“Dəhşətlə onun solğun üzünə və tüstülənən örtüyə baxıb, qışqırdım...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">III BÖLÜM
27 mart 2019 11:59 (UTC +04:00)

“Dəhşətlə onun solğun üzünə və tüstülənən örtüyə baxıb, qışqırdım...” – Bulud Qaranın gündəliyiIII BÖLÜM

 

 

Əvvəli: http://news.lent.az/news/308927

 

3-cü hissə

 

Qadınla ikinci görüş və birinci siqaret

 

Məni yuxudan telefon zəngi oyatdı. Gözlərim yarıaçılmış halda əlimi uzadıb çarpayımın yanındakı dolabın üstündə qıvrılan telefonumu götürdüm. Ekranda tanımadığım nömrəni görüb, telefonu kənara atdım və yenidən yastığı qucaqlayıb, gözlərimi yumdum. Zəng də kəsildi. Dərindən nəfəs alıb sağ böyrüm üstə çevrilmək istəyirdim ki, zənglər yenidən başladı. Əlacsız halda telefonu götürüb, açdım. Kal səslə az qala bağırdım:

 

- Alo!

 

Bir xanım idi, görüşmək istəyirdi. Deyirdi, mənim nömrəmi ona xalam qızı Gülnar verib.

 

- Mən Gülnarın yaxın rəfiqəsiyəm. Bacı kimiyik. Sizi o qədər tərifləyir ki. Demək olar ki, hər gün sizdən danışır. Deyir ki, Bulud...

 

- Xanım... – onun sözünü kəsib, divar saatına baxdım, - saat 11-dən nahar fasiləsinə on beş dəqiqə qalana qədər boş vaxtım olmayacaq.

 

- Eybi yox, mən nahardan sonra gələrəm.

 

- Nahardan sonra da başqa işlərim olacaq, - tələsik dedim, - sizi ancaq saat 12.45-də qəbul edə bilərəm. 15 dəqiqəlik.

 

- Yaxşı... – o, narazı səslə mızıldandı, - sağ olun.

 

Mən sağollaşmadan telefonu qapadım və yerimdən qalxıb vanna otağına keçdim.

 

***

 

Bir gözüm divar saatında, bir gözüm qapıda, oturub saat 12.45-də gələcək xanımı gözləyirdim. Gecikirdi. Punktual olmayan adamları sevmirəm. Onlar nə özlərinin, nə də görüşəcəkləri insanın vaxtına hörmət etmirlər. Mən söz verib gecikən adamı uzaqbaşı beş dəqiqə gözləyə bilərdim, ondan artığına nə vaxtım, nə də səbrim çatmırdı. Elə buna görə də saat düz 12.50 olanda ayağa qalxıb, telefonumu masanın üstündən götürdüm və otaqdan çıxdım.

 

Mənim indi düz bir saat on dəqiqə boş vaxtım vardı və mən bu bir saat on dəqiqənin ərzində “Sehrbaz”ın əsas ofisinə gedib, Tofiqin müdirindən üzr istəməliydim.

 

Dünən axşam verdiyim qərardan sonra Tofiq, Tofiqdən də çox Surxay məni fikrimdən daşındırmağa çox çalışsalar da, bacarmadılar.

 

Ürəyimin dərinliklərində hiss edirdim ki, əslində Tofiqin işini itirməsinin pərtliyindən çox o qadını düşünürəm, onu görmək, tanımaq üçün can atıram. Bəlkə “yiyə”sindən üzr istəyəndən sonra ondan da şəxsən üzr istəməyə hazır olduğumu desəm, onu görmək fürsətim yaranacaqdı. Düzdür, bir psixoloq kimi bilirdim ki, bu fürsətin yaranması ehtimalı cəmi üç ya da beş faiz ola bilər. Lakin mənim həyatda öz prinsiplərim vardı və mən məqsədə çatmaq yolunda iynə ucu boyda işıq ehtimalından da vəcdə gəlib istədiyini əldə etməyincə sakitləşməyən insanlardan idim.

 

***

 

Maşınım üçün birtəhər boş yer tapıb saxladım. Saçıma adətim üzrə daraq çəkib düşmək istədim. Lakin elə bu anda mənim maşınımın böyrünə yan alıb boş yer axtaran başqa bir maşına görə qapını aça bilməyəcəyimi anlayıb, səbirsiz halda pəncərədən ətrafa boylanmağa başladım. Əsas qapıda dayanmış mühafizəçilərə, şirkətə daxil olan və oradan çıxan adamlara baxa-baxa böyrümdəki maşının çəkilib getməsini gözlədim. Qol saatım artıq 13.41-i göstərirdi. Əsəbi halda sükanı sıxıb, artıq bu dəqiqədən etibarən işə də dönsəm, gecikəcəyimi anladım. Bu vaxt Surxay zəng etdi. Harada olduğumu biləndə hirsindən od püskürdü:

 

- Bu dəqiqə çıx get işinə-gücünə! Utanmır, yekə adamdı, dünən bir kitab söz dedik sənə! Tofiq o işə qayıtmaq istəmir, a kişi, istəmir! Sən niyə gedib orda bizim adımızı batırırsan?

 

O qədər əsəbi idim ki, Surxaya cavab vermədən telefonu yan oturacağa atdım. Surxayın səsi anlaşılmaz qarışıq xırıltı kimi oturacaqdan eşidilməyə başladı.

 

Bu vaxt böyrümdəki maşın, nəhayət, yerindən tərpənib qabağa keçdi. Qapını açmaq imkanım yaranan kimi maşından çıxdım. Elə bu anlarda da gözlərim ofisin pilləkənindən enən qadına sataşdı.

