Misirdə Nəsiminin Azərbaycan dilində əlyazması tapıldı
12 iyun 2019 10:00 (UTC +04:00)

Misirdə Nəsiminin Azərbaycan dilində əlyazması tapıldı

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur  Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.
 
Birlikdən APA-ya verilən məlumatda bildirilir ki, S.Nəsirov dahi şairin əlyazmalarını onunla bağlı apardığı tədqiqatlar əsnasında, Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə ("Dər əl-Kutub əl-Misriyyə") aşkarlayıb.
 
Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib. Azərbaycan dilində olan əlyazmanın uzərində Nəsimi Külliyatı yazılıb. Bu külliyat şer və nəsrdən ibarətdir. Şerlərin çoxu rubai və məsnəvi üslubunda yazılıb. Arasında qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli beytindən bəhs edir.
 
S.Nəsirovun ən çox diqqətini çəkən isə ərəb əlifbasının sırasına uyğun olaraq, sonu eyni hərflə bitən ayrı-ayrı şerlərin olması olub. Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliq xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi 1535-ci il), Pir Əhməd İskəndər oğlu tərəfindən nəqş olunub.
 
Fars dilində olan əlyazma isə nisbətən kiçik həcmdədir və sadəcə şerlərdən ibarətdir. Adı "Divan Nəsimi"dir. Şikəstə xəttinə bənzəyən nəstəliq xətti ilə yazılıb. Əlyazmanın vərəqlərinin eni 11 sm, uzunluğu 16 sm, sayı səksən altıdır.
 
Birlikdən o da bildirilib ki, S.Nəsirov 20 ildən çoxdur, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, 250-dən çox azərbaycanlı alim haqqında iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı onlarla məqalənin müəllifidir.
 
Qeyd edək ki, “Misir Kitablar Evi” "(Dər əl-Kutub əl-Misriyyə") dünyanın ən məşhur kitabxanalarından biridir.
# 3482
avatar

Oxşar yazılar