Fətəli Xan Xoyskinin qətlə yetirildiyi gün
20 iyun 2019 09:03 (UTC +04:00)

Fətəli Xan Xoyskinin qətlə yetirildiyi gün

O gündən 99 il keçir. Belə bir şəxsiyyətin, liderin Azərbaycan tarixindəki yerindən, varlığından uzun illər xəbərsiz olmuşuq. Heç olmasa, bu gündən sonra öyrənək, bilək və hər zaman xatırlayaq. Xatırlayaq ki, bir də itirməyək.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri, görkəmli dövlət xadimi  Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində (indiki Şəki) anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının kazak leyb-qvardiya alayının general- leytenantı idi. İskəndər xan Xoy və Şəki xanlarının nəsil şəcərəsinə daxildir. Fətəli xanın anası  Şərəbanı xanım dövrünün tanınmış ziyalısı Hacı Molla Zeynalın qızı idi. 

 

Xoy şəhərinin hakimi  olmuş  ulu babası Cəfərqulu  xan vaxtilə İran hökmdarı  Fətəli şahın ordusu ilə  müharibədə məğlub olduqdan sonra  20 min nəfərlik qoşunla  Araz çayını keçərək Üçkilsəyə - Eçmiədzinə sığınmışdı.

 

Təhsilini Yelizavetpol (Gəncə) şəhər gimnaziyasında başa çatdırdıqdan sonra  Fətəli xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. O, universiteti 1897-ci ildə 1-ci dərəcəli diplomla  bitirib  və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün  namizəd təyin olunub. Ümumiyyətlə, ali təhsil aldıqdan sonra Fətəli xan vəzifə pillələri ilə  sürətlə irəliləyərək dövlət başçısı postuna qədər yüksəlib.

 

Universitet illərindən sonra Gürcüstanın Kutaisi, Zuqdidi və Suxumi şəhərlərində  bir neçə il hüquqşünas  vəzifələrində çalışdıqdan sonra Fətəli xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət Dumasına  müstəqil millət vəkili seçilib.  Müxtəlif məqsədli komissiyalara üzv və katib  seçilib.

 

Geniş ictimai iş aparan  Fətəli xan Xoyski II Dövlət Dumasında müsəlman fraksiyasının üzvü olub. O, çarizmin  xalqların köçürülmə siyasətinin əleyhinə çıxış edir,  kadet  partiyasının platformasına  daha çox üstünlük verirdi. 1917-ci il  Fevral inqilabından sonra həmin ilin aprel ayında Bakıda keçirilən I  Qafqaz müsəlmanları qurultayının iştirakçısı olub. Həmin ilin  may ayında Moskvada keçirilən I Ümumrusiya müsəlmanlarının  qurultayında Ümumrusiya Müsəlmanları  Şurası İcraiyyə Komitəsinin üzvü seçilib. Bitərəf qaydada  Müsavat  partiyasının I qurultayında (26 -  31 oktyabr) iştirak edən Fətəli xan  Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi.  O, 1917-1918-ci illərdə  Bakı şəhər Dumasına  rəhbərlik edib və   Zaqafqaziya Federasiyası Komissarlığının  xalq maarif  komissarı vəzifəsində çalışıb. Zaqafqaziya Seyminin  üzvlüyü ilə bərabər  Müsavatda  demokratik bitərəflər  fraksiyasına da  daxil olub. Aprel ayında Fətəli xan Zaqafqaziya Federasiyası hökumətinin ədliyyə naziri təyin edilib. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may - 7 dekabr) üzvü, mayın 27-də isə  Milli Şura İcraiyyə Komitəsinin sədri seçilib.

 

Zaqafqaziya Seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas  çağırıblar. Yığıncaq Cənubi Qafqazın şərq  ərazilərinin  idarə olunmasını öz üzərinə götürmək qərarına gəlib və özünü  Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurası adlandırıb . Milli Şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradılıb.  Şuranın vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə nəzərdə tutulan  planların həyata keçirilməsi idi. Həmin iclasda  Fətəli xan  Xoyski icraiyyə orqanının sədri seçilib.

 

Ertəsi gün Milli Şuranın ilk iclası keçirilib.  Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində  duran əsas məsələlər  idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idi.  Fətəli xan Xoyski  öz növbəsində  yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması  və Azərbaycanın müstəqilliyini elan etmək,  digər ölkələrlə danışıqlara başlamaq təklifini erdi. Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə  Şura Azərbaycanın  dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul edib. Fətəli xan Xoyski müvəqqəti hökumətin tərkibini açıqlayıb  və özü orada hökumətin  başçısı və daxili işlər naziri vəzifələrini tutub. Mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan  Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra ölkələrin  xarici işlər nazirlərinə radioqram göndərib. Radioqramın mətni belə idi:

 

“Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma,

 

Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva,

 

Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen

 

Xarici işlər nazirinə

 

Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də  Azərbaycanın istiqlaliyyətini elan etmişdir.  Azərbaycan Respublikası yaradılmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumət  müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir.

 

İmza  Fətəli xan Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri.”

 

Lakin Azərbaycanın düşmənləri xarici təsirləri gücləndirir, müstəqilliyimizə zərbə vururdular.

 

1918-ci il  sentyabrın 15-da Nuru Paşanın komandanlığı ilə  Qafqaz Türk-İslam Ordusunun hissələri bolşevik-daşnak qoşunlarını darmadağın edərək Bakıya  daxil oldu. Növbəti gün Azərbaycan milli  hökuməti Bakıya   köçüb. Bakının paytaxt elan edilməsinə görə  Fətəli xan  Xoyski sevinən azərbaycanlıları təbrik edir,  sonra şəhərin küçələrinə çıxaraq açıq avtomobildə gedərək əhalini salamlayırdı.

 

Lakin çox keçmədi ki, Fətəli xan hökumətin bəzi  üzvlərinin neftlə bağlı qanunsuz əməllərinə etiraz əlaməti olaraq  istefa verib. Bundan sonra  o, Azərbaycan Parlamentinin 7 dekabr  tarixli iclasında xarici işlər naziri postunu tutub. Zaqafqaziya respublikaları nümayəndələrinin  25 aprel- 30 may 1919-cu il tarixdə Tiflisdə keçirilən  konfransında  Fətəli xan Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edib.

 

1920-ci il aprelin 28-də Azərbaycan XI qırmızı ordu tərəfindən işğal ediləndən sonra  Fətəli xan Xoyski Tiflisə köçüb, orada isə cəmi bir neçə gün yaşayıb. İyun ayının 19-da  orada xaincəsinə  qətlə yetirilib. Onu izləyən   Daşnaksütyun partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açaraq qətlə yetiriblər. Bununla da Azərbaycan xalqı öz görkəmli dövlət xadimlərindən birini itirib.

 

Fətəli xan  Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbristanlığında dəfn edilib. Onun dəfn mərasimini o zaman Tiflisdə fəaliyyət göstərən İran konsulluğu həyata keçirib. Öyrənək və hər zaman xatırlayaq. Xatırlayaq ki, bir də itirməyək!

# 1088
avatar

Oxşar yazılar