288
16:53
11 İyun 2019

Son 5 ildə metroya 25 yeni vaqon alınıb - RƏSMİ

2014-cü ildə "Bakı Metropoliteni" QSC təsis edildikdən sonra bu istiqamətdə görülən işlərin nəticəsi kimi, 2015-ci ildən başlayaraq metropolitenin lokomotiv təsərrüfatında müasirləşmənin əsası qoyulub. Bu barədə Lent.az -a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən müddət ərzində 25 yeni nəsil vaqonları alınaraq, sərnişindaşıma prosesinə qoşulub. Bu mənada cari il alınacaq vaqonların sayına görə daha fərqli olacaq.
Xatırladaq ki, “Bakı Metropoliteni” QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıdadır.
“Transmaşholdinq" Səhmdar Cəmiyyəti ilə bağlanmış müqaviləyə görə il ərzində metropolitan üçün daha 20 vaqon istehsal ediləcək. Həmin şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi 81-765. B81-/766.B modelli bu vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. Sazlama və sınaq işlərindən sonra istifadəyə veriləcək yeni 10 vaqon əvvəlki nümunələrindən xeyli fərqlənir. Yeni vaqonların qapıları daha enlidir, açılıb-bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib.
Bundan başqa, vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Baş vaqonlarda əlil arabacıqları üçün yerlər ayrılıb.