340
11:15
10 Aprel 2019

Deputat: "Guya onların 70 min manatını mənimsəmişəm" - MÜSAHİBƏ

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mirkazım Kazımovun ONA -ya müsahibəsi
- Mirkazım müəllim, bəzi bölgələrin seçiciləri parlamentdə onları təmsil edən deputatın üzünü aylarla görə bilmir. Sizcə, deputat-seçici münasibətləri necə olmalıdır? Seçicilərinizin yanında tez-tez ola bilirsinizmi? Daha çox hansı məsələlərlə bağlı sizə müraciətlər edirlər?
- Mənim bu sarıdan heç bir problemim yoxdur. Seçicilərimi mütəmadi olaraq qəbul edirəm və onların təkliflərini, şikayətlərini dinləyirəm. Bir neçə il əvvəl seçicilərim mənə əsasən qaz, iş problemi ilə bağlı müraciət edirdilər. Bu məsələlər demək olar ki, ölkə başçısının tapşırığı ilə həllini tapıb. Amma bəzi yerlər var ki, orada qazlaşdırma prosesi hələ tam yekunlaşmayıb. Cənab Prezident də tapşırıq verib ki, Azərbaycanda qazlaşdırılmayan elə bir kənd, bölgə qalmasın. Hazırda ölkəmizdə bu istiqamətdə çox ciddi işlər aparılır. Bu məsələlər də yaxın vaxtlarda öz həllini tapacaq.
Seçicilərim tərəfindən müxtəlif məsələlərlə bağlı mənə müraciətlər olur. Kimsə iş, kimsə xəstəliyi, kimsə yaşayış məntəqəsinin problemi ilə bağlı müraciət edir. Seçicilərimin hamısı ilə münasibətim var. Çalışıram ki, sırf mənim səlahiyyətimə aid olan məsələlərlə bağlı problemləri özüm həll edim. Ancaq elə məsələlər də var ki əhalinin maarifləndirilməsinə daha çox ehtiyac var. Məsələn, deputata onun səlahiyyətinə aid olmayan, sırf icra strukturlarına aid olan məsələlərlə bağlı müraciət edirlər. Təbii ki, deputat sorğu göndərə, vətəndaşın xahişini aidiyyəti orqanlara çatdıra bilər. Ancaq bu o demək deyil ki, məsələnin həlli bununla bitir. Yaxşı olar ki, deputata səlahiyyətləri çərçivəsində həll edə biləcəyi məsələlərlə bağlı müraciət olunsun. Bilirsiniz ki, Milli Məclisin deputatları əsasən qanunvericiliklə məşğuldur. Biz səlahiyyət sahibi deyilik ki, hansısa bir nazirin yerinə cavab verək. Əgər seçici müəyyən problemi ilə bağlı müraciət edirsə, onu müvafiq olaraq həmin nazirliyə yönləndirirəm. Müraciət etdiyim qurumlardan da cavab alıram. Seçicilərimin eləsi var ki, bundan razı qalır, eləsi də var ki, əksinə. Amma hesab edirəm ki, seçici-deputat münasibətləri hər zaman qarşılıqlı hörmət əsasında qurulmalıdır.
- Parlamentin son iclaslarının birində həmkarlarınız qaz və işığa tətbiq olunan limitin ləğv olunması məsələni gündəmə gətirdilər. Sizcə, bu, mümkündürmü?
- Mən iqtisadçı deyiləm. Düzdür, deputat həmkarlarım tərəfindən bu məsələ qaldırıldı və müəyyən təkliflər verildi. Hesab edirəm ki, qaz və işığa tətbiq olunan limitin ləğv olunması məsələsi aktual deyil. Çünki bununla bağlı parlamentə rəsmi sənəd daxil olmayıb. Sadəcə, təkliflər olunub. Hesab edirəm ki, qaz və işığa tətbiq olunan limitin ləğv olunmasına hazırda ehtiyac yoxdur. Əgər cənab Prezident İlham Əliyev tərəfindən məsləhət bilinsə, müəyyən göstərişlər veriləcək və məsələ öz həllini tapacaq.
- Deputatlar bəzən nazirlərdən, komitə rəhbərlərindən şikayət edirlər ki, onları qəbul etmir, qaldırılan məsələlərə baxmırlar. Siz bu barədə nə düşünürsünüz? Siz belə hallarla rastlaşmısınızmı?
- Əslində bu yöndəki iddialar və fikirlərlə də razılaşmıram. Kimisə tənqid etmək, kiməsə irad bildirmək o demək deyil ki, ortada nəsə şəxsi anlaşılmazlıq, soyuqluq və sairə var. Bunlar qətiyyən belə deyil. Əslində kimlərsə bunu belə göstərməyə, insanları səhv istiqamətə meylləndirməyə, yanlış məlumatlandırmağa çalışır, bulanıq suda balıq tutmaq sevdasına düşür. Bu məsələdə də təbii ki, qeyri-peşəkar medianın, "reket" adlandırılan və jurnalistikadan bixəbər "jurnalistlərin" "əməyi" göz qarşısındadır. Onlar daha çox öz şəxsi və cılız maraqları naminə millət vəkilləri ilə məmurlar arasında soyuqluq münasibətlərinin olduğunu cəmiyyətə sırımağa çalışırlar. Amma təbii ki, ağı qaradan seçməyi bacaran insanlar onların toruna düşmür, əsl həqiqətin nədən ibarət olduğunu gözəl bilirlər. Şəxsən mənim millət vəkili olduğum bu illər ərzində hansıa dövlət qurumu və ya dövlət məmuru ilə heç bir problemim olmayıb. Hər zaman onlardan özümə qarşı diqqət, hörmət görmüşəm. Bildiyiniz kimi, nazirlərin hamısı ölkə prezidenti tərəfindən təyin olunur. Ölkə rəhbərinin də seçdiyi adamların hamısı qanunlara tam riayət edir. Ona görə də tutduqları vəzifələrdə oturub işləyirlər. Əgər hər hansı bir məmurun səhvi olursa, çalışır onu düzəltsin. Səhvsiz insan yoxdur. Öz nöqsanlarından nəticə çıxarmayanlar isə ölkə rəhbəri tərəfindən vəzifələrindən uzaqlaşdırılır. Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən daim struktur islahatları aparılır. Son vaxtlar struktur islahatları çərçivəsində gənclərə daha çox yer verilir. Bir neçə nazirliyin, komitənin rəhbəri vəzifəsinə gənc kadrlar təyinat alıb. Mən gənc nazirləri, komitə sədrlərini dəstəkləyirəm. Onlara uğurlar arzulayıram.
- Deputat həmkarlarınızla münasibətiniz necədir?
- Təbii ki, normal. Necə də olmalıdır ki? Bütün həmkarlarımla normal, səmimi münasibətlərimiz var. Aralarında hətta dostluq, yoldaşlıq etdiklərim də var. Yəni bütün həmkarlarıma hörmətlə, ehtiramla yanaşmağa çalışıram, təbii ki, onlar da mənə eyni münasibəti sərgiləyirlər, hamısından razıyam. Milli Məclisdə parta yoldaşım Siyavuş Novruzovdur. Onunla da sıx dostluq münasibətlərim var.
- Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?
- Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla, yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilən dövlət siyasəti nəticəsində Azərbaycan dünyaya yeni və nümunəvi inkişaf modeli təqdim edir. Bu inkişaf modelinin əsas komponentlərindən biri isə təbii ki, konkret hədəflərə və məqsədlərə hesablanan, sosial inkişafı özündə ehtiva edən islahatlardır. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kurs bir daha sübut edir ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır. 2019-cu ilin əvvəlindən başlayaraq isə respublikamızda islahatların əhatə dairəsi daha da genişləndirilib. Təbii ki, görülən işlər, aparılan siyasət göz önündədir. Bu gün istər orta aylıq əmək haqqının yüksəldilməsi, digər sosial müavinətlərin artırılması, qayğıya ehtiyacı olan vətəndaşların problemlərinin həlli istiqamətində atılan addımlar öz real nəticələrini verir və bu, vətəndaşlarımızın sosial rifahının daha da yüksəlməsinə xidmət göstərir. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub və bu islahatlar uğurlu nəticələr verməkdədir.
- Bəziləri iddia edir ki, ölkədə aparılan islahatlar müxalifətin mitinqindən sonra daha da geniş vüsət aldı…
- Hər bir ölkədə sağlam müxalifətin olması yaxşı bir haldır. Çox təəssüflər olsun ki, Azərbaycanda özlərini müxalifət adlandıranlar radikaldırlar. Onların yürütdüyü fikirlər hamısı absurddur. Cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə insanların rifah halının yaxşılaşdırılması istiqamətində daim müəyyən addımlar atılır, göstərişlər və tapşırıqlar verilir. Bütün bunları isə bəzi “müxalifət” qüvvələrinin adına çıxarmaq yolverilməzdir. Məhz bu işlər ölkə başçısının şəxsi təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan hakimiyyəti hər gün daha da şəffaflığa, yeni hədəflərə doğru addımlar atır. Bu gün müxalifətçilər həm də Azərbaycana məxsus dəyərlərin üzərindən xətt çəkməklə məşğuldurlar. Avropanın himayə etdiyi Orduxan, Tural və digərləri sosial şəbəkələrdə təhqir püskürməklə, bizim dəyərləri pozmaqla məşğuldurlar. Bu yolverilməzdir. Hesab edirəm ki, özünü azərbaycanlı hesab edən şəxs bunları etməməlidir.
- Rəhbərlik etdiyiniz “Qasid” firmasının hazırda Bakıda neçə köşkü var?
- Müstəqillik əldə etdiyimiz dövrdə “Qasid” tək firma idi. Mən bu quruma rəhbər gələndə ölkəmizdə 75 qəzet çap olunurdu. Ancaq birdən-birə bu say 350-yə qalxdı. Bəzi qəzet sahibləri mənə deyirdi ki, mənim qəzetimi niyə satmırsan? Ancaq düşünmür ki, mən onun qəzetinin satılmasını ondan çox istəyirəm. Çünki qəzet satılan zaman firmaya da vəsait daxil olur. Ölkəmiz inkişaf etdikcə, yeni köşklər qoyulmağa başladı, rəqabətə davam gətirə bilmədik və müflis olduq. Hazırda “Qasid” firmasının Bakıda heç bir köşkü yoxdur. Firma fəaliyyətini dayandırıb, fəaliyyətimiz yoxdur.
- İşçilərinizin əməkhaqqını vaxtı-vaxtında verə bilirsinizmi?
- İşçilərimizin hamısını ixtisara salmışıq. Hazırda firmanın bir işçisi var, o da mənəm.
- “Qasid”in hazırda neçə qəzetə borcu var?
- “Azərbaycan” və “Yeni Müsavat” qəzetlərinə borcumuz var. Onlar bir neçə dəfə məni məhkəməyə verib. Firmanın hesabına daxil olan vəsait məhkəmənin qərarı ilə həmin qəzetlərə yönləndirilir. “Azadlıq” qəzeti yazır ki, guya mən onların 70 min pulunu mənimsəmişəm. Bir-iki dəfə də firmanın qarşısında piket keçiriblər. Ancaq mən onların qəpiklərinə də əl vurmamışam. Sadəcə, anti-təbliğat aparırlar.
- Son günlər qəzetlərin dövriliyinin azalması müşahidə olunur. Bu sahəyə yaxın adam kimi çap mediası sahəsində baş verənlərə münasibətiniz necədir? Çap mediasının ömrünü baş vurduğu barədə fikirlərlə razısınızmı?
- Açığını sizə deyim ki, bu gün bir çox qəzet bir-birindən köçürür. Bu gün heç kim gedib 10 manat verib, qəzet alan deyil. İnsanlar daha çox internet və saytlar vasitəsilə məlumat alırlar. Bu da qəzetlərin satılmasının qarşısını müəyyən qədər alır. Amma bu gün də qəzet oxuyan insanlarımız var. Mən də qəzet oxumağı sevirəm, daha çox “Azərbaycan” qəzetini oxuyuram. Amma çap mediasının ömrünü baş vurduğu barədə fikirlərlə razı deyiləm.
- Bildiyimiz kimi, gələn il ölkədə parlament seçkiləri keçiriləcək. Seçkilərdə yenidən deputatlığa namizədliyinizi irəli sürmək fikriniz varmı?
- Mən 2000-ci ildən Milli Məclisdə təmsil olunuram. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüyəm. Mənim ictimai-siyasi fəaliyyətimi ölkənin rəhbəri, partiyamın sədri qiymətləndirir. Əgər partiyamın rəhbərliyi məsləhət bilsə, yenidən seçkiyə gedəcəyəm. Əgər məsləhət görməsə, getməyəcəyəm. Çünki mən 4 çağırışdır ki, Milli Məclisin deputatıyam.
- Səmimi danışaq, biznesiniz varmı?
- Qanuna əsasən, Milli Məclisin deputatları bizneslə, sahibkarlıq sahəsi ilə məşğul ola bilməz. Ona görə də mənim heç bir biznesim yoxdur. Mənim, sadəcə, 2 iş yerim var: Milli Məclis və “Qasid” firması.