Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – <span style="color:red;">Səbuhi Məmmədli yazır
18 iyun 2019 16:57 (UTC +04:00)

Qaçaq Haramının pusqusu, ölüm aclığı, bir ildə 6 qəhrəman qazanan Azərbaycan kəndi – Səbuhi Məmmədli yazır

- ...Adəməm, qismət olmadı gəndüm,

Niyə baxmaz o nikzat mənə?

Nə Bicodan gəlib mənə gəndüm,

Nə verir həbbeyi-Boyat mənə.

Eşitmisən belə bir şeir? Özün də şirvanlısan. Seyid Əzimindi. Hər il kişinin taxıl payını biz göndərmişik. Amma həmin il nə baş verirsə, Seyidin taxıl payı getmir. Beləcə, bizə sataşır.

Bunu deyib də gülür Seymur. Ağsudayıq. Bakıdan vur-tut 170 km aralıda yerləşən Bico kəndində. Necə deyərlər, düz qulağımızın dibində yerləşir Azərbaycanın ən qədim kəndlərindən biri. Az qala Şamaxıyla eyni yaşdadır. Amma nələr varmış bu kəndin tarixində, nələr…

Biz bütün bunlara qayıdacağıq. Hələ ki Sanqalana, bicoluların isə Bico adlandırdığı dağa çıxırıq. Az qala bütün Şirvanın ovuc içində göründüyü Sanqalana.

Seymur deyir, bu dağ vaxtıyla qaçaq Haramı Seyidəhmədin məskəni olub.

- Oturarmış bu dağın təpəsində, baxarmış dəvə yoluna, gözündən bircə karvan yayınmazmış. Onun qorxusundan sarbanlar karvanları bu ərazilərdən gecə vaxtı keçirirmişlər. Karvanları soyub, kasıb-kusuba paylayarmış. Amma ətraf kəndlərdə, necə deyələr, agentura sistemi də qurubmuş. Gecə karvanlarının vaxtını da ona deyərmişlər. Uzun illər bu dağlarda sığınacaq tapıb qaçaq Haramı. Sonradan pusquya salıb öldürüblər. Bax, burda isə 18-ci ilin mayında ermənilər toplar qoyub, kəndi atəşə tutublar. Amma ondan əvvəl nələr olub, bilirsənmi?

 

Hə, doğrudan da çox dəhşətli, amma ən əsası bir qəhrəmanlıq tarix yaşayıb Bico. Həmin ərəfədə silahlı erməni dəstələri Bağırlı, Ləngəbiz, Qəşəd kəndlərini viran qoyub taladıqdan sonra Bicoya yaxınlaşırlar. O zamanlar Şamaxıda yaşayan, amma əslən Bicodan olan Babaş əfəndi Mikayılzadə yaşadığı ictimai və siyasi mühitin fəal iştirakçılarından olduğu üçün ermənilərin soyqırımı planından əvvəlcədən xəbər tutmuşdu. O, bicolu Şahalı yüzbaşı ilə bir-neçə dəfə görüşərək, onu kəndin müdafiəsi üçün hazırlıqlarla bağlı təlimatlandırmışdı. Bicolu kişilər qadınları və uşaqları dərələrdə gizlədərək, onlara məğlub olacaqları halda dağlara qaçıb gizlənmələrini tapşırmışdılar. Şahalı yüzbaşı danışıq üçün quldur dəstəsinin qarşısına çıxmış, kəndə girməyəcəklərinin müqabilində onlara mal-qara və ya qızıl verilməsini təklif etmişdi. Ermənilər razılaşmayıb, onsuz da kəndi ələ keçirib Biconu talan edəcəklərini bildirmişdilər. Belə olan halda balta, yaba, xəncər, dəryaz və bir-neçə tüfənglə silahlanan bicolular Bico kəndi ilə Keşdiməz kəndi arasındakı dərədə, Pirəmsaq deyilən ərazidə təxminən 400 nəfərdən ibarət erməni hərbi dəstəsinin qarşısına çıxmalı olmuşdu. Seymur deyir ki, kəndin yaşlı nəslinin vaxtilə söylədiklərinə görə, bu döyüşdə tüfəngdən açılan ilk atəşlə erməni hərbi dəstəsinin başçısı öldürülüb, düşmənin çaş-baş düşdüyünü görən bicolular onlara hücuma keçiblər. Özləri də çoxlu tələfat vermələrinə baxmayaraq, ermənilər darmadağın ediliblər. Pirəmsaq döyüşündə ermənilərdən cəmi 6 döyüşçü döyüş meydanından qaça bilib. Onların da dördü Bico kəndinin indiki qəbiristanlığının ərazisində yaxalanıb və öldürülüb, ikisi isə sağ qalaraq Şamaxı istiqamətində qaçmağa və baş verənləri oradakı erməni quldur birləşmələrinin komandanı Stepan Lalayana xəbər verməyə imkan tapıblar. Kəndə qarət məqsədilə basqın edən ermənilər Bicoda bu cür kəskin müqavimətlə qarşılaşacaqlarını ağıllarına belə gətirmirlər. Bakıdakı daşnak və bolşeviklərdən əlavə qüvvə alan Şamaxıdakı erməni birləşmələri qisas üçün Bico kəndinə daha böyük sayda qoşun yeritmək qərarına gəlir. Bu plandan xəbər tutan bicolular kəndin əhalisini qırğına verməmək üçün onları Ağsu, sonra da Göyçay istiqamətində köçürürlər.

