Müqəddəs Məryəmin altındakı Azərbaycan xalçası, Bağırova məktub, başı baltalı qaban balaları – Səbuhi Məmmədli yazır
19 iyun 2019 18:48 (UTC +04:00)

Müqəddəs Məryəmin altındakı Azərbaycan xalçası, Bağırova məktub, başı baltalı qaban balaları – Səbuhi Məmmədli yazır

- ...Adəməm, qismət olmadı gəndüm,

Niyə baxmaz o nikzat mənə?

Nə Bicodan gəlib mənə gəndüm,

Nə verir həbbeyi-Boyat mənə.

 

Eşitmisən belə bir şeir? Özün də şirvanlısan. Seyid Əzimindi. Hər il kişinin taxıl payını biz göndərmişik. Amma həmin il nə baş verirsə, Seyidin taxıl payı getmir. Beləcə, bizə sataşır.

Bunu deyib də gülür Seymur. Ağsudayıq. Bakıdan vur-tut 170 km aralıda yerləşən Bico kəndində. Necə deyərlər, düz qulağımızın dibində yerləşir Azərbaycanın ən qədim kəndlərindən biri. Az qala Şamaxıyla eyni yaşdadır. Amma nələr varmış bu kəndin tarixində, nələr…

 

(Əvvəli: https://lent.az/news/318066)

 

Biconun hər tərəfi tarixdir. Azərbaycanın öyrənilməmiş tarixi. Əslində arxeoloqlar üçün bu kənddə axtarış aparmaq üçün də elə bir çətinlik yoxdur. Necə deyərlər, haranı qazırsan, yerin altından nəsə çıxır. Təsəvvür edin, bir neçə il əvvəl burada aparılan arxeoloji qazıntılar zamanı e.ə. III-II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatlar tapılıb.

 

2010-cu ilin elə bu günlərində, Bico kənd orta məktəbinin direktoru, tarixçi Yaşar Qarayevə məxsus həyətyanı sahədə 1 metr dərinlikdə torpaq qəbir aşkar edilib. Fikir verin, cəmi 1 metr dərinlikdə. Həmin vaxt qəbir kamerasında tapılan skelet torpağın ağırlığından əzilərək dağılmış və bu səbəbdən onun istiqamətini müəyyən etmək mümkün olmamışdı. Skeletin yanından orta ölçülü açıq narıncı rəngli dolça və boz rəngli küp də aşkar edilmişdi. Qəbir kamerasından yuxarı hissədə isə saxsı qab fraqmentləri tapılmışdı. Əldə edilmiş maddi mədəniyyət nümunələri əsasında qəbirin e.ə. II əsrə aid olduğu müəyyənləşdirilmişdi. Kənd ərazisində əvvəllər də dəfələrlə bu cür tapıntıların rast gəlinib. Amma  bəzən ya sakinlər, ya da aidiyyəti qurumların laqeydliyi nəticəsində itib gedib.

 

Kənd sakini, şair Abdulla Sanqalanlının dediyinə görə, belə qəbirlərə, küplərə rast gələn sakinlər çox vaxt qəbir altında və ya yan-yörəsində qızıl əşyaların olduğunu zənn edib, onu qazıb dağıdırlar: “Heç kimin ağlına gəlmir ki, əslində tarixin hansısa izini məhv edirlər. Kimə nə deyəsən, necə izah edəsən”.

 

Tarixdən söz düşmüşkən, Bico xalçaları bir başqa mövzunun söhbətidir. Daha doğrusu, araşdırmanın. Xalçaçılıq ta qədimlərdən Bicoda təşəkkül tapıb. Azərbaycan xalçaları içərisində mürəkkəb naxışlı qədim Bico xalçalarında heyvan və insan təsvirlərinə də rast gəlinir. Yaşar müəllimin dediyinə görə,  Kanadadan, ABŞ-dan tutmuş Londona, Roma və ya Parisə qədər dünyanın əksər muzeylərində Bico xalçalarına rast gəlmək olar.

