"Bu qürur hissini ömrümün sonuna qədər daşıyacağam" - Mansur Yavaş
25 iyul 2019 10:53 (UTC +04:00)

"Bu qürur hissini ömrümün sonuna qədər daşıyacağam" - Mansur Yavaş

Türkiyənin paytaxtı Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın APA-ya müsahibəsi

- Mansur bəy, Ankara ilə Bakı “Qardaşlaşmış şəhər” elan olundu. Bu layihənizə Bakı ilə əlaqədar hansı fəaliyyətlər daxildir?

- Ankaramızın bir çox ölkənin paytaxt şəhərləri ilə imzaladığı əməkdaşlıq protokolları var. Bakı ilə qardaş şəhər protokolunun imzalanmasından sonra iki şəhər arasında iqtisadi əlaqələrdən vətəndaşlarımızın sağlamlığına, ətraf mühitdən nəqliyyata, inşaat işlərindən şəhər planlanmasına və mədəniyyət tədbirlərinə qədər bir çox sahədə müştərək fəaliyyətlərimiz olacaq. İki paytaxt şəhərin sakinlərini bir-birlərinə tanıdacaq tədbirlər nəzərdə tutmuşuq.

 

- Bakı ilə “Qardaşlaşmış şəhər” protokolunun rəhbərliyiniz dövründə imzalanmasının Sizin üçün başqa mənası olduğunu bildirdiniz. Bu sənədin sizin üçün başqa nə əhəmiyyəti var?

- Azərbaycan ilə Türkiyənin “iki dövlət bir millət” deyimi gənclik illərimdən qəlbimin dərinliklərində yer edən bir ifadə olub. Bir vaxtlar nə qədər maneələr olsa belə, bu iki qardaş ölkənin qarşılıqlı mənəvi bağı itməyib. Ağır, kədərli günlərində də, sevincli, şad günlərində də bir-birlərinə dayaq olub. Ona görə də bu iki qardaş ölkənin paytaxtlarının rəhbərliyim dönəmində qardaşlaşması əlbəttə mənim üçün böyük məna kəsb edir. Bu sənədin imzalandığı an yaşadığım qürur hissini ömrümün sonuna qədər daşıyacağım.

- Ankara simvolik olaraq Türk dünyasının paytaxtı qəbul edilir. Türk dünyasının paytaxtının bələdiyyə sədri kimi hansı planlarınız var?

- Bakı ilə yanaşı, digər qardaş türk dövlətlərinin paytaxt şəhərləri ilə də iqtisadi, ekoloji, nəqliyyat, inşaat, rabitə, səhiyyə, tikinti və az öncə söylədiyim kimi, sosial-mədəni əlaqələrin gücləməsi istiqamətində tədbirlər planı düşünürük. 

- Ankarada Müstəqil Azərbaycanın ilk qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan məktəb var: Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Litseyi. Bələdiyyə seçkilərində siz də o məktəbdə səs verdiniz və məktəbin vəziyyətini gördünüz. Təhsil müəssisəsinin direktoru APA-ya məktəbdə Rəsulzadə adına layiq olan bir guşə yaradılması arzusunu bildirmişdi. Bu mövzuda sizin düşüncəniz nədir?

- Əgər belə bir istək varsa, bunu əlbəttə reallaşdırmaq mümkündür. Bu istəklərini rəsmi olaraq Ankara Böyük şəhər Bələdiyyəsi Sədrliyinə bildirərlərsə, mütləq lazım olan tədbirlər görülər. Azərbaycanın ilk lideri, böyük sayğı ilə andığımız Məhəmməd Əmin Rəsulzadənin adı qəlbimizdə yaşayır və yaşamağa davam edəcək.

- Ankarada Heydər Əliyev parkında Azərbaycanla əlaqəli bir proqram təşkil ediləcəyini bildirmişdiniz. Bu, necə bir proqram olacaq?

- Bu mövzu əslində Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşümüz zamanı gündəmə gəldi. Qarşılıqlı olaraq mədəniyyət tədbirlərinin keçirilməsinə qərar verdik. Ankaranın Batıkent ərazisində yerləşən Heydər Əliyev parkında Azərbaycan mədəniyyət və sənət adamlarının da iştirakı ilə ortaq bir proqram təşkil etməyi planlaşdırdıq. Bu cür tədbirləri də zamanla daha da intensivləşdirməyi düşünürük.

- Türkiyədə yaşayan azərbaycanlıların fikrincə, Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərərsə, bu, Türkiyə-Azərbaycan əlaqələrinin daha da genişlənməsinə kömək edər. Bu məsələ reallaşarsa, Ankaraya bələd olan bir rəhbər kimi Azərbaycan üçün bu mərkəzi paytaxtınızın harasında görürsünüz?

- Biz də Azərbaycan-Türkiyə əlaqələrinin daha əhatəli, geniş və daha doğma olması arzusundayıq. Belə bir məsələyə məqbul baxırıq. Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişlənməsi üçün hansı addımları atmaq lazımdırsa, hər şəkildə dəstək verməyə hazırıq. Üzərimizə düşən vəzifəni sevə-sevə yerinə yetirərik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798

Oxşar yazılar