180
14:06
03 İyun 2019

ETSN-dən meşə yanğınları ilə bağlı vətəndaşlara və turistlərə MÜRACİƏT

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşıdan yay günlərinin gəlməsini, havaların isti və quraq keçməsini nəzərə alaraq təbiətə istirahətə gedən vətəndaşlara, turistlərə müraciət edib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ONA -ya bildirib ki, təbiət qoynunda istirahət edənlər yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməli, odla ehtiyatlı davranmalı, söndürülməmiş kibriti, siqaret kötüklərini ətrafa atmamalı, piknikdə olan zaman ərazini tərk etməmişdən qabaq tonqalları söndürməli, fermerlər biçənəkləri yandırmamalıdırlar.
Nazirlik rəsmisi deyib ki, bəzən istirahətdə olanların, kənd sakinlərinin, fermerlərin, sürücülərin ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolaqları, ağaclar, yaşıllıqlar yanır: "Bu hallar ETSN-ni olduqca narahat edir. Bu hallar baş verməsin deyə sürücülər, vətəndaşlar dizel yanacaqları, bitki yağları, benzin kimi mayelərə bulaşmış materialları, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar, müəssisələr, fermer təsərrüfatları, eləcə də əhali meşəyə həmsərhəd olan sahələrdə qurumuş otları, kövşənləri biçin dövrü başa çatdıqdan sonra yandırmasınlar, meşə sahələrinə yaxın kəndlərin sakinləri mütləq şəkildə yanğın təhlükəsizlik qaydalarına əməl etsinlər.
Bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, yaşıllıqları qorumağa çağırırıq”.