<b>Quranın Qədr sürəsi əks olunan <span style="color:red;">KERAMİKA  əsəri… -  <span style="color:red;">ŞƏKİ  Simpoziumundan <span style="color:red;">REPORTAJ  </b>
27 may 2019 17:43 (UTC +04:00)

Quranın Qədr sürəsi əks olunan KERAMİKA əsəri… - ŞƏKİ Simpoziumundan REPORTAJ

Müxtəlif ölkələr, müxtəlif sənət əsərləri, fərqli baxışlar və bunların cəmləndiyi bir məkan. Burada sərhəd, dil, din tanımadan ölkələr fəth edən mədəniyyətlər nümayiş olunur. Hamını birləşdirən isə keramika sənətidir.
 
Söhbət “ABAD” publik hüquqi şəxs tərəfindən Şəki rayonunda keçirilən “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumdan gedir. 
 
Təşkil olunan media turla səhər saatlarında Şəkiyə yola düşürük.
Yazın bu çağında gözəl təbiəti ilə şəhər bizi yağışla qarşılayır. “Belə havada bəs yaradılan əsərlər quruyarmı:”, fikri düşündürsə də, az sonra  ani çıxan günəş sanki suallarımıza cavab verir. 
Burda sənətkar ordusu var, 14 ölkədən, 22 keramist- sənətkar iştirak edir. 
 
Media nümayəndələrinə və ümumiyyətlə, ətraflarında olan heç kimə fikir vermədən, öz yaradıcı dünyalarındadırlar. Yaradıcı insanların fərqləndiyini deyirlər axı, burda bunun əsl şahidi olursan. 
 
Bizi "Təbiətdən Tarixə" adlı Keramika üzrə Beynəlxalq Simpoziumun kuratoru Mirteymur Məmmədov qarşılayır. Həyəcanlı və sevincli olduğunu görməmək mümkün deyil. Deyir ki, bu Simpozium Azərbaycan üçün bir qələbədir: 
 
“SRRİ vaxtında belə simpoziumların olmasına çalışmışam, amma alınmayıb. Dünyanın o başından gələn iştirakçılar var ki, bu da Simpoziumun nüfuzundan xəbər verir. İştirakçı rəssamlar dünyaca tanınmış, ömrünü sənətə verən, ölkələrində kifayət qədər tanınan rəssamlardır”.
Keramikaçı deyir ki, sənətkarların yaratdığı  əsərlərin hamısı burda qalacaq: “Simpozium başlayandan bu günə qədər demək olar ki, 80 faiz işlər görülüb. Bir az bizə yağışlı hava mane olur, qalan hər şey yolundadır”. 
 
Mirteymur Məmmədov ölkənin turizminin tanıdılması baxımından ən zəngin PR-ın belə simpoziumlar olduğunu deyir: “Çünki burda olan bir nəfər iştirakçı ölkəsində bura haqqında məlumat verəcək. Hətta indi onlar sosial şəbəkələrdə simpozium haqqında paylaşırlar və hər kəs Azərbaycandakı sərgidə iştirak etmək istədiyini bildirir”.
 
ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turanə Qasımova bizə Simpozium haqqında məlumat verərək tədbirin keçirilməsi məqsədindən danışır: 
 
"Tədbirin məqsədi xarici sənətkarları yerli sənətkarlarla tanış etmək, təcrübə mübadiləsi aparmaq və keramika sahəsində ənənələrin yaradılmasıdır. İyunun 1-də tədbirin bağlanış mərasimidir. İki həftəlik müddət ərzində onlar özlərinə müvafiq olan, spesifik ölkələrə uyğun sənət əsərlərini  yaradacaq, tədbirin sonunda isə iki həftə ərzində yaratdığı keramika əsərlərini nümayiş etdirəcəklər. 
 
“ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi”i ABAD -ın keramika sahəsində olan ilk pilot layihə, sənətin inkişafı üçün bir infrastruktur idi. Gələcəkdə bu sahədə beynəlxalq simpoziumları davam etdirmək planı ilə yanaşı, yerli keramistlərin marağını nəzərə alaraq Respublika səviyyəsində də  adıçəkilən simpoziumu davam etdirmək fikrimiz var. Yaxın müddətdə ərzində Şəki keramika mərkəzinin davamı olaraq Nardaran keramika mərkəzi də yaradılacaq".
 