 

- Sizə bir tarixi faktı deyim. Məşhur Niderland rəssamı Hans Memlinqin “Məryəm öz körpəsi ilə” tablosunda məhz Bico xalçasının təsviri yer alıb. O tabloda müqəddəs Məryəmin əyləşdiyi taxtın altındakı xalçaya diqqətlə baxın. Bu fakt dünyanın əksər ilmə ustaları tərəfindən təsdiqlənib. 

 

*** 

Bicolularun həmişə fəxr etdikləri bir məqam da var. Bu kənddə təhsil həmişə yüksək səviyyədə olub. Bico, kənd olmasına baxmayaraq, Şirvanın, eyni zamanda Azərbaycanın zəngin elm və mədəniyyətinin inkişafında xüsusi paya malikdir. Hələ orta əsrlərdən elm və ürfana diqqəti ilə ətraf ərazilərdən seçilən Bicoda Muhəmməd Əmin ibn Sədrəddin Şirvani kimi şəriət alimi, Babaş Əfəndi Mikayılzadə, Molla Tacəddin kimi din xadimləri yetişib.

 

Bu kənd Azərbaycanın neft iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr vermiş geologiya üzrə məşhur akademik Ədhəm Şıxəlibəylinin, yeni neft yataqlarına aid neft növlərinin tərkib və xassələrinin tədqiqi ilə bağlı nailiyyətlərə görə “Avropanın Fəxri Alimi” adına layiq görülmüş, əməkdar elm xadimi, professor Fəzilə Səmədovanın vətənidir.

 

Vaxtıyla Ağsunun elə bir məktəbi yox imiş ki, orda bir bicolu müəllim olmasın. Amma indi durum o qədər də yaxşı deyil. İş o yerə çatıb ki, Bico kənd orta məktəbi 2017-ci ildə özünə məxsus anti-rekorda imza atıb. Mövcud olduğu az qala 100 il ərzində orta məktəbi bitirən bircə məzun belə həmin il ali məktəbə sənəd verməyib.

 

Bu məktəbin Canalı Mirzəyev kimi az qala trilleri xatırladan ömür yaşamış müəllimi də olub. 1908-ci ilin may ayının 14-də Şamaxı qəzasının Bico kəndində, çoxuşaqlı kəndli ailəsində doğulan Canalı kiçik yaşlarında anası Ağapərini itiib. Uşaq yaşlarından bütün Şirvanda elm və mərifət sahibləri kimi tanınan Hacı Molla Məhyəddin, Hacı Molla Bağı, Babaş Əfəndi Mikayılzadənin məclislərində iştirak edib, elm, təhsilə maraq göstərib. 1918-ci il qanlı Pirəmsaq döyüşünün canlı şahidi olub. Onun taleyinə də sonradan döyüş yazılacaqdı.

 

Böyük Vətən Müharibəsi başlayanda Canalı Mirzəyev də müharibəyə gedir. 1942-ci ilin dekabrında Stalinqrad döyüşündə ağır yaralanır. Tiflisdə hospitalda müalicə alır. Müalicəsini başa vurduqdan sonra isə sağ əl barmaqlarını itirməsi səbəbindən cəbhə bölgəsinə qaytarılmır. Orduda göstərdiyi xidmətlərə görə bir çox orden və medallarla təltif edilir. Əvəzində Canalı Mirzəyev Sovet xüsusi xidmət orqanlarının tapşırığı ilə mayor rütbəsində İrana göndərilir.

 

1943-cü ilin ortalarında vətənə qayıdan Canalı Mirzəyev həmin il Bico kənd orta məktəbinə direktor təyin edilir. Amma çox keçmir, müharibə illərində olduqca ağır həyat şəraiti üzündən tamamilə dağılmış Gəgəli kənd orta məktəbinin fəaliyyətinin bərpası üçün ora direktor göndərirlər. O, həyat yoldaşı Ziba xanımla birgə Gəgəli məktəbinin yenidən fəaliyyət göstərməsinə nail olur. Hətta həyat yoldaşının səyi nəticəsində kənd qızlarının və yaşlı qadınların da təhsilə cəlb edilməsi o vaxtlar üçün nadir hadisə hesab edilirdi.

