541
12:07
22 May 2019

"Ermənilər Şuşadakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər" - İcma rəhbəri

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri ilə görüş keçirilib.
ONA -nın xəbərinə görə, görüşdə Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatı, Bakı Dağ yəhudiləri dini icması, “Azərbaycan Respublikasında Katolik kilsənin Apostol Prefekturası” dini qurumu, Avropa Yəhudilərinin Bakı dini icması və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının rəhbərləri iştirak ediblər.
İcmanın İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirib ki, dünyada baş verən terror hadisələrinin fonunda Azərbaycanda stabillik hökm sürür.
O qeyd edib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını hələ də işğal altında saxlayır: "Hələ işğaldan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif dini icmaların nümayəndələri mehriban şəkildə yaşayıblar. Ermənilər 1992-ci ildə Şuşa şəhərini işğal etdikdən sonra oradakı rus-pravoslav kilsəsini erməni kilsəsinə çeviriblər. Digər tərəfdən, Şuşadakı tarixi "Mamayi" məscidindən kilsə kimi istifadə edib, orada dini ayinlər icra edirlər. Bundan əlavə, xristian-katolik kilsələri də erməniləşdirilib. Ermənistan özünü "birinci xristian ölkəsi" kimi dünyada tanıtmağa çalışır. Özünü belə hesab edən dövlətə məscidləri, kilsələri dağıtmaq yaraşarmı? Azərbaycan müxtəlif dini icmalara, o cümlədən ermənilərə aid abidələri qoruyub saxladığı halda, ermənilər işğal altında olan ərazilərimizdə xalqımıza aid qədim məscidlərimizi, qəbiristanlıqlarımızı, ziyarətgahlarımızı dağıdırlar".
T.Gəncəliyev dini icma rəhbərlərini ermənilərin bu vandalizim aktlarına səssiz qalmamağa çağırıb.
Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası pravoslav dini təşkilatının keşişi Konstantin Pominov bildirib ki, ermənilər Şuşada yerləşən rus-pravoslav kilsəsinə müdaxilə etmələri barədə onları məlumatlandırmayıblar: "Qarabağ Azərbaycan torpağıdır. Qarabağ, İrəvan xanlıqları olub. Dağlıq Qarabağdakı rus-pravoslav kilsələri də Rus Pravoslav kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına tabedir".
O xatırladıb ki, ermənilər Yaxın Şərqdə, Bizans imperiyasının tərkibində yaşayıblar.
Görüş müzakirələrlə başa çatıb.