T.Qasımova iştirakçıların ölkənin mədəniyyəti  və Mərkəz haqqında kifayət qədər müsbət rəydə olduğunu da bildirir: "Keramika sənəti ölkəmizin ən önəmli hesab olunan və dəsti-xətti ilə seçilmiş sənətkarlara malik sahələrdən biridir. Simpozium vasitəsilə  çalışırıq ki, xarici qonaqların Bakı ilə yanaşı, Şəkiyə olan maraqları da  artsın, regionumuzun zəngin tarixi ilə daha da maraqlansınlar. Əlbəttə də, bu gün bünövrə qoyulur ki, gələcəkdə bu tip beynəlxalq sipmoziumlar davamlı olsun".
 
Simpoziumda həyat yoldaşı ilə birgə iştirak edən İsparta Süleyman Dəmirəl Universiteti Gözəl Sənətlər fakültəsinin dekanı Serap Ünal bu simpoziuma dəvət aldığını və heç düşünmədən qatılmaq istədiyini deyir: 
 
“Bura gəldiyimiz gündən bəri hər kəs bizimlə yüksək səviyyədə maraqlanır. Hamımız fərqli texniklərlə işləyən, keramikanın fərqli hissələri üzrə püxtələşmiş, yetişmiş insanlarıq. Burda hər kəs öz fikirlərini bölüşür, fərqli təqdimatlar edilir, hər kəs öz ölkəsini və hazırladığı işləri  tanıdır”.
 
Bakıya gəlsə də, Şəkiyə  ilk dəfə gələn türkiyəli keramikaçı xanım, bu sahədə Şəki irəlidə türk dünyasının sənət mərkəzinə çevrilmək yolundadır deyir: 
 
“Mən çox ölkələr gəzmişəm, Şəki dünyanın ən gözəl yeridir. Burda toxunulmamış bir təbiət var, bunun qiymətini bilin və xahiş edirəm pozmayın”.
 
Öyrənmək və öyrətmək məsələsinə gəlincə isə Anadoluda olanı sənətkarlığı əcnəbilərə öyrətdiyini bildirir: 
 
“Əslində bu sənətin texnikası eynidir, amma hər kəsin müxtəlif baxışları var”.
 
Çox həvəslə işlədiyi üçün Simpoziumun sonuna qədər yaradacağı əsərlərin sayını soruşanda, indiyə qədər 9-10 əl işi olduğunu, Simpoziumun bitişində gözəl bir  sərgini açacaqlarını deyir. 
 
İraqdan gələn iştirakçı Şanyar Abdullanın Simpoziuma necə qatılmağı bizə maraqlı gəlir. Dərs dediyi universitetdə iordaniyalı tələbə vasitəsilə tədbir haqqında məlumat aldığını və qatılmağa qərar verdiyini deyir: 
 
“Artıq burdayam və hər şey gözəldir, insanlar çox qonaqpərvərdirlər. Burda müxtəlif ölkələrdən fərqli dəsti-xətti olan sənətkarlar var ki, bu da Simpoziumu daha da maraqlı edir”.
 
Sənətkarın hazırda üzərində işlədiyi və bir-birinə zidd və qeyri-adi olan əl işi diqqətimizi çəkir, ölkəsi ilə əlaqədar olub-olmadığını soruşuruq: 
 
“Ölkəmlə əlaqəsi yoxdur, bu, 25 il üzərində çalışdığım sənətin requlyar növüdür. Bu bir abstrak sənət növüdür ki, burda qeyri -requlyar olan formalar var. Sanki iki növ, iki istiqamət birləşib. Burda məqsəd bir-birinə əks olan formaları bir araya yığıb fərq yaratmaqdır. Mən hər iki əsərdə bu fərqlilyi ortaya qoymuşam ki, rənglənəndə bunu görəcəksiniz”.
 
İraqlı keramika ustası burdakı gilin çox keyfiyyətli olduğunu, hər ölkənin keramikasından fərqləndiyini sözlərinə əlavə edir. 
 
Polşadan qatılan rəssam, qrafik, keramikaçı iştirakçı Donata Maria Lesinkanın həcmcə digərlərindən fərqlənən əsərləri diqqətimizi cəlb edir. Keramikadan çox böyük əsərləri olduğunu deyir: 
 
“Mənim məqsədim odur ki, bəyəndiyim əsərlərimi burda da yaradım. Özüm sadəliyi sevirəm və çalışıram ki, bunu əsərlərimdə də əks etdirim. Gördüyünüz kimi, burda da fərqli və sadə qabaritlərdən istifadə etmişəm”.
 