 

1947-ci ildə Gəgəlidə kənd fermasında təxminən 50 baş iri buynuzlu mal-qaranın yanması faktından istifadə edən Bakıdan göndərilmiş erməni əsilli prokuror Martirosov bu hadisəyə siyasi don geyindirərək, iyirmiyə yaxın kənd sakinini həbs etdirir. Canalı Mirzəyev məsələyə müdaxilə edir, Martirosovu qərəzdə ittiham edir. Bu qalmaqalın böyüməsinin qarşısını almaq üçün Bakıdan göndərilən nümayəndələr Canalı müəllimin hərəkətini hökumət işçisinə təzyiq kimi qiymətləndirirlər. Onu cəzalandırırlar. Canalı Mirzəyev Kürdəmir rayonunun Ərəbmehdibəy kənd 7 illik orta məktəbinə göndərilir.

Haqsız təqiblərə və ədalətsizliyə boyun əyməyən Canalı müəllim baş verənlər barədə Mircəfər Bağırova məktub yazır. Hələ 1943-cü ildə İrana göndərilmiş zabitlər heyətinin tərkibində Canalı Mirzəyevi qəbul etmiş Bağırovun xüsusi tapşırığı ilə məsələ araşdırıldıqdan sonra Azərbaycan SSR Maarif Nazirliyinin 1950-ci il 18 avqust tarixli 54 nömrəli əmri ilə Canalı Mirzəyev yenidən doğma kəndi Bicoya orta məktəb direktoru vəzifəsinə təyin olunur.

 

Canalı müəllim məktəbdə təkcə direktorluq etmir. Təsəvvür edin, məktəbin maddi-texniki bazasının zənginləşdirilməsi, müxtəlif fənn müəllimlərinin cəlb edilməsi ilə yanaşı, öz ata-baba yurdunun böyük bir hissəsini Bico kənd orta məktəbinin binasının tikintisi üçün təmənnasız olaraq məktəbə hədiyyə edir. Həmin dövrdə rayonda ilk dəfə olaraq məhz Bico kənd orta məktəbinə rus və ingilis dili müəllimləri təyinat alır.

***

Bico həm də zəngin folklor məskənidir. Dostumuz Seymur deyir ki, Bicoya folklorçulardan ibarət bir ekspedisiya təşkil edilsə, onlar buradan böyük bir irslə gedərlər.

 

- Burdan elə bayatılar, holavarlar, atalar sözləri yığıb apararlar ki... Mən hələ itib-batan dastanları demirəm. Vaxtıyla üç gün, üç gecə dastan deyib söz qoşan aşıqlar da qalmayıb artıq. Dünənəcən bizim toylarda güləşərdilər, yarışardılar. İndi bunların hamısı itib gedir. Gedir yox e, getdi. Nə isə, düşək aşağı. Bir azdan buralarda qurdlar ulaşacaq. Hava da qaralır.

 

Dağdan enirik. Yolboyu Allah bilir neçənci bulaqdı rastımıza çıxar. Əyilib su içirik.

 

- İstəyirsən, sənə bir Bico lətifəsi danışım?

 

- Danış.

 

- Bizdə bir Abdulla var. Deyir, bir gün getmişdim meşəyə odun yığmağa. Gördüm bir qaban qaça-qaça düz üstümə gəlir. Özümü itirmədim. Tez baltanı atdım, girdi təpəsinə, qaldı təpəsində. Özü isə qaçıb getdi. Bir ildən sonra yenə həmin yerdə odun yığırdım. Gördüm, həmin qaban başında da həmin balta gəlir. Qabanın da dalınca 7 dənə balası. Balalarının da başında balaca baltalar…

 

Uğunub gedirik…

 

 

# 1419
avatar

Oxşar yazılar