 

İlahi, bu, o idi! Tofiqin ad günündə qarşımda oturan o gözəl və sirli-sehrli qadın! Əsas qapıdan çıxıb sürətlə, məncə bir qədər də əsəbi halda mənim dayandığım səmtə gəlməyə başladı. Ürəyim az qala yerindən çıxacaqdı. Bu nə hal idi düşmüşdüm? Elə bil yeniyetmə oğlan idim. Özümə acığım tutdu. Cəld toparlanıb ona sarı getməyə başladım. Lakin iki-üç addım atmışdım ki, o, maşına oturub oradan uzaqlaşdı. Bir an belə tərəddüd etmədən cəld geri dönüb öz maşınıma oturdum. Həmin anlarda nə öz işimi, nə o qadının “yiyə”sini, nə Tofiqi, nə də böyrümdəki oturacaqda artıq xırıltısı kəsilmiş Surxayı düşünmədən, o qadının sürdüyü maşının arxasınca getdim.

 

Mərkəzi küçələrdən birinə keçəndə gözucu saatıma baxdım. Artıq saat ikini çoxdan keçmişdi, daha dəqiqə və saniyələri hesablamağım da mənasız idi. Bir azdan isə biz onunla artıq şəhərdən kənarda, dəniz sahilinə tərəf gedirdik. Mən mümkün qədər ara məsafə saxlayırdım ki, izlənildiyini anlamasın. Eyni zamanda onu gözdən itirməməyə çalışırdım.

 

***

 

Sahil demək olar ki, boş idi. Uzaqda bir-birindən aralı tək-tük maşınlar gözə dəyirdi. Bir cütlük də əl-ələ verib gəzişirdi. Görünür, hələ təzə nişanlı, ya da sevgili olmuşdular. Yoxsa onlar da maşından kənara çıxmazdılar, özü də belə soyuq və çiskin havada.

 

Qadın da maşından düşməmişdi. Sükan arxasında heykəl kimi donub gözlərini dənizə zilləyərək qalmışdı. Mən hardasa on beş metr aralıda maşınımı saxlamışdım və onda şübhə oyatmamağa çalışırdım. Lakin o, deyəsən, mənim hayımda deyildi. Nə ətrafa baxırdı, nə maşından çıxmağa tələsirdi. Şüşəni açıb, siqaret yandırdım. Gözümü qadından qaçırmayaraq çəkməyə başladım. Bu vaxt onun da siqaret çəkməyə başladığını gördüm. Heyranlığıma bir pərişanlıq duyğusu qarışdı. Heç vaxt siqaret çəkən qadınları sevə bilməmişəm. Ümumiyyətlə, daha çox kişilərə aid sayılan davranışları hər hansı bir qadında görən kimi bütün marağım və istəyim sönür. Qeyri-ixtiyari olaraq əlimdəki siqareti pəncərədən kənara tulladım. Maşından düşüb dənizə sarı addımladım. Artıq qadına tərəf də baxmırdım. Bu dəqiqə o, mənim üçün şəhərdəki tipik qlamur süni kuklalardan birinə dönmüşdü, vəssalam. Dənizlə baş-başa qalıb bir az sinirlərimi sakitləşdirəndən sonra dərhal işə qayıdacağıma ürəyimdə qərar verdim. Elə ürəyimdə də Tofiqi, onun müdiri ola biləcək o kobud arıq-uzun tipi söydüm və qarşıma çıxan boş butulkanı təpiyimlə uzağa atdım. Dönüb qadına sarı baxdığım zaman onun daha siqaret çəkmədiyini gördüm. Başını oturacağa söykəyib yuxulamışdı sanki. Başımı bulayıb istehzayla gülümsədim və sahil boyu adda-budda düzülən maşınlara baxdım. Yəqin ki, hamısında sevgililər vardı. Ya da gizlicə buralara gəlib narkotik çəkənlər. Birdən ağlıma gələn bu son fikirdən diksinib bir də qadına baxdım. Düşündüklərimin yalan olmasını arzulaya-arzulaya sürətlə onun maşınına sarı addımlamağa başladım. Yaxınlaşdıqca anladım ki, doğrudan da yuxulayıb. Həyəcanla qapını açmağa cəhd etdim, lakin içəridən kilidləndiyi üçün açılmadı. Şüşəni döyəcləməyə, çağırmağa başladım:

 

- Eyy! Aç qapını! Aç deyirəm sənə! Ay qız! Ay xanım!

 

O, məni eşidəcək halda deyildi. Demək, doğrudan da narkotik istifadə etmişdi. Qeyri-ixtiyari maşına yaxın yerə göz gəzdirdim ki, siqareti hara atdığını görüm. Lakin yerdə çoxdan buralara atılmış bir-iki əzik enerji içkisi bankasından və nəm salfet tikələrindən başqa heç nə yox idi. Həyəcanla maşının içinə boylandım. Ağlıma ani gələn fikir doğru idi – siqaret kötüyü yan oturacağın üstündə közərirdi. Artıq oturacağın örtüyü də qaralıb yanmağa başlayırdı.

 

- Aç qapını! Eşidirsən? Oyan!

 

Şüşəni döyüb bağırmağımın heç bir mənası yox idi. Qadın min ilin yuxusuna qapılmışdı və oyanmayacaqdı.

 

Dəhşətlə onun halsız, solğun üzünə və yan oturacaqda alışmağa başlayan örtüyə baxıb uzaqdakı maşınlara sarı boylandım. Köməyə çağırdım.

 

- Kömək eləyin! Maşın yanır burda! Ay camaat!

 

Heç kim məni eşitmirdi. Həm məsafə uzaq idi, həm də kimsə mənim hayımda deyildi yəqin ki.

 

Maşının içi isə alov və tüstü ilə dolmağa başlayırdı...

 

(Davam edir...)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184
avatar

Bulud Qara

Oxşar yazılar