30 il bu sənətlə məşğul olan Rusiyalı iştirakçı Olqa Şkubçenko Şəkini o qədər sevib ki, hətta buradakı dağları, çayları, bir sözlə, təbiəti yaratmağı qərara alıb. 
 
Çexiyalı  Eva Pelokova ölkəsində bu sahənin məşhur olduğunu və keramikanın öz ölkəsindən ixrac olunduğunu deyir: 
 
“Mən gimnaziyada oxuyurdum, amma başa düşdüm ki, elm sahəsi mənlik deyil, sonra keramika sahəsinə gəldim. Düşünürəm ki, bu sənətdə incəlik var”.
 
Quranın Qədr sürəsi əks olunan bir keramika əsəri… - Bu əsərin yaradıcısını axtarırıq. Müəllifin İordaniyadan olan keramika usdası Marvan Tavan olduğunu deyirlər. Yaxınlaşıb söhbətləşəndə deyir ki, Ramazan ayı olduğu üçün, kompoziyasını da bu aya həsr edib. 
Tələbəlik illərindən başlayaraq 21 ildir keramika ilə məşğul oluduğunu bildirən iştirakçı əslində 5 yaşından rəsmə marağı olduğunu deyir: 
 
“Daha sonra isə keramika ilə məşğul olmaq qərarı aldım. İordaniyada insanların keramikaya marağı olsa da, bu sənətlə məşğul olanların sayı azdır”. 
 
Gülə-gülə deyir ki, keramika pullu sahədir və bir az da buna görə məşğul oluram.  
 
Hazırda disk üzərində işləyən Brazilyadan gələn Lika Kruz gildən hazırlanan işlərinə fərqli naxışlar qoyur. 2019-cu il YUNESKO tərəfindən tayfa, qəbilə ili elan olduğu üçün kompoziyasını yerli tayfalara həsr etdiyini: 
 
“Yaratdığım işləri saylarla işarələyəcəm və onların aşağı hissəsində məlumat yerləşdirəcəyəm ki, insanlar həmin işarələri başa düşüb, tayfa haqqında məlumat ala bilsinlər”.
 
“Buranın yeməklərinə isə valeh olmuşam. Şəki şirniyyatı, xüsusilə Şəki halvasını çox bəyəndim. Bunları yedikcə çox kökələcəm və Brazilyaya qayıdanda artıq dieta saxlamalı olacam”- deyir.
 
Məhəmməd Anis Sulhak Banqladeşdən gəlib. Simpoziuma qatılma səbəbi də çox maraqlıdır. Mirteymur müəllimlə sosial şəbəkədə dost olduğu üçün, ona əl işlərini göndərərək Simpoziumda iştirak üçün dəvət alıb. Kompoziyasını qaçqınlara həsr edib: 
 
“Qaçqın qadınlar, qaçqınlar acınacaqlı vəziyyətdədirlər, özlərinin evi yoxdur, haraya aid olub-olmadıqlarını bilmirlər. Hər kəs onları carəsiz insan kimi hiss edir. Kompozisiyamla onlara dəstək  olmağa çalışmışam”.
 
Həmsöhbətim  ən çox işlədiyi mövzuların insanlıqla bağlı olduğunu və qlobal problemlərdən həvəslənərək sənət əsərləri yaratdığını da əlavə etməyi unutmur.
 
Sənətkarla söhbətləşəndən sonar, onlar keramikanın necə çətinliklə başa gəldiyini əyani şəkildə göstərirlər. Burda təkcə əsər üzərində işləmək və onu qurutmaqla iş bitmir. Daha sonar daha çətin mərhələ - onu odda bərkitmək və naxış əldə etməkdir. Bunun üçün su, un və maye qatılmış qarışıqdan istifadə edirlər. 
Sonda isə bir-birindən maraqlı sənət əsərləri ortaya çıxır. 
 
Qeyd edək ki, 1 iyun tarixində baş tutacaq bağlanış mərasimində Simpoziumun iştirakçılarının keramika əsərlərindən ibarət kolleksiya yaradılacaq. 
 
Beləliklə, Simpozium həm də ölkələr arasında mədəni körpüdür. Azərbaycan isə bu körpünün inşasında yaxından iştirak edir. 
# 2509
avatar

Aytən Yusifova

Oxşar yazılar