Alabino poliqonunda baş tutan bu yarışda tankçılarımız iki qrupda mübarizə aparırlar. Birinci və ikinci divizionda mübarizə aparan tankçılarımız artıq uğura imza ataraq yarımfinala vəsiqə qazanıblar. Bu gün “Tank biatlonu”nun birinci və ikinci divizionunun yarım final estafetinin püşkatması keçiriləcək və Azərbaycan tankçılarının rəqibləri bəlli olacaq.
Azərbaycan hərbçilərinin uğurla iştirak etdiyi müsabiqələrdən biri də “Səhra mətbəxi”dir. “Beynəlxalq Ordu Oyunları”nın maraqla izlənildiyi müsabiqələrindən olan "Səhra mətbəxi" öz spesifik xüsusiyyətləri ilə seçilir. Belə ki, hərbçilərə verilən ərzaqlarla onlar müəyyən olunmuş vaxt ərzində müxtəlif yeməklər hazırlayaraq, münsiflər heyətinə təqdim etməlidirlər. Hərbçi aşpazlarımız eyni qrupda yer aldıqları Qazaxıstan və Monqolustanı qabaqlayaraq, bu müsabiqənin ikinci mərhələsinin qalibi olublar.
Ümumiyyətlə Azərbaycan mətbəxinə “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində keçirilən sərgidə böyük maraq var. Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Azərbaycan mətbəxinin nümayiş olunduğu stendə baş çəkib. Rusiyalı generallara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.
Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin arxa cəbhə idarəsinin ərzaq xidmətinin məsləhətçi mühəndisi polkovnik-leytenant Vaqif Musayev Azərbaycan mətbəxi ilə bağlı Sergey Şoyqunu məlumatlandırıb. V. Musayev APA-ya açıqlamasında Azərbaycan stendində nümayiş olunan milli mətbəximizin nümunələrinin S. Şoyqu və V. Gerasimovun böyük marağına səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, V. Gerasimov Azərbaycan dolmasından dadıb. S. Şoyqu Azərbaycan şirniyyatlarına maraq göstərib. Rusiya Müdafiə nazirinə paxlava hədiyyə olunub.
Qeyd edək ki, “Beynəlxalq Ordu Oyunları – 2019” yarışları avqustun 17-dək davam edəcək.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45