 

- 1918-ci ilin elə iyun günlərində onlar Sanqalana iki döyüş topu yerləşdirərək, kəndi vururlar. Kənddə xeyli ev dağıdılır. Ən dəhşətlisi isə o olur ki, ermənilər 12-ci əsrdə tikilmiş məscidi də dağıdırlar. Azərbaycanın ən qədim məscidlərindən biri imiş o məscid. 100 ildən çoxdu dağıdılıb, amma həmin yerə hələ də camaat ”Məscid yeri” deyir. Bicolular isə kəndə bir də Qafqaz müsəlman ordusuyla bir yerdə qayıdırlar. Amma ermənilər bir vəhşiliyə də əl atırlar. Bico məğlubiyyətin səbəbkarlarından biri hesab etdikləri Babaş əfəndi Mikayılzadınin hər iki qaynını ailə üzvləri ilə birlikdə Şamaxıda işgəncə ilə öldürürlər.

Biconun qəhrəmanlıq tarixi təkcə bununla bitmir. Təkcə bu faktlar sübutdur. Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayevin dediyinə görə, bu kənddən Böyük Vətən müharibəsinə 350 nəfər gedib. 166 nəfəri o müharibədən qayıtmayıb.

 

- O müharibədə qəhrəmanlıqlar göstərənlərdən biri də Toğrulun babası Fərəc kişi olub. Bildinizmi hansı Toğruldu? Hə, aprel şəhidi Toğrul Fərəczadə. O Toğrul ki, evin yeganə oğlu idi və qəhrəmancasına həlak oldu Vətən torpağı üçün.

 

Maraqlısı odur ki, Toğrulun oxuduğu məktəb də onun əmisi oğlunun adını daşıyır. Əfqanıstanda qəhrəmancasına həlak olan Arif Cəbiyev Toğrul Fərəczadənin doğma əmisi oğludur. Ümumiyyətlə, bu balaca kənd Qarabağ döyüşlərində 7 şəhid verib.

 

Bico təkcə qəhrəmanlarıyla tanınmır. Yazının əvvəlində nahaq Seyid Əzimdən, bicoluların ona hər il taxıl payı göndərməsindən söhbət açmadıq. Hə, Bico həmişə taxılıyla məşhur olub. Taxılçılıq ənənəsi güclü olan Bico elə olub ki, bütöv bir bölgəni taxılla təmin edib. Hətta İkinci dünya müharibəsi dövründə və ondan sonrakı qıtlıq illərində bütün regionda demək olar ki, yeganə bol məhsulu ilə seçilən Bicoda İsmayıllı, Şamaxı, Mərəzə bölgələrindən onlarla ailə gəlib sığınacaq tapıbmış. Bütün Şirvan az qala Bico çörəyinin ümidinə yaşayırdı. Yeri gəlmişkən, yazıçı Əbülhəsənin bu barədə oçerklər kitabı çap edilib.

 

Bico, nəinki Azərbaycanda, SSRİ-də yeganə kənd olub ki, bir ildə, 1948-ci ildə 6 əməkçisi Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Yaşar müəllim deyir ki, həmin il Babakişi Musa oğlu Babaşov, Əli Həzrətqulu oğlu Beydullayev, Fətulla Qəni oğlu Fətullayev, Xudaverdi Salman oğlu Cəbiyev, Məmmədrza Həsən oğlu Dadaşov, Sirac Göycə oğlu Göycəyev bu yüksək ada layiq görülüb.

 

- Babalarımız danışır ki, həmin il məhsul o qədər çox olub ki, Gəncədən tutmuş Salyana qədər insanlar əllərində qızıl, pul, yanlarında heyvan, özü də sürüylə ha, gəliblər taxıl dalınca Bicoya. Bir ilin tədarükünü götürüb, gediblər. Əvvəlcə bir briqadirə və kolxoz sədrinə qəhrəman adı vermək istəyiblər. Amma sonra Biconun bu uğuru barədə Stalinə çatdırıblar. Stalin 6 nəfərin qəhrəman adına layiq görülməsini istəyib. Belə bir hal bir də SSRİ-nin heç bir yerində təkrarlanmayıb. Bunu da Seymur deyir.

 

Seymur onu da deyir ki, 20-ci əsrin 60-80-ci illərində Bico kəndi bölgədə infrastruktur imkanları baxımından analoqu olmayan kənd kimi məşhurlaşmışdı. Asfalt və daş döşənmiş, gecələr işıqlandırılan kəndarası yolları, tək özünü deyil, ətraf kəndləri də təmin edən kənd xəstəxanası, dövrünün ən müasir tələblərinə cavab verən mədəniyyət evi və hamamı, iki məktəb binası, təkcə kənd daxilində mövcud olan 12 daimi axar sulu bulağı, elektrik stansiyası, kənd təsərrüfatı texnikaları üçün iki avtomobil və traktor qarajı Biconu bir çox digər kəndlərdən fərqləndirirdi. İndi isə onların demək olar ki, heç biri qalmayıb.

 

Əvəzində...

 

Sabah biləcəksiniz:

 

- Hansı Niderland rəssamı 100 milyonluq tablosunda Bico xalçasının təsvirləri verilib?

- Az qala bütün Ağsunu müəllimlə təchiz edən bicolular 2 il əvvəl hansı rekordla tarixə düşüblər?

- Bico dağında hansı sirlər gizlənir?

- Məktəb direktorunun həyətini qazanda ordan nələr çıxıb?

- Başında balta qalan qabanın...

Bütün bunlar barədə sabah Lent.az-da. Hə, ən əsası, Azərbaycanda görünməmiş, eşidilməmiş bir olay...

 

Lent.az-da qalın...

 

Səbuhi Məmmədli

# 3346
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar