418
15:09
04 Aprel 2019

İlham Əliyev Rusiyanın sənaye və ticarət nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin səviyyəsinin ildən-ilə yüksəldiyini və bütün sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı müxtəlif istiqamətlərdə, o cümlədən sənaye sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev son illər ölkələrimiz arasında ticarət dövriyyəsinin artmasının önəmini vurğuladı və bu sahədə artıq yaxşı nəticələrin əldə olunduğunu dedi. Dövlətimizin başçısı Rusiya şirkətlərinin Azərbaycanda fəal işlədiklərini və bu şirkətlərin həm investor, həm də podratçı qismində müxtəlif layihələri icra etdiklərini qeyd etdi. Prezident İlham Əliyev maşınqayırma sahəsində də birgə layihələrin olmasından məmnunluğunu ifadə etdi, Rusiya banklarının Azərbaycanda iri sənaye müəssisələrini maliyyələşdirməsinin əhəmiyyətini vurğuladı.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən nazir Denis Manturov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
O, Azərbaycanda Rusiya ilə birgə şirkətlərin fəaliyyət göstərməsinin və ümumi layihələrin həyata keçirilməsinin iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm əsas yaratdığını vurğuladı. Denis Manturov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin ötən ilin sentyabrında Rusiya Federasiyasına səfəri zamanı dövlət başçılarının müəyyənləşdirdiyi kimi iqtisadi əməkdaşlığın konkret sahələrinin inkişafı ilə bağlı fəal iş həyata keçirilir və yeni sahələr, o cümlədən rəqəmsallaşdırma üzrə perspektivlər müzakirə edilir. Denis Manturov iqtisadi əməkdaşlığın inkişafında kibertəhlükəsizliyin önəmini xüsusilə vurğuladı. Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumunun əhəmiyyətinə toxunan rusiyalı nazir Forumda 60-dan artıq Rusiya şirkətinin iştirak etdiyini vurğulayaraq tədbirdə Azərbaycan şirkətləri ilə işgüzar müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.
Görüşdə neft maşınqayırması, kənd təsərrüfatı texnikasının və yük vaqonlarının birgə istehsalı, helikopterlərin servis mərkəzinin yaradılması, dərman istehsalı və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edildi.
Dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.

11:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.